Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun sabiq birlik komandiri, Milli Qəhrəman Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Silahlı Qüvvələrdə general-leytenant ali hərbi rütbəsinə kimi yüksəlmiş R.Əkbərov Azərbaycanın ən tanınmış hərbçilərindən sayılır.
Hələlik generala hansı maddələrlə ittihamın elan edildiyi məlum deyil. Ancaq ehtimal olunur ki, 20 il öncə Ukraynada qətlə yetirilən Elçin Əliyevlə bağlıdır. Qeyd edək ki, Rövşən Əkbərovun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçib. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi. Həmin cinayət işində Azərbaycanda tanınmış olan bir sıra şəxsin da adı keçir və ehtimal olunur ki, istintaq bu aspektdə gedərsə, onların da məsuliyyətə cəlb edilməsi baş tuta bilər. Maraqlıdır, 20 il əvvəl baş vermiş cinayətlə bağlı hazırda kiminsə məsuliyyətə cəlb edilməsi hüquqi cəhətdən mümkündürmü?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mümkündür: “Elə cinayətlər var ki, onların ictimai təhlükəliliyi daha böyükdür. Onların müddətinin silinməsi mümkün deyil. Nə qədər ki, o cinayəti törədənin şəxsiyyəti haqda heç bir məlumat yoxdur, o qapalı şəkildə qalır. Şəxsiyyəti məlum olunan ana qədər, üstündən hətta 30 il də keçsə, cinayət təqibindən kimsə yaxa qurtara bilməz. Bununla bağlı ciddi, əsaslı məlumat daxil olan kimi müddət yenilənir və təzədən hesablanır. Rövşən Əkbərovun törətməkdə ittiham olunduğu əməl də ağır və təhlükəli sayılır. Bu səbəbdən də həmin müddət yenilənib. Onun cinayətin subyekti olması, yəqin ki, yeni öyrənilib. Bununla bağlı kifayət qədər prosessual əsaslar olduğu üçün məsuliyyətə cəlb edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Cinayətkarlıqla aparılan mühüm məqamlardan biri budur ki, törədilən ağır cinayətlərlə bağlı araşdırmalar arxivə verilmir. Hətta bu cinayətdə generalın adının hallanması belə, obyektiv qərar verməyə mane olmayıb. Hesab edirəm ki, bununla bağlı obyektiv istintaq gedəcək və həmin cinayətdə iştirakı, əli olan hər bir şəxs öz layiqli cəzasını alacaq”.
Məhəmmədəli QƏRİBLİ