“İlk növbədə mülki şəxslərin bugünə qədər davam edən mənasız ölümlərini dayandırmaq lazımdır. Yəqin ki, İkinci Qarabağ müharibəsində bombalanma zamanı 100-dən çox mülki vətəndaşın öldüyünü, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərdəki yaşayış binalarının dağıdıldığını bilirsiniz. Ancaq ən dəhşətlisi budur ki, müharibə bitdikdən sonra da insanlar torpaqlarımıza sözün əsl mənasında səpilən minaların partlaması nəticəsində ölməyə davam edirlər”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın “Nezavismaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, mütəxəssislərin ən optimist proqnozlarına görə, azad edilmiş torpaqların tam minalardan təmizlənməsi 10 ildən 15 ilə qədər davam edə bilər və əhəmiyyətli maddi sərmayələr tələb edəcək: “Azərbaycan tərəfi isə, ən müasir avadanlıqlardan istifadə edərək, minaaxtaranlarını mümkün qədər qoruyur. Rusiya sülhməramlıları da bu təhlükəli işdə bizə kömək edir, onlardan biri də bir müddət əvvəl minaya düşərək həlak oldu, digər bir neçəsi isə yaralandı. Bu işə türkiyəli mütəxəssislər də cəlb olunur. Ancaq eyni zamanda, erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir”.
Xatırladaq ki, bu günlərdə Ağdam rayonunda daha 6 mlki şəxs minaya düşüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir: “Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir. Martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər. Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.
Bəlli ki, azad edilmiş ərazilərə icazəsiz gedişlərin insanların həyatı üçün təhdid yaratmasında erməni tərəfinin də günahı az deyil. Ümumiyyətlə, müharibənin başa çatmasından xeyli vaxt keçsə də, minalanmış ərazilərlə bağlı problemlər davam edir. Bunun ümdə səbəblərindən biri də odur ki, müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir. Bununla da Ermənistanın ciddi hüquq pozuntusuna yol verməsi, müharibə cinayəti törətməsi beynəlxalq miqyasda da xüsusi qabardılır. Məsələn, Fransanın “Mediapart” portalı yazır ki, beynəlxalq hüququn tələbinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Qeyd olunur ki, Ermənistan insan ölümü ilə nəticələnən bu davranışını dayandırmalı və minaladığı zonaların yerini göstərməlidir: “Ermənistan Azərbaycanın minalanmış ərazilərinin yerini göstərməkdən imtina etməklə beynəlxalq hüququ pozur. Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı ərazilərdə basdırdığı minalar indiyədək xeyli sayda mülki insanın ölümünə, 60-dan çoxunun isə yaralanmasına səbəb olub. Ermənistanın minaların xəritəsini verməkdən imtina etməsi Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, müharibədə məğlub olan dövlət minalanmış ərazilərin xəritəsini qələbə qazanmış ölkəyə təqdim etməlidir. Ermənistan isə bundan imtina edir və insanların həyatını təhlükə altında qoyur”.
Onu da xatırladaq ki, bu ayın əvvəlində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında məsələ ilə bağlı qətnamə də qəbul edilib. “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib. Qətnamədə Azərbaycan tərəfinin 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub. Amma Azərbaycan tərəfində saxlanılan erməni əsirlərin məhz 9 noyabr tarixli Bəyanatın imzalanmasından sonra, yəni müharibə sonrası həbs olunduğu, buna görə də onların hərbi əsir deyil, terrorçu kimi qəbul edildiyi vurğulanıb. Qətnamədə, eyni zamanda, İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.
Ekspertlər də bildirir ki, Ermənistanın əraziləri minalayıb qaçması, yaxud minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməsi təkcə ölkəmizə yox, ümumilikdə insanlıq əleyhinə cinayətdir. Qeyd edildiyi kimi, bu, beynəlxalq humanitar hüququn kobud pozuntusudur. Konkret olaraq burada Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarını, 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanı pozmuş olur. Bu isə, öz növbəsində, Azərbaycanın Ermənistana qarşı qaldıracağı beynəlxalq iddialarda, tələb ediləcək təzminatın həcmində də öz əksini mütləq tapmalıdır.
Samirə SƏFƏROVA