Ermənistan adlanan dövlətin tarixi Azərbaycan ərazilərində qurulduğu məlumdur. O da məlumdur ki, minillər boyu indiki Ermənistan ərazisində Azərbaycan türkləri yaşayıb, öz tarixi torpaqlarında dövlətlər, xanıqılar, sultanlıqlar qurublar, böyük və tükənməz mədəniyyət formalaşdırıblar, saraylar, körpülər, karvansaralar, məscidlər, türbələr və sair inşa ediblər.
XIX əsrdən etibarən ermənilər Cənubi Qafqaza köçdükdən və XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında xarici havadarlarının dəstəyilə özlərinə dövlət qurduqdan sonra ermənilər öz yırtıcı mahiyyətini artıq ortaya qoymağa başlayıblar. “Yersiz gəldi yerli qaç” yanaşmasını əsas götürən ermənilər həm o yerlərin qədim sakinləri Azərbaycan türklərinə qarşı divan tutdular, həm də indiki Ermənistan ərazisində mövcud olan abidələrimizi dağıdıb məhv etdilər, bu yerlərdən bizim izlərimizi silməyə çalışdılar. Azərbaycan xalqının zaman-zaman yaratdığı tarixi memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr hamısı erməni vandalizminin qurbanı olub.
“Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi memarlıq abidəsi qalıb”
Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq əsəri olan 310 məscid mövcud olub. Lakin 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, ermənilər onları dağıtmağa başlayıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi memarlıq abidəsi qalıb ki, mənfur qonşularımız onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Beləliklə, erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdıblar.
İrəvandakı Göy məscid İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə necə çevrilib?
Ermənistan paytaxtı İrəvandakı Göy məscidin azərbaycanlılara məxsus olduğunun sübuta ehtiyacı yoxdur. Məlum olduğu kimi, Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmrilə tikilib. Məscid Azərbaycan memarlıq nümunələrindəndir. Eni 66 metr, uzunluğu 97.2 metrdir. Göy məscid İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür.
Tarixçilər qeyd edirlər ki, çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri olan Göy məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə, 7.000 kvadratmetrlik ərazidə yerləşir. İkinci Dünya müharibəsindən sonra sovet hökumətinin dünyəvi siyasətinə uyğun olaraq, hündürlüyü 24 metr olan 4 minarədən 3-ü sökülüb. 1952-ci ildə məscidin bir hissəsi yaxınlıqdakı məktəbin ərazisinə verilib.
Bildirək ki, ermənilər XX əsrdə məscidi üç dəfə yandırıblar. İlk dəfə 1918-ci ildə, ikinci dəfə 1955-ci ilin martında. İkinci dəfə yandırılanda azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edirmiş. Məscid üçüncü dəfə 1988-ci il hadisələrindən sonra yandırılıb.
Məlumatlara görə, 1995-2006-cı illərdə məscid İran tikinti şirkətlərinin köməyilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib.
“1760-cı ildən bu məsciddə namaz qılıb, dua edən azərbaycanlıları unutdurmaq istəyirlər”
İngilis tədqiqatçısı Tom de Vaal Dağlıq Qarabağ münaqişəsinə həsr etdiyi “Qara bağ” kitabında İrəvandakı Göy məscidlə bağlı yazır: "Ermənilərin azərbaycanlılara məxsus məscidi belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar, çünki XX əsrə qədər burada azərbaycanlıları “tatar”, “türk” və ya sadəcə, “müsəlman” adlandırırdılar...
Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə, ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, 1760-cı ildən bu məsciddə namaz qılıb, dua edən azərbaycanlıları unutdurmaq istəyirlər".
Onu da vurğulayaq ki, bir sıra elektron KİV-də qeyd edilir ki, ermənilər Göy məscidi fars abidəsi kimi tanıdırlar və onun adını “Hüseyniyyə” qoyublar...
Hətta Ermənistan hakimiyyətinin İrəvanda azərbaycanlılara məxsus qədim Göy məscidi 99 illiyə İrana icarəyə verdiyi haqda da məlumatlar var.
Ermənistanda “sağ qalan” Əmir Səəd türbəsi...
Bir neçə il bundan əvvəl İrəvanın ətrafında XV əsrə aid türk əmirinin türbəsi aşkar edildiyi haqda məlumatlar yayıldı. Araşdırmalar zamanı məlum oldu ki, Pir Hüseyn türbəsi, Cəfərabad türbəsi, Pir Hüseyn sərdabəsi və ya Əmir Səəd məqbərəsi Ermənistanın Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbədir. XV əsrə aid müsəlman abidəsi olan türbədə əsas Qaraqoyunlu tayfalarından biri olan Saadlu (Səədli) türk tayfasının başçısı, Çuxur Sədin ilk hakimi Əmir Saad dəfn edilib.
