Fransada yaşayan və daha çox söyüşçül bloger kimi tanınan Məhəmməd Mirzəlinin yaşadığı ölkədə bıçaqlandığı bildirilir. Sosial şəbəkələrdə onun xəstəxanada olan görüntüləri yayılıb.
Çox maraqlıdır ki, bu hadisədən dərhal sonra bəzi radikal dairələr və xüsusilə də xaricdəki blogerlər məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə atmaq istəyiblər. Heç bir dəlil-sübut olmadan belə iddiaları irəli sürmək absurd görünür. Əvvəla, bu hadisə Fransada baş verib və hadisəyə ilkin hüquqi qiyməti məhz Fransa hüquq-mühafizə orqanları və məhkəmələri verməlidir. Hiss olunur ki, hansısa dairələr bu hadisədən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır. Baş verən bu hadisə ilə bağlı ünvan kimi Azərbaycan hakimiyyətini göstərmək hansı məqsəddən xəbər verir?
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində bu cür adamların fəaliyyətinə qiymət vermək heç doğru deyil: “Hadisə baş verib. Bəzi adamlar da bundan sui-istifadə edib, Azərbaycan dövlətinin üzərinə gəlir. Ümumiyyətlə, Azərbaycan dövlətinin belə bir siyasəti yoxdur. Azərbaycan dövləti onu tənqid edən, hətta özünü aşağılayıb təhqirə məruz qoyanlarla belə bu dildə danışmayıb. Azərbaycan hakimiyyətinin belə təcrübəsi olmayıb, indi də olmağına inanmıram. Əgər ortada fakt və dəlil yoxdursa, durduğu yerdə kiminsə Azərbaycan hakimiyyətini tənqid etməsinin özü anormallıqdır. Düşünürəm ki, həmin adamlar əllərinə fürsət keçdiyini zənn edib irəli qaçmasınlar və səbrli olsunlar. Ora Avropa ölkəsidir, ciddi araşdırma aparmaq imkanları var. Sonda bu hadisəyə hüquqi qiymət veriləcək. Bir müddət keçəndən sonra bəlli olacaq ki, hakimiyyətin bu məsələdən ümumiyyətlə məlumatı yoxdur. Bu adam Azərbaycandan imtina edib, neçə illərdi Fransada yaşayır. Azərbaycan dövlətinin onun üzərində hər hansı bir məsuliyyəti yoxdur. Yaşadığı ölkənin onun təhlükəsizliyini təmin etmə ilə bağlı məsuliyyəti var. Nə olsun ki, o, miliyyətçə azərbaycanlıdır. Tələb və şikayətlər Fransa dövlətinə ünvanlanmalıdır. Onlardan tələb olunmalı məsələni Azərbaycandan istəmək sadəcə məntiqsizlikdir”.
Ekspertin sözlərinə görə, bu məsələnin, ümumiyyətlə, Azərbaycana heç bir aidiyyəti yoxdur.
Məhəmmədəli QƏRİBLİ