“Kommunikasiyaların açılması müharibə səhifəsini tamamilə bağlamaq üçün başlanğıc nöqtəsi ola bilər”. Bunu Prezident İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır: “Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür.
Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır".
Vüqar Bayramov: “Kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün formalaşmasına xidmət edə bilər”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kommunikasiyanın inkişaf etdirilməsi işğaldan azad edilmiş ərazilərdə, o cümlədən, Naxçıvan dəhlizinin istifadəyə verilməsi regionda dayanıqlı sülhün formalaşması baxımından vacib hesab edilir: “Nəzərə almaq lazımdır ki, dayanıqlı sülhün formalaşması üçün kommunikasiya əlaqələrinin gücləndirilməsinə ehtiyac var. Digər ölkələrin təcrübəsi göstərir ki, kommunikasiyanın güclənməsi birmənalı şəkildə regional sülhü təşkil edir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz həssas region hesab olunur. Bu səbəbdən də kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün formalaşmasına xidmət edə bilər. Bu da regionun inkişafı üçün xüsusi zəmin formalaşdıracaq”.
Azər Həsrət: “Ermənistan tərəfi Azərbaycanın xoşməramlı çağırışlarına müsbət cavab verərsə, müharibə risqini sıfırlamaq mümkündür”
Siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, Ermənistan tərəfi Azərbaycanın xoşməramlı çağırışlarına müsbət cavab verərsə, müharibə risqini sıfırlamaq mümkündür: “Bəllidir ki, Azərbaycan kifayət qədər gücü olan dövlətdir. İstənilən zaman silaha əl atıb, məsələni həll edə bilər. 44 günlük müharibədən öncə də Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münasibətlərin həllində silahdan istifadənin tərəfdarı deyil. İndiki mərhələdə də ölkəmiz Ermənistanla mülayim danışır, qarşı tərəfə imkan yaradır ki, problemlərin həllində masa arxasında ortaq məxrəcə gələk. Təəssüf ki, Ermənistan bunu anlamır. Bu səbəbdən də ölkəmiz müharibə ehtimalını hələlik gündəmdən çıxarır. Yaxşı olar ki, Ermənistan rəhbərliyi itki verməmək üçün qaydalara əməl etsin”.
Günel CƏLİLOVA