Prezident Co Bayden bildirib ki, onun administrasiyası “Johnson & Johnson” şirkətindən COVID-19 əleyhinə daha 100 milyon doza vaksin almağı planlaşdırır. Bayden Ağ evdə “Johnson & Johnson” şirkətinin baş direktoru Aleks Qorski və “Merck” şirkətinin baş direktoru Ken Freyzer ilə görüşdə bu məsələni müzakirə edib.
Prezident bu şirkətlərin kifayət qədər vaksin istehsal edilməsi üçün birgə səylərini yüksək qiymətləndirib. Baydenin sözlərinə görə, ABŞ bu il may ayının sonuna qədər yaşlı amerikalıların hər biri üçün kifayət edəcək qədər sayda koronavirusa qarşı vaksin dozası almaq niyyətindədir.
Bundan əvvəl “Johnson & Johnson” şirkəti ilə ABŞ hökuməti arasında iyun ayının sonuna qədər 100 milyon doza birdəfəlik vaksin tədarük edilməsi barədə saziş imzalanıb. Ötən həftə federal hökumət təqribən 3,9 milyon doza vaksinin paylaşdırılmasını təşkil edib. Bu ayın sonuna qədər daha 16 milyon doza vaksinin paylanması planlaşdırılır.
ABŞ Prezidentinin böyük həcmdə əlavə vaksin tədarükü nədən xəbər verir və o, bununla dünyaya hansı mesajı vermiş olur?
“Sağlamlığa Xidmət” İctimai Birliyinin icracı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı kifayət qədər narazılıqlar ifadə olunub: “Bizim ölkə başçısının özü də bir neçə dəfə bu məsələyə kəskin iradını bildirib. İlham Əliyev bu fikirləri ən müxtəlif auditoriyalar qarşısında səsləndirib. Təəssüflər olsun ki, bəzi inkişaf etmiş ölkələr bu məsələdə böyük ədalətsilik edir, yalnız özünün düşünən addımlar atırlar. Bu da dünyada ciddi böhran yarad bilər. Əslində bu ədalətsiliyə dünyanın bütün nüfuzlu şəxsləri etiraz etməliydi. Təəssüf ki, biz bunun əlamətlərini görmədik. Bunun nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-da inkişaf etmiş bəzi Avropa ölkələri kimi vaksin şirkətləri ilə ikitərəfli danışıqlatra üstünülük verib. Yəni çoxtərəfli razılaşmalara böyük önəm verməyib. ABŞ-da olan bir neçə QHT ictimai vəkillik sahəsində işlərini sürətləndiriblər. Onlar tələb edir ki, vaksin ədalətsizliyinə son qoyulsun. Ancaq biz ABŞ-ın yeni prezidentinin bu qınaqlara məhəl qoymayaarq, yalnız öz vətəndaşlarının xilası üçün çalışdığının şahidi oluruq. O, 100 milyon vaksin almaqla dünyada ciddi peyvənt defisiti yaratmış olacaq. Nəticə etibarilə kasıb ölkələr vaksin əldə etmək imkanından məhrum ediləcək”.
Ekspertin sözlərinə görə, bu addımı kəskin şəkildə qınamaq lazımdır: “Əslində, ABŞ kimi ölkə bu ədalətsizliyin qarşısını almaq istiqamətində təşəbbüskar kimi çıxış etməlidir. Ancaq biz tam fərqli mənzərənin şahidi oluruq”.
Məhəmmədəli QƏRİBLİ