Son illər dəbə minən sosial media sahələrindən biri blogerlikdir ki, kim istəyir, əlinə kamera alıb istədiyini çəkir, ictimailəşdirir. Hətta bir çoxu bunu mobil telefon vasitəsilə edir, çəkdiklərini anındaca sosial şəbəkələrə, internet platformalarına yerləşdirir.
Blogerliklə məşğul olan insanlarla bağlı müəyyən söz-söhbətlər, yanaşmalar mövcuddur. Cəmiyyətdə belə söhbətlər dolaşır ki, blogerliklə məşğul olan şəxslər arasında reketçilik edib vəzifəli şəxslərdən pul alanlar da az deyil. Bəzi hallarda isə vəzifəli şəxslərdən istədikləri məbləği qopara bilməyəndə onlara qarşı şər-böhtan, şantaj kampaniyasına keçirlər. Hətta qarşı tərəfə hədə-qorxu gəlib pul istəyənlərin də az olmadığı deyilir.
Buna nümunə üçün özünü bloger kimi qələmə verən və bu günlərdə həbs edilən Ata Abdullayevin adını qeyd edirlər. A.Abdullayevin vəzifəli şəxsləri şantaj edərək, onlardan külli miqdarda vəsait aldığı və bu səbəbdən də tutulduğu bildirilir.
A.Abdullayev nümunəsi də onu göstərir ki, blogerlik sahəsini başlı-başlı buraxmaq lazım deyil və ümumiyyətlə, blogerlik fəaliyyətinin tənzimlənməsi vacibdir.
Ekspertlər deyirlər ki, əslində, bir çox bloger bu adın kölgəsində gizlənib reketçiliklə məşğul olur və şantaj, hədə-qorxu yolu ilə pul qazanır. Amma bu gün baş verənlər belələrinin iç üzünün açılmasına şərait yaradır, kimin kim olduğu üzə çıxır.
“Bloger istintaqçı deyil, ittihamçı deyil, reket də deyil, olmamalıdır, amma indi fikir verirsən ki...”
Məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədr müavini, tanınmış media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, əslində, media nəzəriyyələrində bloger, sosial şəbəkə istifadəçisi, jurnalist, freelancer (sərbəst çalışan) və digər kateqoriyalı xəbər istehsalçıları, yayımçıları barədə konkret standartlar var. “Bu günün problemi oradan başlayır ki, indi bu müxtəlif kateqoriyalar arasındakı sərhədlər aradan qalxır, biri digərinin sahəsinə daxil olur. Amma əsas problem ondadır ki, başqasının sahəsinə daxil olanlar gəldikləri sahənin standartlarına hörmət etmək, bu standartlara uyğunlaşmaq əvəzinə, gəldikləri yerdə “öz standartlarını” tətbiq etməyə çalışırlar, qarışıqlıq yaradırlar. Blogerlər də bu sırada kifayət qədər geniş yer tutan qrupdurlar. Blog, əslində, texniki bir müstəvi olmaqla, fərdlərə özünü ifadə üçün şərait yaradır. Klassik blog-un mahiyyəti "onlayn gündəlik"dir, şəxsin, fərdin, mütəxəssisin öz düşüncələrini, fikirlərini, hadisələrə münasibətini qeyd etməsi üçün platformadır. Amma bu gün bəzi blogerlər bu çərçivəni aşırlar, media sahəsinə daxil olurlar, özlərini bloger adlandırır, əslində, jurnalist fəaliyyəti ilə məşğul olurlar. İndi əksər blogerin fəaliyyəti freelancer jurnalistlərin fəaliyyəti ilə üst-üstə düşür: “araşdırma aparırlar”, başqalarından müsahibələr götürürlər, açıqlamalar alıb paylaşırlar və sair. Yəni, bir növü, kütləvi informasiya istehsalçısı və yayıcısı kimi çıxış edirlər. Amma təəssüf ki, burada KİV haqqında standartları, jurnalist kodeksini nəzərə almırlar, özlərinin “standartlarını” tətbiq edirlər. Davranışlarına baxırsan, görürsən ki, müsahibə müttəhim kimi yanaşırlar, özlərini istintaqçı-müstəntiq kimi aparırlar; bəzən cinayət işi yürüdən prokuror kimi davranırlar, bəzən də başqaları haqqında təhqir, böhtan dolu, uydurulmuş material yayırlar. Hansı ki, nə jurnalist, nə də xəbər istehsalçısı belə davranmamalıdır, xəbər istehsalçısının standartları başqadır. Bloger istintaqçı deyil, ittihamçı deyil, reket də deyil, olmamalıdır, amma indi fikir verirsən ki, özünü bloger adlandıranların əksəriyyəti belə davranır. Bu sahənin nəzarətsiz qalması problemlərə yol açıb və açmaqda davam edir. Fikrimcə, səliqə-sahman yaratmağın zamanı çoxdan çatıb” - deyə M.Ələsgərli qeyd etdi.
İradə SARIYEVA