Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib. İclasda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində xarici şirkətlərin iştirakı məsələsi müzakirə edilib.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən indiyədək agentliyə 409 müraciət daxil olub. Bu müraciətlərin 104-ü (25 %) ticarət və xidmət, 93-ü (23 %) sənaye, 69-u (17 %) kənd təsərrüfatı, 70-i (17 %) tikinti, 34-ü (8 %) turizm, 5-i (1,2 %) təhsil, 1-i (0,2 %) nəqliyyat və logistika və 33-ü (8,5 %) isə digər sahələri əhatə edir. Həmin müraciətlərdən 53-ü 12 xarici ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxıstandan olmaqla) təmsil edən şirkətlər tərəfindən təqdim edilib. Onu da bildirək ki, müraciət edən xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədirlər.
Qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə 400-dən artıq şirkət biznes qurmaq istəyir. Hətta bununla bağlı aidiyyəti qurumlara müraciət ediblər.
“...biznes strukturları üçün xüsusi güzəştlər tətbiq edəcək”
İqtisadçı Kamran Məmmədli qeyd etdi ki, Azərbaycan dövləti həmişə sahibkarların yanında olub və bütün mümkün yollarla onlara dəstək verib: "On illər boyu işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda apardığımız Vətən müharibəsi dönəmində də dövlət həmin rayonlarda və cəbhəyanı ərazilərdə qeydiyyatda olan mikro və kiçik sahibkarlıq subyektlərinə baş vermiş hadisələr nəticəsində dəymiş maddi zərərin təsirinin azaldılması, sahibkarlıq fəaliyyətinin normal bir formada davam etdirilməsi məqsədilə o subyektlərə kömək əlini uzatdı. Dövlətimiz bu ərazilərdə fəaliyyət göstərəcək biznes strukturları üçün xüsusi vergi imtiyazları və digər yardım paketlərini nəzərdə tutan addımlar atacaq. Biz işğaldan azad olunan Qarabağ torpaqlarını xüsusi iqtisadi zonaya çevirməliyik. Bu həm yerli, həm də xarici investorların daha böyük həcmdə investisiya qoyması üçün əlverişli şərait yaradır”.
Günel CƏLİLOVA