Məlum olduğu kimi, Los-Anceles dairəsinin Ali Məhkəməsində 38 ildir həbsxanada olan erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsi Türkiyədə sərt etirazla qarşılanıb.
Türkiyə Xarici İşlər Nazirliyi Los-Anceles dairəsinin Ali Məhkəməsinin qərarını qınayan bəyanat yayıb. Bəyanatda bildirilir ki, Los-Anceles dairəsinin Ali Məhkəməsi şəhid baş konsul Kemal Arıkanı qətlə yetirən erməni terrorçu H.Sasunyanın azad edilməsinə yol açan bir qərar qəbul edib: “Kaliforniyanın qubernatoru Qüvin Nyusom bu qərara görə isə apellyasiya şikayəti verməyəcəyini bəyan edib. Türk millətinin vicdanını dərindən yaralayan bu yanaşmanı şiddətlə qınayırıq”.
Qərarın ABŞ rəhbərliyinin əks cəhdlərinə baxmayaraq, dəyişdirilmədiyi vurğulanan açıqlamada bunun beynəlxalq qanunlar və ədalət anlayışı prinsipləri ilə zidd olduğu vurğulanır.
Bəyanatda, həmçinin, erməni terror təşkilatlarının hücumları nəticəsində Türkiyənin 31-i diplomat 58 vətəndaşının şəhid edildiyi də xatırladılır.
Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi də Los-Anceles dairəsinin Ali Məhkəməsinin çıxardığı məlum qərarı qınayıb. Nazirliyin bununla bağlı açıqlamasında bildirilib ki, türk diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sasunyanın azad edilməsi çox səhv siqnal verəcək: “Şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib bir dövlətdə diplomatiyanın maraqlarına zərər verəcək”.
Məlumat üçün qeyd edək ki, türk diplomat Kemal Arıkan erməni terrorçular H.Sasunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə Los-Anceles şəhərində qətlə yetirilib. Saxlanan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib. İstintaqdan yayına bilən K.Salibanın isə elə həmin il Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.
Bütün hallarda, Birləşmiş Ştatlar kimi böyük və güclü dövlətin məhkəməsinin terrorçu ilə bağlı bu cür qərar qəbul etməsi təəssüf doğurur. Bu cür terrorçunu buraxmaq olar? Ekspertlər Los-Anceles məhkəməsinin qərarını necə dəyərləndirirlər?
“Bayden hakimiyyəti bunu Ankaraya qarşı təzyiq mexanizmi kontekstində istifadə edirsə...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, terrorçuya bu cür münasibət ABŞ-ın imici üçün mənfi haldır: “ABŞ-da ötən əsrdə Türkiyə diplomatlarına qarşı ermənilər terror hücumları təşkil ediblər. Nəticədə bir neçə türk diplomatı vəhşicəsinə qətlə yetirilib. Məhz bu qəbildən olan terrorçu ermənilər ASALA terror təşkilatının üzvləri idilər. Birləşmiş Ştatlarda həmin terrorçular həbs edilib. Sonra məhkəmə onların bəzilərinə ömürlük həbs cəzası verib. Hazırda bu qəbildən olan terrorçuları ABŞ məhkəməsinin azad etməsi çox yanlış addımdır. Hesab edirəm ki, bu, Vaşinqtonun terrorizmə qarşı mübarizədə ikili standartlardan çıxış etməsidir. Çünki yaxşı və pis terrorçu olmur. Terrorçu elə terrorçudur. Ona görə ki, terrorizm bütün dövlətlərə və insanlığa qarşıdır. Bu səbəbdən terrorçuların cəzalandırılması mütləqdir. Ancaq Bayden hakimiyyəti bunu Ankaraya qarşı təzyiq mexanizmi kontekstində istifadə edirsə, bu, çox yanlış bir xətdir. Erməni diasporu ilə sıx əlaqəyə malik olan Ağ Ev bəzən erməni lobbisinin təlimatı ilə hərəkət edir. Bu qəbildən olan terrorçunu azad etmələri diasporun fəaliyyətinin nəticəsidir. Hesab edirəm ki, bu, çox mənfi bir presedentdir və Ankaraya qarşı ayrıseçkilik siyasətidir”.
Politoloq onu da qeyd etdi ki, məlum qərar ABŞ-ın imicinə zərər vuracaq.
Vidadi ORDAHALLI