Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Vətən savaşındakı qələbə və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir.
Ölkədə siyasi dialoq və inteqrasiya prosesi dərinləşir. Zatən, partiyalar arasında siyasi dialoq var idi, amma Vətən müharibəsindən sonrə bu, keyfiyyətcə yeni müstəviyə keçdi. Siyasi təşkilatlar arasında inteqrasiya prosesi sürətləndi. Belə ki, 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modeli uğurla həyata keçirildi. Bu baxımdan, YAP-ın qurultayı da cəmiyyətdə milli həmrəylik baxımından öz töhfəsini verir. Bununla bağlı gözləntilər var idi və bu gözləntilər özünü doğrultdu. Hakim partiyanın qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsası qoyulmuş oldu. Bu, Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsinin xəbərçisi sayıla bilər. Onu da vurğulayaq ki, bu gün Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş çoxsaylı partiya var. Bu baxımdan, siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan təşkilatlar üçün daha əlverişli şərait yaradılmasına xidmət edə bilər.
Bütün bunlarla yanaşı, ölkədəki siyasi dialoq və inteqrasiya prosesi fonunda, partiyaların birləşməsi nəyə görə YAP-ın rəhbərliyi altında baş verir? Konsolidasiya mərkəzi yalnız hakim partiyadır. Niyə? Bunun səbəbini ekspertlər necə dəyərləndirirlər?
“Hələ ki, ölkədə güclü müxalifət təşkilatı yoxdur”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bunun səbəbi YAP-ın ən güclü partiya olması ilə bağlıdır: “Əvvəla dialoq məsələsi Azərbaycan müstəqilliyini əldə edəndən bəri gündəmdə olub. Hətta biz təşkilat olaraq hər seçki dönəmində monitorinq apararkən partiyalararası dialoqu tövsiyə edirdik. Azərbaycanda siyasi dialoq müxtəlif dövrlərdə, müxtəlif səviyyədə olub. Əlamətdar haldır ki, son dövrlər siyasi dialoq və inteqrasiya prosesi keyfiyyətcə yeni müstəvidə gedir. İnteqrasiya prosesi ona görə hakim partiya ətrafında gedir ki, siyasi arenada ən güclü təşkilat YAP-dır. Siyasi proseslər elə istiqamətdə gedir ki, hakim partiyaya rəğbət artır. Digər partiyaların həm sosial bazaları zəifdir, həm də başqa imkanları məhduddur. Bu səbəbdən hansısa kiçik partiyalar həmin siyasi təşkilatlarla inteqrasiyada, birləşmədə maraqlı deyillər. Üstəlik, ortada 44 günlük Vətən müharibəsində əldə olunan qələbə faktoru var. Hakim partiyanın başında duran Prezident İlham Əliyevin qələbəni təmin etməsi, liderlik keyfiyyəti inteqrasiyanın YAP ətrafında getməsinə təkan verir. Ancaq belə bir fikir var ki, müxalifət güclüdürsə, iqtidar da güclüdür. Ancaq hələ ki, Azərbaycanda belə bir güclü müxalifət təşkilatı yoxdur. O səbəbdən inteqrasiya prosesi YAP ətrafında gedir. Elə bir güclü müxalif partiya yoxdur ki, digər təşkilatları özünə cəlb edə bilsin. Müxalif partiyaların yaratdığı birliklər özünü doğrultmur, seçkidən sonra dağılır və s. Bu da cəmiyyətdə yaxşı qarşılanmır. Fakt odur ki, diqtə edən siyasi təşkilat hakim partiyadır”.
Professor hesab edir ki, digər partiyaların nüfuzu qalxarsa, o zaman inteqrasiya prosesi həmin siyasi təşkilatlar ətrafında gedə bilər.
Vidadi ORDAHALLI