Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Həyata keçirilən sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.
Azərbaycanın artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür. Bir sözlə, Azərbaycanda hazırda siyasi dialoq prosesi gedir. Siyasi dialoq prosesi müxtəlif formalarda - birləşmə, əməkdaşlıq, qarşılıqlı fikir mübadiləsi və s. formada gedir. Məlum olduğu kimi, bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi. YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla belə, rəsmi səviyyədə də siyasi partiyalarla başlanan dialoq davam etdirilir.
Bütün bunların fonunda, dialoq prosesi yaxın və orta uzaq gələcəkdə siyasi konfiqurasiyamızda nə kimi nəticələr ortaya qoya bilər?
“Siyasi partiyalar arasında daha sivil və sağlam münasibətlər formalaşacaq”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, dialoq prosesinin davamlı hal alması ölkənin siyasi konfiqurasiyası üçün yaxşı perspektivlər vəd edir: “Prezident Administrasiyasında struktur dəyişiklikləri siyasi dialoqa ciddi təkan verdi. Məhz həmin dəyişikliklərdən sonra siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Şöbənin rəhbəri Ədalət Vəliyev vasitəsilə siyasi partiyalarla müəyyən qədər əlaqələr quruldu. Nəticədə dialoq məsələsində əvvəlkindən xeyli dərəcədə fərqli münasibətlər yarandı. Hesab edirəm ki, dialoq prosesi daha da inkişaf etdirilməlidir. Ölkənin bir çox ciddi məsələsini biz birlikdə müzakirə etməliyik. Bununla belə, məlum olduğu kimi, YAP-ın qurultayında bir neçə siyasi təşkilat hakim partiya ilə birləşdi. Ölkədə yeni konfiqurasiyanın yaradılması üçün digər proseslər də getməlidir. Demokratik seçki sistemi təkmilləşdirilməlidir. Normal, sivil debatlar davam etdirilməlidir. Ölkənin, millətin problemlərini həll etmək üçün biz köhnə siyasətdən birdəfəlik imtina etməliyik. Qarşılıqlı debatlar çərçivəsində biz bu prosesi inkişaf etdirməliyik”.
Partiya sədri hesab edir ki, bütün bunların sayəsində ölkənin siyasi konfiqurasiyasında ciddi dəyişikliklər olacaq. Siyasi partiyalar arasında daha sivil və sağlam münasibətlər formalaşacaq.
Vidadi ORDAHALLI