Son illər ərzində Azəraycan silah idxalında keyfiyyət və müasirlik amilini ön plana çıxarmağa başlayıb. Elə bundan irəli gəlir ki, ölkəmiz silah idxalını əhəmiyyətli dərəcədə şaxələndirib və daha müasir texnologiyalar əsasında hazırlanmış silahlar alır.
Xatırladaq ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında da Azərbaycanın silah idxalına xüsusi toxunulub və ölkəmizin müasir silahlaralmasından geniş bəhs edilib. Burada silah məsələsində Azərbaycanın Ermənistandan öndə olduğu bir daha qeyd edilib. O da vurğulanıb ki, son illərdə Ermənistan və Azərbaycan silah idxal edərək hərbi potensiallarını artırıblar. 2016-2020-ci illərdə Ermənistanın silah idxalının 94%-i Rusiyanın, Azərbaycanın silah idxalının isə 64%-i İsrailin payına düşüb. Məsələ ilə bağlı açıqlama verən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmaçısı Aleksandra Kuimova bildirir ki, Azərbaycan son beş ildə İsraildən 100 kamikadze tipli dron olan “Harop” alıb. O qeyd edib ki, SIPRI statistikanı yalnız açıq mənbələrdən götürür və bu rəqəmlər bütün mənzərəni əks etdirməyə bilər: “Açıq mənbələrdə Azərbaycanın Türkiyədən cəmi beş ədəd “Bayraktar” dronu aldığı görünür. Əldə olan rəqəmlərə görə, ümumilikdə son beş ildə Azərbaycan silah idxalını azaldıb. 2016-2020-ci illərdə Azərbaycan silah idxalını 50 faizə qədər azaldıb. Bu azalmaya təsir edən bir amil də Rusiyadan aldığı silahların həcminin azalması olub. Amma əsl səbəbin nə olduğunu bilmirik. Bəlkə də artıq Azərbaycan müəyyən silah ehtiyatını əvvəldən yaratdığı üçün idxalı azaldıb və əlavə silaha ehtiyac görməyib. Digər tərəfdən Azərbaycan daha müasir silahlar alır”.
Aleksandra Kuimova deyir ki, Azərbaycan son beş ildə silahların 17 faizini Rusiyadan alıb. Onun sözlərinə görə, rəsmi Bakı son illər silah aldığı ölkələrin sayını artırıb: “Silahın 17 faizinin Rusiyadan alınması müəyyən qədər böyük göstərici sayıla bilər. Amma Azərbaycan bu ölkələrin sayını artırır. İndi Türkiyədən, İsraildən, Slovakiyadan, İspaniyadan, Belarusdan da silah alır. Azərbaycanın Rusiyadan və başqa ölkələrdən aldığı silahlarla bağlı müəyyən hesablamalarımız var. Bizim hesablamamıza görə, Azərbaycan 2017-18-ci illərdə Rusiyadan 24 “Xrizantema” tank əleyhinə raket kompleksi, 800 ədəd “Xrizantema” tank əleyhinə raket, 76 ədəd BTR 82 A, 12 ədəd TOS1 çoxlüləli raket atıcısı alıb”. SIPRI-nin hesabatına görə, qonşu Ermənistan son beş ildə silahlarının, demək olar ki, hamısını Rusiyadan alıb. Aleksandra Kuimova deyir ki, adətən hökumətlər siyasi münasibətləri nizamlamaq üçün silah alış-verişindən istifadə edirlər: “Dünyada bütün silah alan ölkələr bunu edərkən sadəcə öz silah ehtiyaclarını deyil, siyasi səbəbləri də nəzərə alırlar. Söhbət yalnız siyasi təzyiqdən getmir. Silah alarkən dövlətlər həm də qarşılıqlı münasibətlər yaradır. Odur ki, ölkənin hansı silahı hansı ölkədən, məhz nə səbəbə görə aldığını analiz edib nəticəyə gəlmək çətindir”.
Qurum onu da bəyan edir ki, Azərbaycan son illər müdafiə və təhlükəsizlik xərclərini artırır. Bu il dövlət büdcəsindən müdafiə xərclərinə təqribən beş milyard manat ayrılıb. EləPrezident İlham Əliyev də bu günlərdə bildirib ki, müdafiə xərcləri onun təşəbbüsü ilə artırılır, çünki müharibə vaxtı istifadə olunmuş silah-sursatı əvəz etmək lazımdır. Hazırda Azərbaycan müasir silahların alışını uğurla davam etdirir. Rusiyanın tanınmış hərbi eksperti Mixail Xodaryonok bu fonda bildirir ki, Ermənistan silah məsələsində heç vaxt Azərbaycanla ayaqlaşa bilməz: “Ötən əsrin 80-ci illərində Ermənistanın bəzi dairələri müstəqillik uğrunda mübarizə aparırdı, bu ölkənin elit təbəqəsi də qərbpərəst ovqata bürünmüşdü. Sonra ölkə müstəqil oldu. Bu kiçik, az əhalisi olan, məhdud iqtisadi və hərbi potensiala malik ölkə qarşısında çoxlu problemlərin də durduğu üzə çıxdı. Həmin problemlərin həlli yollarına dair də, görünür, Ermənistanın ali rəhbərlərində belə aydın təsəvvür yoxdur. Müasir ordu saxlamaq, onu modern silah və hərbi texnika ilə təchiz etmək baha başa gəlir. Bəs əhalisi Moskva şəhərinin bircə inzibati dairəsi qədər olmayan Ermənistan bu qədər vəsaiti haradan əldə etsin? Odur ki, mübahisələr qızışıb, o cümlədən Qarabağa da dair – nə edək? İndi qoy Ermənistandakılar həm öz rəhbərlikləri, həm müstəqillikləri barədə özlərinə sual versinlər. Bu müstəqillik problemləri həll etməyə kömək edəcəkmi? Ermənistan rəhbərliyi məsuliyyəti başqasının üstünə yaxmaq üçün davamlı olaraq Rusiya silahlarına qarşı irad bildirir. Gah hava müdafiə sistemləri “qüsurludur”, gah radiolokasiya vasitələri, gah da “İsgəndər” raketləri. Rusiya üçün həm Azərbaycanla, həm də Ermənistanla xoş münasibətlər saxlamağın mühüm olduğu barədə dəfələrlə deyilib də, yazılıb da. Bu 44 günlük müharibəyə kiminsə tərəfindən qarışmaq Rusiyanın nəyinə lazım ola bilər? Görünür, Ermənistanın müəyyən siyasi dairələrində bütün daxili və xarici problemlərini Rusiyanın həll etməyə borclu olduğunu düşünmək köhnə mərəzdir. Lakin əslinə qalsa, Moskvanın İrəvan qarşısında hər hansı borcu yoxdur. Bəli, Ermənistan müttəfiqimizdir, o cümlədən KTMT-də, amma Ermənistanın xətrinə kiminləsə müharibəyə girişmək Rusiya Federasiyasının mənafeyinə uyğun deyil. Azərbaycan Ermənistanla müqayisədə güclü orduya malikdir və yeni silahlar hesabına bu fərq daha da böyüyəcək”.
Ramil QULİYEV