Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Hadrut qəsəbəsində çıxış edərkən qəsəbənin işğaldan azad edilməsindən danışıb. Prezident bildirib ki, bu, böyük əhəmiyyətə malik olan bir əməliyyat idi: “Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi”.
Dövlət başçısı bildirib ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilib – oktyabrın 17-də: “Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik. Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.
Göründüyü kimi, ölkə başçısı Hadrut əməliyyatı ilə bağlı çox yüksək fikirlər səsləndirib. Maraqlıdır, bəs hərbi ekspertlərin bu əməliyyatla bağlı qənaətləri necədir?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin Hadrut əməliyyatına xüsusi önəm verməsi çox vacib haldır: “Həmin əməliyyat zamanı biz ermənilərin özləri üçün olduqca əhəmiyyətli saydıqları bir şəhəri azad etdik. Hadrut həm də strateji əhəmiyyətliydi. Bizim qoşunlarımız ora hücum zamanı yerli relyefi nəzərə alaraq, xüsusi əməliyyat keçirmişdi. Həmin əməliyyatda, demək olar ki, bütün növ qoşun birləşmələri iştirak etmişdi. Əsasən də bizim xüsusi təyinatlıların ordakı əməyi xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, bizim quru qoşunları və artilleriyanın da rolunu xüsusi qeyd etməliyik. Zirehli texnika oralarda çox çətin hərəkət edir. Şəxsi heyət dağları aşaraq həmin qəsəbəni tutmuşdu. Düşmən Hadrutun itirilməsi ilə barışa bilmir. Biz Hadrutu azad edəndən sonra ermənilər yalan məlumatlar yaymağa başladılar. Uzun müddət Hadrutun güya onların əlində olduğu ilə cəmiyyəti aldatdılar. Hadrutdan ordumuzun çəkilişləri ictimailəşəndən sonra erməni ictimaiyyəti həmin qəsəbənin azad olunduğuna inandı”.
Ekspertin sözlərinə görə, bu əməliyyatlar tarixdə qalacaq və hərb tariximizə qızıl hərflərlə yazılacaq: “Təkcə Şuşa və Hadrut əməliyyatları deyil, ümumilikdə əldə etdiyimiz hərbi nailiyyətlər dünyanın hərbi mərkəzləri tərəfindən öyrənilir. İnanıram ki, onlar yaxın zamanlarda hərbi dərsliklərə düşəcək. Bu əməliyyatlar 5-ci nəsil silahlardan istifadə etməklə baş tutub. Pilotsuz uçan aparatlar vasitəsilə kəşfiyyat işləri aparılıb, məlumatlar cəmlənəndən sonra onlar dəqiq şəkildə artilleriya və digər atəş vasitələrinə ötürülüb. Bu, hərb tarixində bir yenilik idi. Cənab Prezident çox haqlı olaraq Hadrut və Şuşa əməliyyatlarına belə yüksək önəm verir. Artıq Ukrayna da öz ərazi bütövlüyünün bərpasına qalxıb və separatçılara qarşı bizim kimi pilotsuz uçan aparatlardan istifadə edir. Artıq Azərbaycan təcrübəsindən istifadə olunmağa başlanıb. Ukrayna prezidenti öz çıxışlarında qeyd etdi ki, Azərbaycanın 44 günlük müharibədəki uğurları onları da qələbəyə ruhlandırır”.
Məhəmmədəli QƏRİBLİ