Araşdırmalar göstərir ki, əksər sabiq məmurların övladları xaricdə yaşayır və hətta bir çoxunun Azərbaycan vətəndaşlığı belə yoxdur. Çox zaman bunlar təhsil almaq adı altında edilsə də, sonradan məmur övladlarının ölkəyə qayıtmaması, Azərbaycanın vəsaiti hesabına xaricdə böyük biznes imperiyası qurmalarının şahidi oluruq.
Məsələn, ötən il məlumat yayıldı ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarovun oğlanları Emin və Riyad ABŞ-da yaşayır və zəngin həyat tərzi keçirirlər. Məlumatda həmçinin bildirilirdi ki, sabiq nazirin övladları 2 və 2.5 milyon dollar dəyərində olan mənzillərdə yaşayırlar. Hətta iddialara görə, sabiq nazir və xanımı Kamilə Məmmədyarova da ABŞ-da Riyad Məmmədyarova məxsus evdə müvəqqəti qeydiyyatda olublar. Qeyd edək ki, bu məlumatlar Elmar Məmmədyarovun nazir olduğu vaxtlara aiddir.
Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovanın da xaricdə yaşadığına və hətta bizneslə məşğul olduğuna dair məlumatlar var.
Qeyd edək ki, Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. Fəridə Məmmədova “NAZ” moda evinin sahibidir. Moda evinin Bakıdakı təmsilçisi “NAZ Couture” modalar evidir. Fəridə və Anar Məmmədovlar rəsmi olaraq Azərbaycan vətəndaşı olsalar da, 2018-ci ildən etibarən Londonda yaşayırlar. Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. Asif Əsədzadənin uzun zamandır Bakıya gəlməməsi ilə bağlı müxtəlif iddialar səslənir.
Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov da xaricdə yaşayır. O, 2006-cı ildən Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli, 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alması ilə gündəmə gəlib. Yunis Abbasovun bu mülk üçün 1,4 milyon funt-sterlinq ödədiyi bildirilirdi.
“MTN işi” və Beynəlxalq Bankdakı qalmaqallarla ictimaiyyətin gündəminə gələn Eldar Mahmudov və Cahangir Hacıyevin də ailəsinin Londonda yaşadığına dair məlumatlar var.
Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ölkədən milyardlarla pulu qanunsuz çıxarmaqda ittiham edilərək həbsə atılıb. Onun xanımı Zamirə Hacıyeva Cahangir Hacıyevin həbs olunmasından qısa zaman öncə Londona köçüb və hazırda orada yaşayır. Qeyd edək ki, Zamirə Hacıyeva Londonda bahalı alış-verişlər etdiyi üçün dəfələrlə xarici və yerli KİV-in gündəminə gəlib.
Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricdə yaşayır.
Qeyd edək ki, onun xaricə getməsi kifayət qədər qalmaqallı şəkildə baş vermişdi. Belə ki, İsrafil Abutalıbov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Ülkər Abbasova ilə evli olub.
Sabiq nazir Əli Abbasovun oğlu Eldar Abbasov da xaricdə yaşayır. Qeyd edək ki, Eldar Abbasov “Azərenerji” ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailəlidir. Onlar uzun zamandır Londonda yaşayır. Eldar Abbasov və Dünya Pirverdiyeva Londonda həm də bizneslə məşğul olurlar. Məlumata görə, Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğul olan “INFIPRO LIMITED” şirkətinin sahibləridir.
Sabiq Vergilər naziri Fazil Məmmədovun da övladlarının xarici bağları mövcuddur. Belə ki, Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova da Londonda yaşayır və orada bizneslə məşğul olur.
Qeyd edək ki, Selcanxatun Məmmədova Fazil Məmmədovun ailə şirkəti hesab olunan "Synergy Group" Şirkətlər Qrupuna da rəhbərlik edirdi.
Diasporla İŞ üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da xaricdə yaşayır. Onun xaricdə şəxsi biznesi də var. Kəmalə İbrahimova "DeCamie" moda evinin sahibidir.
Əslində çox acınacaqlı sayılan bir mənzərəni əks etdirən bu cür faktlarla bağlı ekspertlər nə düşünür?
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, dəfələrlə bu barədə olan məlumatlar ölkə gündəmini zəbt edib və bununla bağlı kifayət qədər informasiyalar yayılıb:
“ Bunların Azərbaycandan kənarda böyük bizneslərinin olması ilə bağlı kifayət qədər araşdırmalar ortaya qoyulub. Hətta mülklərin fotoları da yayılıb. Çox təəssüflər olsun ki, bu adamlar vəzifədə işlədikləri dönəmdə də belə məlumatlar tirajlanıb. Söhbət çirkli pulların yuyulmasından gedir. Çünki biz bilirik ki, sabiq məmurların övladları qısa müddət ərzində biznes yolu ilə belə varidata sahib ola bilməzdilər. Araşdırmalarımız göstərir ki, regionların sosial iqtisadi inkişafı konsepsiyası çərçivəsində güya aqrar sahənin inkişafına külli miqdarda vəsait ayrılıb. Nəticədə biz keçmiş kənd təsərrüfatı nazirlərinin övladlarının xaricdə milyonlarının olduğunu görürük. Səbəblər büdcədən oğrulanan pullarla bağlıdır. Regionların aqrar səviyyəsi isə bərbad vəziyyətdədir. Çox təəssüflər olsun ki, bunun fonunda inkişaf edən yalnız həmin sahəyə məsul olan nazirlərin ailə biznesləri olub. Azərbaycan bir sıra beynəlxalq banklardan kredit alıb layihələr həyata keçirir. Həmin bu oğurlanmış vəsaitlər büdcəyə qaytarılsa, heç kredit almağımıza da ehtiyac olmaz. Azərbaycanda elə kəndlərimiz var ki, hələ də qazlaşmayıb. Hamısı bu oğurlanan pulların səbəbindəndir. Hesab edirəm ki, bu cür ciddi faktlarla bağlı cəzasızlığa son qoyulmalıdır. İctimailəşən faktlar bu sahədə ciddi araşdırmalara başlayıb, həmin vəsaitlərin ölkəyə gətirilməsi üçün tam əsas verir”.
Məhəmmədəli QƏRİBLİ