Ermənistanda cərəyan edən hadisələr getdikcə daha dramatik xarakter almaqda, hakimiyyət və müxalifət arasında gərginlik artmaqdadır. Amma belə görünür ki, müxalifətin və ordunun bütün cəhdlərinə rəğmən, baş nazir Nikol Paşinyan rəqibləri üzərində tədricən üstünlük qazanmaqdadır. Hətta Ermənistan prezidenti Armen Sarkisyanın addımları belə artıq Paşinyanı dayandırmaq iqtidarında deyil.
Bu fonda xatırladaq ki, Armen Sarkisyan Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Artak Davtyanın təyin olunması ilə bağlı təqdimatını ikinci dəfə təsdiq etməyib. Qanuna görə, Artak Davtyan bu vəzifəyə avtomatik təyin edilib. Belə ki, Konstitusiyaya əsasən, prezident baş nazirin təqdimatına etirazını üç iş günü ərzində hökumət başçısına qaytara bilər. Hökumət başçısı bu etirazları qəbul etmirsə, prezident müvafiq fərman imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Prezident bu tələbləri yerinə yetirmirsə, baş nazirin təqdimatı avtomatik olaraq qüvvəyə minir. Ermənistan prezidentinin saytında yer alan açıqlamada isə deyilir ki, Armen Sarkisyan fərman imzalamayacaq və Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. Bu da o deməkdir ki, Artak Davtyan artıq Silahlı Qüvvələrin Baş Qərargah rəisidir. Bununla Paşinyan özünə yaxən olan şəxsi Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə gətirib, ordunun onun üçün yarada biləcəyə təhdidi aradan qaldırıb.
Paşinyan hakimiyyətini devirmək üçün Ermənistan müxalifətçilərinin ötən ilin 10 noyabr tarixindən etibarən göstərdiyi çoxsaylı cəhdlər bu halda daha sürətlə iflasa uğrayır. “Vətənin xilası uğrunda hərəkat”da birləşmiş 17 siyasi partiyanın liderləri Paşinyanı devirmək üçün siyasi mübarizənin bütün üsullarına əl atsalar da onlar xalqın dəstəyini ala bilmir. Hər yerdən əli üzülən müxalifət nəhayət, ölkənin yüksək rütbəli hərbçilərini təxribata çəkməyə nail olsalar da sonda bu da nəticəsiz oldu. Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılması ilə Paşinyan müxalifəti ordunun da dəstəyindən məhrum edib. Bundan narahat olan tərəflərdən biri isə “Qarabağ klanı”dır. Paşinyandan başqa istənilən adamın hakimiyyətə gəlməsini özlərinin cinayət məsuliyyətindən yaxa qurtarması üçün fürsət kimi dəyərləndirən “Qarabağ klanı”nın rəhbərləri olan Robert Köçəryan və Serj Sarkisyan artıq çətin durumdadır. Onların yenidən həbsə atılması istisna olunmur. Elə rusiyalı politoloq Oleq Kuznetsov da “Qarabağ klanı”nı daha çətin günlər gözlədiyini bildirir: “Müxalifət, o cümlədən “Qarabağ klanı” çətin durumdadır. Erməni generalları isə özləri də anlamadan Paşinyanın maraqları naminə kollektiv intihar etdilər. Xatırlayırsınızsa, Ermənistan baş nazirinin istefasını tələb edən bəyanat yalnız Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən deyil, onun ən ağıllı və uzaqgörən üç yüksəkçinli zabiti xaricində, demək olar ki, bütün müavinləri, şöbə müdirləri tərəfindən imzalanmışdı. İndi onlar Qasparyanın ardınca vəzifələrini tərk etmək məcburiyyətində qalacaqlar. Əlbəttə ki, səs-küylü istefalar olmayacaq, həmişə olduğu kimi səssiz bir şəkildə vəzifələrindən uzaqlaşdırılacaq - əvvəlcə personal maaşları saxlanılaraq, müdafiə nazirinin sərəncamına göndəriləcəklər, sonra isə işdən qovulacaqlar. Yaramaz yüksəkrütbəli zabitlərdən qurtulmağın bu sxemi yeni bir şey deyil. Yayın sonuna qədər onların heç biri Ermənistanın Silahlı Qüvvələri sıralarında olmayacaq.
Ermənistanı hərbi elitanın darmadağını gözləyir və bu, Qarabağdakı son müharibənin məntiqi nəticəsidir. Sağlam düşüncə baxımından Ermənistan ordusuna rəhbərlik etmək üçün yalnız üç general kifayətdir, bu ölkədə olduğu kimi əlli nəfər deyil. Digər tərəfdən, Paşinyan “Qarabağ klanı”nı Ermənistandan tam qovmaq niyyətində olduğunu göstərir. Başqa seçimi olmayan keçmiş klan ya Rusiyaya gedəcək, ya da öz ölkəsində həbsxanaya. 2018-ci ildə “Qarabağ klanı”nın liderləri zabitlər və əsgərlər arasındakı dəstəyi itirdilər. İndi generallar kifayət qədər sürətlə qovulduqdan sonra, yalnız ordunun deyil, həm də bütün güc sektorunun dəstəyini itirəcəklər. Bundan sonra cinayətkarlara qarşı repressiyaların, ermənilərdən oğurlanan və azərbaycanlılardan talan edilmiş hər şeyin müsadirə olunmasını gözləmək lazımdır”. Ekspert bildirir ki, Paşinyan əsas erməni xalqının dəstəyinə arxalanır, bu ölkə vətəndaşlarının əksəriyyəti onun tərəfindədir: “Onlar bir çox daxili kataklizmlərdə şəxsən günahkar olan baş nazirlərini dəstəkləməklə yanaşı, hakimiyyətləri dövründə Ermənistanı şəxsi zənginləşdirmə mənbəyinə çevrən “Qarabağ klanı”nın gücünü bərpa etməsində maraqlı deyillər. Ermənistan vətəndaşlarının əsas hissəsinin Qarabağa qətiyyən ehtiyacı yoxdur, bu, erməni xalqının boynundakı boyunduruq və ayağındakı ağırlıqdır, iqtisadi və sosial inkişaf yolundakı ballastdır. Paşinyanın məqsədi Qarabağdan imtina etməkdir, lakin bu yolda dənizçilər dilində danışsaq, daim yeni bir çəngəl atmalı, istiqaməti dəyişdirməli və küləyi tutmalıdır. İrəvan ermənilərinin böyük əksəriyyəti bunu yaxşı hiss edir və baş nazirlərini dəstəkləyir”.
Tahir TAĞIYEV