Ermənistanda davam edən siyasi böhranın hansı nəticələrlə yekunlaşacağı bu gün, Azərbaycan da daxil olmaqla, digər region ölkələrinin xüsusi diqqət mərkəzində yer alır. Azərbaycan üçün, təbii ki, bu, ötən il noyabrın 10-da imzalanmış sazişin icrası baxımından daha çox maraq doğurur. Rəsmi Bakı tarixə qovuşmuş Qarabağ münaqişəsindən sonra regionda qalıcı sülhün mövcudluğu üçün 10 noyabr bəyanatının bütün müddəlarının razılaşdırılmış şəkildə icrasında maraqlıdır.
Bakı və Moskvanın mövqeləri tam uzlaşır
ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı dövr ərzində regional əməkdaşlığın qurulması və inkişafına daha çox diqqət yetirdiyini diqqətə çatdırdı. Bu fonda yenə, 10 noyabr bəyanatında təsbit edildiyi kimi, regionda kommunikasiyaların bərpası və yenilərinin yaradılmasının Azərbaycanın maraq dairəsində olduğu dövlət başçısı tərəfindən xüsusi qeyd edildi: “Kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.
Azərbaycan geniş əməkdaşlıq platformasının yaradılması üçün Zəngəzur dəhlizinin işə salınmasını vacib sayır. Düzdür, Ermənistanda müəyyən qüvvələr bu sahədə əməkdaşlığı mümkünsüz sayıb onun əleyhinə iş aparır, Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma xatırlatmaq lazım gəlir ki, Ermənistan bununla bağlı üzərinə konkret öhdəliklər götürüb və dəhlizin reallaşmasını əngəlləmək iqtidarında deyil. Digər tərəfdən, bu dəhlizin çəkilməsi artıq Rusiya, Türkiyə kimi böyük güclərin də xüsusi maraq dairəsində yer alır. Bundan əlavə, məlumatlara əsasən, dəhlizin çəkilişi və təhlükəsizliyi üçün Zəngəzura rus ordusu yerləşdirilir. Hətta bu günlərdə Zəngəzurun Sisyan şəhərinin ətrafında yeni Rusiya hərbi bazasının yerləşdirildiyi barədə fotolar yayılıb. Rusiyanın “avia.pro” saytına məlumat verən mənbələr orada bir neçə yüzə qədər Rusiya hərbçisinin yerləşdirildiyini deyib. Ermənistanda ikinci Rusiya hərbi bazasının yerləşdirilməsi barədə bu günlərdə müdafiə naziri Vaqarşak Arutyunyan da danışmışdı. O bildirmişdi ki, 102-ci Rusiya bazasının genişləndirilməsi və onun qüvvələrinin bir hissəsini ölkənin cənubunda, Zəngəzur vilayətində yerləşdirmək barədə müzakirələr gedir. Baş verənləri Ermənistanda əsas etibarı ilə millətçi qüvvələr mövcud hakimiyyətə qarşı istifadə etməyə çalışır. Bu zaman onlar Rusiyanı da hədəfə alır. “Sasna tsrer” terrorçu qruplaşmasının üzvlərinin İrəvan küçələrindəki növbəti yürüşü bunun əyani təsdiqidir. Yürüş iştirakçıları bildirir ki, onlar Rusiyaya qarşıdır, Qərbin tərəfdarlarıdır: “Rusiya işğalçıdır, Ermənistanı işğal edib. Və Qarabağ müharibəsində Ermənistana kömək etməyib. Biz Avropanı istəyirik, Qərbi istəyirik, sivilizasiyanı istəyirik”. Bunlar fonunda “vestikavkaza.ru” portalı yazır ki, Moskva artıq Ermənistanda belə qüvvələrlə bağlı konkret addımlar atılmasını rəsmi İrəvandan tələb etməli, eyni zamanda regionda əməkdaşlıq üçün kommunukasiyaların reallaşması istiqamətində fəaliyyətini genişləndirməlidir: “Moskvada İrəvana Ermənistan paytaxtının mərkəzində maneəsiz izdihamlı təntənəli yürüşlər keçirən “Sasna tsrer” kimi terror və rusofob partiyalarının fəaliyyəti ilə bağlı ciddi suallar var. Qaregin Njdenin simasında nasist cinayətkarlarının qəhrəmanlaşdırılması aradan qaldırılmayıb. Ermənistan Respublikasının hələ Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti vaxtı tətbiq edilən, daha sonra Nikol Paşinyanın dəstəklədiyi “sexakronizm”dən (Ermənistanda şovinist siyasət) qidalanan ideoloji bağlar Ermənistan-Rusiya ittifaqı ilə bir araya sığmır”.
