ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistana səfəri çərçivəsində xarici işlər naziri Ara Ayvazyanla görüşdə deyib ki, Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi münaqişənin həlli üçün əsas ola bilər.
O bildirib ki, təşkilat üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə dəyişən vəziyyəti yaxından izləyir. İnsan tələfatına görə üzgün olduğunu ifadə edən ATƏT sədri atəşkəs bəyanatının imzalanmasını alqışladığını vurğulayıb: “Bəyanatdakı maddələrin tam reallaşdırılması münaqişənin həllində irəliləyiş üçün zəmin yaradacaq”.
Bununla belə, Ann Linde bəyan edib ki, bir sıra məsələlər hələ tam həll olunmayıb, bu baxımdan, ATƏT öz üzərinə düşən rolu oynamalıdır. Həmçinin, qeyd edib ki, beynəlxalq təşkilatların nümayəndələrinin münaqişə bölgəsinə sərbəst girişinin təmin edilməsi vacibdir.
Ötən 30 ildə münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in vasitəçilik missiyası özünü doğrultmadı. Belə olan halda, A.Linde ATƏT üzərinə düşən hansı roldan danışır?
“Yaxşı olardı ki, ATƏT bunlara qarışmasın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu təşkilat iki ölkə arasında sülhün əldə edilməsində maraqlı deyil: “ATƏT-in sədrinin Cənubi Qafqaz turu çərçivəsində Ermənistanda rəsmilərlə görüşdə Qarabağ məsələsində vacib problemlərin qaldığını qeyd etməsi və ermənilərin statusu ilə bağlı mövqeyi göstərir ki, qurum səmimi deyil. Bu təşkilat iki ölkə arasında sülhün, təhlükəsizliyin əldə edilməsində maraqlı deyil. Bu görüşdə Ara Ayvazyanın Minsk Qrupunu yenidən prosesə cəlb etmək istəyi, status məsələsini qaldırması 10 noyabr və 11 yanvar razılaşmalarının pozulmasına xidmət edir. Görünür, Nikol Paşinyanın imza atdığı sənədlərə öz komandası qarşı çıxır. Xüsusilə xarici işlər naziri A.Ayvazyanın tutduğu xətt birbaşa Paşinyanın siyasətinə zidd olaraq mövcud razılaşmaların əleyhinə gedir. Ayvazyanın Kremldən asılı olduğu, birbaşa Rusiya XİN rəhbəri Sergey Lavrovun təlimatı ilə danışdığı şübhəsizdir. Paşinyanın mövcud üçtərəfli razılaşmalara qarşı çıxan xarici işlər nazirini istefaya göndərməsi mümkündür. Çünki, konkret şəkildə, onun siyasəti birbaşa revanşist müxalifətin mövqeyi ilə paralel şəkildə davam edir. Bu da rəsmi İrəvanın mövqeyi kimi dəyərləndirilir. Azərbaycan XİN erməni xarici işlər nazirinin açıqlamalarına sərt mövqe ortaya qoymalı, mövcud razılaşmalar yerinə yetirilməyəcəksə, rəsmi Bakının daha ciddi tədbirlərə əl atacağını elan etməlidir. Xüsusilə erməni nazir Ayvazyanın Qarabağa, ermənilərin kompakt yaşadığı əraziyə girişinə icazə verməməlidir. Ermənistan xarici işlər nazirinin Qarabağla bağlı mövqeyi, Minsk Qrupunun fəaliyyətini önə çəkməsi bu ölkədə hökumətdə yekdil siyasi mövqeyin olmamasından irəli gəlir. Bununla da Ermənistan Azərbaycanla əlaqələrin bərpasından irəli gələn müddəaları yerinə yetirməməklə, blokada vəziyyətində qalmağını tərcih edir. ATƏT yaxşı olardı ki, Abxaziya və Cənubi Osetiya ilə bağlı Gürcüstanın problemlerilə məşğul olsun. Qarabağ problemi bitib, digər məsələlər Azərbaycanın daxili işidir. Yaxşı olardı ki, ATƏT bunlara qarışmasın”.
Politoloq onu da qeyd etdi ki, ATƏT-in hər hansı bir fəaliyyəti Qarabağ məsələsinə xeyir verməyəcək.
Vidadi ORDAHALLI