Qaraqoyunlu əmirinin sərdabəsi üzərində ucaldılan türbənin hündürlüyü 12 metrdir. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 metr uzunluğunda ərəbdilli kitabədə Çuxursəd vilayətinin Saadlu türk tayfasından olan əmirləri Pir Hüseyn və Əmir Səədin (1411-ci ildə vəfat edib) adları çəkilib. Başqa sözlə, kitabədə yazılıb ki, “Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allahdan başqa Allah yoxdur, diri (və ya) həqiqi. Nə yuxu, nə də mürgü onu tuta bilməz. Göylərdə və yerdə olan hər şeyə sahibdir. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir və bunları qorumaq onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!
Bu mübarək türbə ən böyük, nəcib, səxavət və lütf sahibi, şahlar və sultanların dəstəkçisi, zəif və kasıbların sığındığı, elm adamlarının qəyyumu və elm axtaranlara, yoxsullara kömək edən, dövlətin və imanın izzəti, mərhum Böyük Əmirin – ən mərhəmətli Əmir Saadın oğlu Əmir Pir Hüseyn əmri ilə hicri 816-cı il Rəcəb ayının 15-də (miladi 1413-cü il, 11 oktyabr) ucaldıldı... Allahın rəhmi ona olsun... Böyük sultan, ən səxavətli Xaqan, Şərqdə və Qərbdə sultanlar sultanı, dövlətin və imanın köməyi, Pir Budaq xan və Yusef Noyonun hökmranlığı ilində... Allah onların gücünü əbədi etsin!”
Bu abidə aşkarlanandan sonra ermənilər, həmişə olduğu kimi, bu dəfə də də öz qondarma iddialarını davam etdirərək bildirirlər ki, türbənin inşasında “erməni hərfləri şəklin”də olan daşlardan istifadə olunub. Lakin bu türbə İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu bir daha sübut edir.
Ermənistan hökuməti Göy məscid və Əmir Səəd türbəsini dağıtmamaqla hansı niyyətini ortaya qoyub?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev deyir ki, Ermənistan hökumətinin bu iki maddi mədəniyyət, tarix abidəmizi dağıtmamaqda məqsədi heç də bizim abidəmizi qorumaq olmayıb, bunları saxlamaqla özünü “sivil ölkə” olaraq qələmə vermək istəyib. Q.Hacıyev qeyd etdi ki, Ermənistan Göy məscidi və Əmir Səəd türbəsini Azərbaycan mədəniyyətinin, tarixinin nümunəsi kimi deyil, başqa cür qələmə verir, Göy məscidi “fars məscidi”, Əmir Səəd türbəsini isə “türkmən abidəsi” kimi təqdim edir.
Q.Hacıyevin sözlərinə görə, erməni katolikosu Əmir Səəd türbəsi ilə bağlı müxtəlif oyunlar qurub, böyük saxtakarlığa yol verərək bu abidənin “türkmən” abidəsi kimi tanıdılmasına çalışıb.
Hətta türkmənbaşı İrəvanda səfərdə olarkən onu da Əmir Səəd türbəsini ziyarət etməyə aparıblar.
Q.Hacıyevin qeyd etdiyinə görə, bir neçə il öncə erməni katolikosu və erməni alimləri Türkmənistandan alimləri dəvət edərək, türbənin “erməni və türkmən xalqlarının memarlıq abidəsi” olduğunu elan ediblər. Alim deyir ki, halbuki, bu abidənin nə türkmənlər, nə də ermənilərlə əlaqəsi var. “İndi Ermənistan adlanan dövlət tarixi Azərbaycan ərazisində qurulub. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus minlərlə tarix mədəniyyət abidəsi olub ki, onların hamısı yer üzündən silinib, yalnız ikisi saxlanılıb - Göy məscid və Əmir Səəd türbəsi. Pir Hüseyn sərdabəsinin yerləşdiyi Cəfərabad kəndində türkmənlər yaşamamışlar. Pir Hüseyn sərdabəsi yalnız azərbaycanlılara məxsus tarixi abidədir. Ermənistan hökumətinin bu iki abidəni saxlamaqda məqsədi çox məkrlidir və dünyaya göstərmək istəyir ki, guya Ermənistan türkfob və islamofob deyil və “fars məscidi”ni və “türkmən abidəsi”ni qoruyub təbliğ edir. Bu abidələrin heç biri Azərbaycan abidəsi kimi tanıdılmır, onların tarixi tamamilə saxtalaşdırılıb. Hər iki tarixi mədəniyyət abidəsi ciddi saxtalaşdırmaya məruz qalıb” - deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.