Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyana istefa verməyi və toxunulmazlıq təminatı ilə xaricə getməyi təklif etməsi hakim düşərgədə əsl şok effekti yaradıb. Elə bu səbəbdəndir ki, hakim düşərgə sabiq prezidentə qarşı, belə demək olarsa, əsl savaş açıb.
Bu barədə danışmazdan öncə xatırladaq ki, bu günlərdə Ter-Petrosyan ölkədə davam edən daxili siyasi böhrandan çıxış yolunu necə gördüyünü açıqlayıb. Ermənistanın keçmiş prezidentinin fikrincə, həm dövlətin, həm xalqın, həm də baş nazirin özünün mənafeyi baxımından Paşinyan dərhal istefa verməli, parlament tərəfindən onun toxunulmazlıq zəmanətlərinin qanuni təmin edilməsi baş tutmalıdır: “Baş nazir və onun dəstəyi olan siyasi qüvvə, biabırçı məğlubiyyətə görə məsuliyyətdən yayınmaqla yanaşı, dövləti gücləndirmək və gücləndirməklə bağlı narahatlıqları deyil, yalnız güclərini nəyin bahasına olursa-olsun qorumaq üçün açıq şəkildə maneəni rəhbər tuturlar. Cəmiyyətdə hakim qüvvə tərəfindən təşkil edilən növbədənkənar seçkilər vəziyyətində inzibati resursların geniş istifadə edilməsinə laqeyd yanaşmayacaqlarına dair səsləndirilən fikirlərlə də razıyam, nəticədə bütün seçki məntəqələri gərginlik ocağına çevrilə bilər. Bu səbəbdən həm dövlətin, həm də xalqın və şəxsən baş nazirin mənafelərindən irəli gələn yeganə çıxış yolu, fikrimcə, sonuncunun dərhal və könüllü istefası və parlament tərəfindən toxunulmazlığın qanuni təminatlarının verilməsidir, hətta müvəqqəti xarici sığınacaqdır. Bu vəziyyətdə, baş nazirin vəzifələri bitərəfliyi sayəsində ədalətli seçkilərin keçirilməsini təmin edə bilən tərəfsiz baş nazir müavininə həvalə edilməlidir".
Lakin parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan Ter-Petrosyanın təklifini yersiz saydığını bildirib: “Yəqin, birinci prezidentimiz o motivi nəzərdə tutur ki, özü də məlum qüvvələrin tələbi ilə istefaya gedib. Amma bu gün Nikol Paşinyan cəmiyyətin qavramında ilkin mandata malikdir və bundan çıxış edərək hakimiyyət məsələsini erkən seçki yolu həll etməyi təklif edir. Mən görürəm ki, deyəsən, birinci prezident də mahiyyət etibarilə 17 və ya 15 qüvvəyə və onların məqsədlərinə qoşulub”.
Köçəryan Levon Ter-Petrosyana onun özünün hakimiyyətdən necə getdiyini xatırladıb: “Mən çox istərdim ki, birinci prezident bütün seçkiləri və özünün şəxsi istefasının səbəblərini təhlil etsin və ədalətli olsun”. Ter-Petrosyanın prezidentliyi dövründə müdafiə nazirinin müavini olmuş Andranik Köçəryan erkən seçkilərin hakim qüvvə tərəfindən təşkil edildiyi halda ədalətli və azad olmayacağı fikrini də sərt tənqid edib. O, keçmiş prezidentə xatırladıb ki, əslində, 1998-ci ildən bəri Ermənistanda ən ədalətli seçkini elə Nikol Paşinyanın iqtidarı keçirib. Köçəryan əlavə edib ki, Ter-Petrosyanın mövqeyi indi Vazgen Manukyanın mövqeyi ilə üst-üstə düşür. Ədliyyə naziri Rüstəm Badasyan da Levon Ter-Petrosyanın Paşinyanın xaricə getməsinə qanuni şərait yaradılması ilə bağlı təklifinin gülməli olduğunu bildirib: "Hər kəs siyasi reytinqini düşünür. Düşünürəm ki, hər kəs öz siyasi reytinqini rəhbər tutmalıdır. Bu cür açıqlamalar və ya bu kimi mənasız təkliflər siyasi reytinqin yüksəlməsinə kömək etməyəcək". Parlamentin vitse-spikeri Lena Nazaryan da Levon Ter-Petrosyann fikrini şərh edərkən bildirib ki, bu, fərarilik təklifidir və qəbuledilməzdir. Nazaryanın fikrincə, 1998-ci ildə Levon Ter-Petrosyanın özü də istefaya getməməli idi: “Levon Ter-Petrosyan, əslində 1996-cı ildən bəri ilk dəfə olaraq azad və ədalətli seçkidə seçilmiş baş nazirə məsuliyyətdən qaçıb gizlənməyi təklif edir. Başa düşmək istəyirəm, o niyə problemin həlli kimi fərariliyi təklif edir? O düşünmürmü ki, bu variant demokratiyanı, insanların demokratiyaya inamını sarsıdır?!” Nazaryan bildirib ki, Ter-Petrosyanın özü də çox illər bundan əvvəl dövlətin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürməli olduğu halda geri çəkilməyə üstünlük verib.
Xatırladaq ki, Levon Ter-Petrosyan 1998-ci ilin fevralında o vaxtkı baş nazir Robert Köçəryanın, müdafiə naziri Vazgen Sarkisyanın və daxili işlər naziri Serj Sarkisyanın, eləcə də digər Qarabağ separatçılarının təzyiqi ilə istefa verməyə məcbur olub. İndi belə görünür ki, hakim düşərgə, müxalifətlə yanaşı, bir vaxtlar Paşinyanla bir arada olmuş Ter-Petrosyana qarşı da savaş açıb. Bu isə, ekspertlərin fikrincə, Ermənistanda siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bunu erməni ekspert Vasak Darbinyan da istisna etmir. O qeyd edir ki, birinci prezidentin xatırlatdığı çıxış yolu xatirəsində yenə 1998-ci il kabusunu canlandırdı: “O vaxt Ter-Petrosyan istefa verdi və meydanı onun istefasını tələb etmiş kütləyə buraxdı. Bundan sonra nə baş verdiyi hamınıza məlumdur. Paşinyan Ter-Petrosyanın 1998-ci ildə etdiyini etsə, 27 oktyabr terrorunun təkrarlanması qaçılmaz olacaq”.
Nahid SALAYEV