Kremldən İrəvana ünvanlanan sərt suallar artır
Hadisələrin real gedişi qarşıdakı dövr ərzində də Azərbaycan və Rusiyanın regionda eyni mövqedən çıxış edəcəyini istisna etmir. Bunu şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın Rusiya üçün regionda real mütəffiq ola biləcəyini əməldə göstərməsidir.
Ermənistana gəlincə, bu ölkədə əsas etibarı ilə sözdə Rusiya strateji mütıffiqdir. Reallıq isə bunun tam əksinədir. Elə “vestikavkaza.ru” portalı da məsələyə məhz bu prizamadan yanaşır: “Rusiya tərəfi Qərbdəki erməni diasporunun Ermənistan dövlətinin idarə edilməsindəki fəal rolu ilə bağlı İrəvana ünvanlanacaq xeyli suallar toplayıb. Erməni diaspor təşkilatlarının lobbiçiləri eyni vaxtda Rusiyaya qarşı fəaliyyət göstərirlər. Amerikanın Erməni Milli Konqresində çalışan konqresmenlərin fəaliyyəti ilə tanış olmaq kifayətdir.
Ermənistan Xarici İşlər Nazirliyinin Aleksey Navalnı işi ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiya tətbiq olunması fikrini dəstəkləyən Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın antirusiya açıqlamaları barədə bir söz deməməsi də üzücüdür. Xatırladaq ki, Balayan Niderlandda nəşr olunan “Weekblad Elseveir” nəşrinə verdiyi müsahibədə haqsızlıqları və əsassızlığı qınamaq əvəzinə Rusiya əleyhinə “Navalnı sanksiyaları”nı layiqli presedent nümunəsi kimi qeyd edib. İndi Baqramyan prospektində etiraz aksiyasına toplaşanların bəzilərinin fikrincə, erməni mənşəli məşhur rus komediya ustası Mişa Qalustyanın sözləri ilə desək, Moskva kiçik, viran qoyulmuş Ermənistanı “başa düşməli və bağışlamalıdır”. İrəvan sakini Aram Quqaryan bildirir: “Ermənistan üçün çıxış yolu Qərblə oyunlardan imtinadır və Rusiya Federasiyasının tərkibinə qeyri-müstəqil şəkildə daxil olmağa qədər əsaslı inteqrasiyadır”. Bunun nə qədər səmimi etiraf olduğunu erməni cəmiyyətinin antirusiya və antitürkiyə genlərinin yerləşdiyi Qərbdən gətirilən millətçi ideologiyanı yenidən düzəltmək üçün real səylər nümayiş etdirməsi göstərəcək. Pravoslavlarda günahların şüurlu gizlədilməsi və ya Allah qarşısında səmimi peşmanlığın yoxluğu zamanı tövbə qəbul edilmir. Ermənistanın belə qüvvələrinin bugünkü peşmanlığı səmimidirmi, yoxsa o, Dağlıq Qarabağda yenidən qan tökülməsi haqqında gizli revanşizmdən və xəyallardan irəli gəlib? Bununla bağlı suala cavab Kremlin yüksək qüllələrindən daha yaxşı görünür. Hələlik müşahidə olunmayan İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının nəticələrindən sonra regional sabitliyi, inamı və çoxtərəfli əməkdaşlığı bərpa etmək üçün aktiv hərəkətləridir. Halbuki, bu aktiv hərəkətlərin olmasını Rusiya istəyir və burada onun mövqeyi Bakı il üst-üstə düşür". Portal yazır ki, Azərbaycan regional əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlıdır və real addımlar atır. Rusiya da bu prosesdə Bakının mövqeyini dəstəkləyir. İndi prosesdə yeganə problemli tərəf Ermənistandır. Amma Ermənistanın əməkdaşlıq xüsusunda ciddi müqavimət göstərmək imkanı da yoxdur. Əks halda o, təkcə Azərbaycanı yox, Rusiyanı da qarşısına almış olacaq. Bu da İrəvan üçün intihara bərabər haldlr.
Erməni xəyanəti Rusiyanı Azərbayacana doğru istiqamətləndirir
Real vəziyyətin təhlili göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycan Rusiyanın Qafqaz regionunda bütün mühüm istiqamətlər üzrə partnyorluq edə biləcəyi əsas tərəfdaş statusunda çıxış edəcək. Xatırladaq ki, artıq iqtisadi müstəvidə tərəflərin əlaqələri yüksək səviyyədədir.
