10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Bunu Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var".
Ölkə başçısının bu açıqlaması erməni vanadalizmin dərin izlərini silmək baxımından nə dərəcədə əhəmiyyətlidir?
Tanınmış Politoloq Sahil İskəndərov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, işğaldan azad edilən ərazilərin bərpası bizim üçün ən önəmli olan məsələlərdən biridir: “Həmin ərazilər uzun müddətli erməni təcavüzü nəticəsində xarabazarlığa çevrilib. Sözügedən ərazilərin bərpası və oradan didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtması dövlətimiz üçün prioritet məslə sayılır. Biz həmin ərazilərə öz soydaşlarmızı 30 il əvvəlki vəziyyətdə qaytara bilmərik. Dünyada və Azərbaycanda bu 30 ildə ciddi dəyişikliklər olub. Azərbaycan isə bu müddətdə inkişaf edərək, kosmik dövlətə çevrilib. İşğal edilmiş ərazilərdə törədilən erməni vandallığını da nəzərə alsaq, onda bu qənaətə gəlirik ki, həmin ərazilər 30 il də işğaldan əvvəlkə vəziyyətə düşüb. Biz bu şəraitlə barışa bilmərik və sözsüz ki, oraları ən müasir qaydada abadlaşdırmalıyıq. Bundan sonra isə Prezidentin dediyi kimi oralarda ağıllı şəhər, ağıllı kənd layihələrini icra etməliyik. Hazırda insanların tələbatı 30 il bundan əvvəlki səviyyədə deyil. Biz həmin ərazilərdə birdən-birə 70-80 ilin sıçrayışını etməliyik”.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti bunu dünyanın bütün ölkələrinin, təşkilatlarının diqqətinə çatdırır: “ Prezidetin bu məsələni Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti ilə müzakirə etməsi təsadüfi deyildi. Bilirik ki, pandemiya dönəmində bütün dünyada iqtisadi fəallıq xeyli aşağı düşüb. Prezident bunları deməklə həm də Bankın diqqətini Qarabağa yönəldib. Onları da ərazilərin bərpasında iştiraka dəvət edib. Prezident dəfələrlə belə görüşlərdə iştirak edən şəxsləri və dövlət rəhbərlərini Qarabağda aparılan abadlıq işlərində yaxından iştiraka çağırıb. Təbiidir ki, Prezident bizə dost ölkələri və qurumları bu statusda görmək istəyir. Azərbaycanın öz büdcəsi həmin ərazilərdə bütün abadlıq işlərini aparmağa imkan verir. Ancaq döstları da bu prosesdə görmək daha məmnunluq yaratmış olar”.
Məhəmmədəli QƏRİBLİ