Azərbaycanda siyasi partiya sədrlərinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil ediləcək. Səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil edilir. Səfərin yaxın günlərdə baş tutması gözlənilir.
Fərqli nümayəndə heyətlərinin işğaldan azad edilən ərazilırə səfəri, sözsüz ki, əhəmiyyətlidir. Xarici diplomatlar bu barədə öz ölkələrinə raport edir. KİV nümayəndələri orada gördükləri həqiqətləri dünyaya yayır. Bəs partiya sədrlərinin səfərinin nə kimi əhəmiyyəti olacaq?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, siyasi partiyalar üçün də belə səfərin böyük əhəmiyyəti var: “Biz illərdir ki, Qarabağ davası aparmışıq. Bizim yürütdüyümüz siyasətdə bu amil xüsusi yer tutub. İndi isə həmin ərazilərimiz işğaldan azad edilib. Oralarda baş verən hadisələrin, xüsusilə də erməni vandallarının qoyduqları izlər var. Onlarla əyani şəkildə tanış olmaq çox vacibdir. Bu bizim təbliğatımızda çox önəmli rol oynayacaq. Çünki xarici auditoriyaya yalnız diplomat və jurnalistlərin çıxışı olmur. Biz siyasətçilərin də xarici platformalara çıxışları tez-tez olur. Həmin görüşlərdə biz əldə etdiyimiz və canlı gördüyümüz faktları daha inandırıcı şəkildə çatdıra bilərik. Mən də həmin səfərə dəvət almışam və bunu olduqca əhəmiyyətli sayıram. Hesab edirəm ki, belə səfərlər tez-tez təşkil edilməlidir. Bütün kateqoriya vətəndaşlarımızın həmin mənzərə ilə tanışlığı çox vacibdir”.
Məhəmmədəli QƏRİBLİ