Bir müddət əvvəl radikal müxalifət təmsilçiləri xaricdəki internet telekanallarında israrla bəyan edirdilər ki, Cozef Bayden prezidentlik vəzifəsinin icrasına başlayan kimi ABŞ-ın Azərbaycana yönəlik münasibəti dəyişəcək. İnsan haqları və Qarabağla bağlı məsələlərdə mütləq hökumətə yönəlik təzyiqlər işə düşəcək. Hətta Azərbaycana yönəlik hansısa sanksiyaların müzakirəsinin gündəmə gələcəyini də iddia edirdilər.
Radikalların sözügedən məsələ ilə bağlı əsas arqumenti ondan ibarət idi ki, Baydenin uzun illərdir erməni lobbisi ilə ənənəvi yaxın münasibətləri var. Prezident seçkilərində erməni diasporu yekdilliklə Baydeni dəstəkləyib. O üzdən, əminliklə deyirdilər ki, ABŞ-ın yeni administrasiyasının Azərbaycana və hakimiyyətə münasibəti mənfi mənada dəyişəcək. Demək olar, 2 aydır Bayden prezident postundadır, amma bu proqnozların heç bir əlaməti özünü göstərmir. O baxımdan, radikalların puç olan gözləntilərini ekspertlər necə dəyərləndirirlər?
“Radikallar ölkənin siyasi gündəmini bir çox dövlətin başçıları dəyişəndən-dəyişənə müəyyən etməyə cəhd göstərirlər”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ABŞ-ın maraqları fərdlər üzərində qurulmur: “Bu il Azərbaycanın müstəqillik əldə etməsinin 30 illiyi ilə əlamətdar olacaq. Bu otuz ildə Azərbaycanı istəməyən qüvvələr insan haqlarını bəhanə edərək ölkəmizə hər zaman təzyiq etməyə çalışıblar. Axı necə ola bilər ki, bir milyon insanın haqqı bu otuz ildə pozulur, bu insanlar öz evindən, doğma ocağından zorla çıxarılır, ağır məhrumiyyətlərə məruz qalırlar, bütün dünya bu dəhşəti, sadəcə, seyr edir?! Eləcə də adını müxalifət qoymuş bir sıra siyasi möhtəkirlər bundan öz konyuktur maraqları üçün istifadə edirlər. Bir milyon insanın acı taleyinə susub, beş-on nəfər insanın siyasi möhtəkirliyini edən bu adamlara siyasətdə yer ola bilməz. Bu insanlar Azərbaycanın siyasi gündəmini bir çox dövlətin başçıları dəyişəndən-dəyişənə müəyyən etməyə cəhd göstərirlər. Hələ başa düşə bilmirlər axı Azərbaycan düz 30 ildir müstəqil dövlətdir və hər gün dünya dövlətləri arasında öz mövqeyini daha da möhkəmləndirir. Biz, əslində, elə çalışmalıyıq ki, bir çox böyük dövlət hansısa formada dövlətimizə siyasi təzyiqlər etməsin. Buna bəhanə verə biləcək addımlardan çəkinməliyik. “Dəmir yumruq” əməliyyati göstərdi ki, birlik olan yerdə zəfər var. Birlik, bərabərliklə hər bir məsələni öz aramızda həll etməyi bacarmalıyıq.
Baydenin Azərbaycana təzyiq edəcəyini düşünənlər getdiyi məkanın yerini bilməyən bir qrup siyasi möhtəkirlərdir. Bu gün millət olaraq iqtidar-müxalifətli bizim üzərimizə düşən bir nömrəli vəzifə yüz minlərlə məcburi köçkünümüzün yurdlarına qayıdışını təmin etmək olmalıdır. Əsas insan haqları müdafiəsini onda təmin etmiş olarıq. İnsan haqlarına qaldıqda, son illər ən çox insan haqlarının pozulduğu ölkələr göz qabağındadır. Elə Amerikada, Avropada yaşananlar bütün dünyanın gözləri qarşısında baş verdi”.
Partiya sədri onu da qeyd etdi ki, dinc insanları güllələyən dövlətlər insan haqlarından başqa dövlətlərə nümunə ola bilməzlər.
Vidadi ORDAHALLI