Siyasi kontekstə gəlincə, Qarabağ münaqişəsinin həllindən sonra Bakı və Moskavanın münasibətləri əvvəlki ilə müqayisədə daha yüksək mərhələyə qədəm qoyub. Ermənistanda isə, hakimiyyət də daxil olmaqla, siyasi qüvvələr arasında Rusiyaya birmənalı münasibət yoxdur. Əksinə, burada Rusiyanın Qərb və ya digər qüvvələrlə əvəzlənməsi məsələsi getdikcə ön plana çıxır. Bunu rusiyalı politoloq Oleq Kuznetsov da xüsusi olaraq vurğulayır: “2018-ci ilin mayında “Qarabağ klanı”nın hakimiyyətinin devirilməsindən bəri Ermənistanın xarici siyasətində rusiyapərəst bir vektor olmayıb. Son illərdə Ermənistanın xarici siyasətinin Rusiya istiqamətində görülən işlərin hamısı ölkəni Rusiyanın təsirindən çıxarmaq prosesini davam etdirmək üçün zahiri kompromis addımların axtarışıdır. İrəvanda Rusiya tərəfindən yaradılan, onun hesabına maliyyələşdirilən, lakin nəticədə ən intellektual erməni gəncliyinin antirus düşüncə mərkəzinə çevrilən Rus-Erməni Universiteti ilə bağlı vəziyyəti xatırlamağı təklif edirəm. Bu təhsil müəssisəsindəki rusofobiya elə bir səviyyəyə çatdı ki, bundan sonra Rusiya hökuməti bu layihədən çıxdığını və maliyyələşdirilməsinə son verdiyini bildirdi. Çox təəssüf ki, bu yalnız 2021-ci ilin fevralında baş verdi. Ancaq o zamana qədər Kreml bu alətinin Ermənistanda iflasından xəbərsiz idi.
Erməni generallarının Paşinyanla qarşıdurmada məğlub olması Rusiyanın nüfuzunun bu ölkədən sıxışdırılmasının başqa bir addımıdır. Tamamilə bütün erməni zabitləri və generalları Rusiyanın hərbi hazırlıq məktəbini keçiblər, lakin öz bilik və bacarıqlarının dəyərsizliyini müharibənin yeni texniki imkanları qarşısında göstərdilər ki, bu da özlüyündə erməni cəmiyyətinin gözündə Rusiya mənəvi nüfuzuna çox ciddi bir zərbədir. Erməni generalları korporativ və şəxsi səviyyədə rus generalları və yüksək rütbəli zabitlərlə çox sıx əlaqədə idilər. Onların xidmətdən kənarlaşdırılması avtomatik olaraq Ermənistan və Rusiyanı birləşdirən daha bir siyasi bağın qırılması deməkdir”. Ekspert bildirir ki, Rusiyadakı erməni diasporu Rusiya ilə Ermənistan arasındakı münasibətlərin siyasi şkalanın mənfi diapazonuna keçməsi üçün hər şeyi edir: “30 milyon dollar toplayaraq Köçəryana generallara rüşvət vermək və Ermənistandakı tərəfdarlarına paylamaq üçün verdilər. Məqsəd indi acı finalını yaşadıqları generalitet böhranını alovlandırmaq idi. Paşinyan hərbi çevriliş təqlidindən qorxmadı və ordunu özünə tabe etmək və bununla da Rusiya ilə bütün qeyri-rəsmi hərbi-siyasi əlaqələri kəsmək üçün əla bir şans qazandı. Bu proses 2018-ci ilin yayında keçmiş KTMT Baş katibi Yuri Xaçaturovun həbsi ilə başladı, bu il son akkordlar səsləndirilir. Mexanizm işə düşüb və indi növbəti addım, məsələn, Rusiyaya silah krediti üçün ödənişdən imtina ola bilər və təbii bir son olaraq - Rusiya Müdafiə Nazirliyinin 102-ci bazasının Ermənistanda yerləşməsinə dair razılaşmanın pozulması ola bilər. Bunu 2007-ci ildə Mixeil Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan nümunəsində gördük. Ancaq erməni diasporunun Rusiya hakimiyyətinə qarşı bu mövqeyi yeni deyil, onlar ənənəvi olaraq qərbyönümlü liberal dəyərlərə sadiq qalırlar və Putin müxalifətinə rəğbət bəsləyirlər ki, bu da Rusiyada heç kim üçün xüsusi bir sirr deyil”. Məhz bütün bunlar fonunda Rusiyanın Ermənistanı arxa plana atıb Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirməsi qaçılmaz sayılır. Azərbaycanla sıx əməkdaşlıq Rusiyanın Qafqazda varlığının davamı üçün əsasdır. Bu şəraitdə Bakı da Qarabağ məsələsində son məqsədinə daha sürətlə yaxınlaşmış olur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.