Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, öz hərbçilərini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə 1 mart 2021-ci il tarixində ünvanladığı məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məktubda nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bölgədə qeyri-sabitliyə xidmət edən addımlarına Baş katibin diqqətini cəlb edərək, bu xüsusda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə "Laçın dəhlizi" vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət prosedurlarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı çatdırır. Bu faktın Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olduğu və müstəqil media tərəfindən qeydə alındığı bildirilir. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirilməsinin Ermənistanın beynəlxalq öhdəliklərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və riayət etmək öhdəliyinin kobud şəkildə pozulması halı olduğunu vurğulayır.
Xatırlatmaq istərdik ki, bir müddət öncə nazir Ceyhun Bayramovun Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, sabitliyin pozulmasına yönələn fəaliyyəti, o cümlədən, terrorçu-sabotaj qrupunun Azərbaycan ərazilərinə göndərilməsi, habelə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlarla kütləvi çirklənməsi və Ermənistanın minalanmış ərazilərlə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair BMT Baş katibinə məktubları Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub.
Ceyhun Bayramovun məktubuna BMT səviyyəsində verilən reaksiyanı necə dəyərləndirmək olar?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məzmunda olan sənədin BMT TŞ-nin sənədi kimi dərc edilməsi zəruridir: “Çünki həmin təşkilatın başlıca vəzifələrindən biri dünyada sülhü və təhlükəsizliyi təmin etməkdir. Təəssüflər olsun ki, qurumun qətnamələri bəzən icrasız qalıb. Xüsusilə də Ermənistan qoşunlarının Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə. Azərbaycan öz gücünə həmin qətnamələrin icrasını təmin etdi. İndi də sülhün dayanıqlı olması üçün Ermənistanın bəzi təxribat cəhdlərini ifşa edən sənədlə BMT-ni tanış edir. Əldə olunan üçtərəfli razılaşmaya görə, Qarabağda bir nəfər də olsun erməni yaraqlısı qalmamalıdır. Amma biz bunun əksini görürük. Xüsusilə də humanitar məqsədlərə xidmət edən “Laçın dəhlizi” vasitəsilə Ermənistandan Qarabağa silah, canlı hərbi qüvvə daşınırsa, buna təxribatdan başqa ad vermək olmaz. Bununla bağlı bütün məsuliyyət həmin dəhlizə nəzarət edən rus sülhməramlılarının üzərinə düşür. Ermənistan cəmiyyəti müharibənin şokundan hələ ayılmayıb. Onlar müharibə istəmirlər. Erməni anaları aksiya keçirib deyirlər ki, övladlarının Qarabağda hərbi xidmət keçməsini istəmirlər. Hətta onlar mülki geyimdə keçsələr belə, bu, Rusiya sülhməramlılarını sığortalamır. Bu cür davam edərsə, Azərbaycan belə silahlıların tam zərərsizləşdirilməsi istiqamətində antiterror əməliyyatlarına başlaya bilər. Bizim ordunun müharibədən sonra keçirdiyi ilk hərbi təlimin mahiyyəti də məhz bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