Bu il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında Nizamnaməyə dəyişikliklər edilib və dəyişikliyə əsasən, partiyanın Gənclər Birliyinin Şurası və YAP-ın Qadınlar Şurası ləğv olunub. Hakim partiyada baş verən bu dəyişikliklər ictimaiyyətin diqqətini çəkir və müzakirə olunur.
Ümumiyyətlə, YAP-da həyata keçirilən bu islahatlar hansı zərurətdən doğdu? Bu şuraların ləğvindən sonra gənclərin və qadınların gücünü hansı formalarda yönəltmək mümkün olacaq, bununla bağlı partiyanın hər hansı planı varmı?
“YAP-ın Gənclər Birliyi fəaliyyət göstərir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, YAP hər zaman islahatlara, inkişafa meyllidir. “Yeni Azərbaycan Partiyası həm sıradan bir partiya kimi, həm də hakim partiya olaraq öz üzərinə düşən məsuliyyəti həmişə dərk edir. Ona görə də dəyişən şəraitə uyğun olaraq, həmişə öz fəaliyyətində, eyni zamanda, strukturunda müvafiq dəyişikliklər edir. Bunun nəticəsidir ki, VII Qurultayda Siyasi Şura ləğv edildi və onun yerinə daha geniş, əsasən yeni simalardan ibarət olan yeni bir idarə heyəti yaradıldı. İcra Katibliyi ləğv edilərək mərkəzi aparat formalaşdırıldı və sair. Eyni zamanda, gənclərlə və qadınlarla iş məsələsi xüsusi olaraq diqqəti çəkir. Qadınlar Şurası ləğv olundu, bununla bağlı yeni təşkilati forma olacaq və bu barədə əlavə məlumat veriləcək”.
YAP-ın Gənclər Birliyinin ləğv edilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən A.Mirzəzadə “Gənclər Birliyi ləğv edilməyib, YAP-ın Gənclər Birliyi fəaliyyət göstərir. Əvvəlki sədr dövlət qulluğuna getdiyinə görə müəyyən bir müddətdə sədr vəzifəsi boş idi, amma nizamnaməyə əsasən, Gənclər Birliyinin sədri partiya sədri tərəfindən təyin edilir. Bu günlərdə gənc bir YAP-çı partiya sədri tərəfindən Gənclər Birliyinin sədri vəzifəsinə təyin edildi. Eyni zamanda da mərkəzi aparatda da dəyişikliklərin olması tamamilə gözləniləndir. Çünki partiya qərarları, sədrin çıxışından irəli gələrək, yeni bir forma, yeni strukturların da olması tamamilə mümkündür” - deyə A.Mirzəzadə vurğuladı.
İradə SARIYEVA