Azərbaycanda özlərini feminist adlandıran, əslində isə məqsədləri heç də qadın hüquq və azadlıqlarını müdafiə etmək olmayan bir qrup qadın artıq iki ildir ki, 8 Mart günündə şəhərin mərkəzi yerlərində icazəsiz, qanunsuz aksiya keçirməyə cəhd göstərir.
Demək olar ki, feministlərin bu davranışları sosial şəbəkələrdə geniş müzakirə edilir, onların məqsədləri, məramları ifşa edilir. Artıq mediada və sosial şəbəkələrdə feministlərin ifşa edilməsi prosesinə tanınmış elm adamlarının da tənqidi yanaşdığının şahidi oluruq. Qeyd edilir ki, feminist adı ilə küçələrə axışan adamlar, əslində, DTX və DİN-in xətti ilə nəzarətə götürülməlidirlər. Bu fikirdə olanlar hesab edirlər ki, bu qüvvələrin məqsədi Azərbaycan cəmiyyətini məhvərindən çıxarmaq, ziyanlı yönə istiqamətləndirməkdir, onlar hansısa xarici institutların sifarişlərini yerinə yetirirlər. Yəni onların məqsədi qadın problemini gündəmə gətirmək deyil, onsuz da bu problem Azərbaycanda yoxdur. Feministlərin DİN və DTX tərəfindən nəzarətə götürülməsi aktuallaşıb.
“...feminist adı ilə aksiyalar təşkil edənlərin məqsədi mənə şübhəli olaraq qalır”
Feministlərin DİN və DTX tərəfindən nəzarətə götürülməli olduğunu vurğulayan filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli “Bakı-Xəbər”ə bildirdi ki, feminizmin mahiyyətindən xəbərsiz olan təşkilat nümayəndələri başıpozuq cəmiyyət formalaşdırmağa niyyətlidirlər: “Feminizm əxlaqsızlığın, axmaqlığın təbliğatı deyil. Feminizmin mahiyyətindən xəbərsiz olan təşkilat nümayəndələri başıpozuq cəmiyyət formalaşdırmağa niyyətlidirlər.
Feminizm milli-mənəvi dəyərlərdən uzaqlaşmağı, məqsədsiz üsyan etməyi, “bədənim mənimdir” deyib çağırış etməyi təbliğ etmir. Bu gün ölkədə dırnaqarası feministlər gəncliyi uçuruma sürükləyirlər.
Artıq Qərbin qəbul etdiyi feminist hərəkatlarının əsasında duran məsələ qadın və kişi ayrıcalığı deyil, əsl məsələ cəmiyyətdir, genderdir. Gender tədqiqatlarının əsas qayəsi demokratiyaya bir çağırışdır. Yəni burada qadın-kişi qarşıdurması və ya onlar arasında hər hansı fərqli xüsusiyyətlərin aşkarlanması, sübut olunması mühüm məsələ hesab olunmur. Diqqətdən kənar qalan, öz hüquqlarını müdafiə edə bilməyən istənilən şəxsin cinsi önəmsənilmədən, rəng və xarakter ayırımı aparılmadan müdafiəsini və birliyini təşkil edən bir cəmiyyətin formalaşması gender tədqiqatların əsas tələbidir.
İstər qadın olsun, istərsə də kişi, öz hüquq və normalarını bilməlidir, onları qorumağı və müdafiə etməyi bacarmalıdır. “Mən qadınam, mənim hüquqlarımı qorumadılar” deyib özünü damdan atmaq deyil məsələ, səsini eşitdirə bilməkdir, özünü və öz hüquqlarını tanıyıb müdafiə edə bilməkdir.
Dəlilik edib, ağılsız və məntiqsiz şüarlarla təşkil olunan nizamsız aksiyalar ikrah hissi yaratmaqdan əlavə, real şiddətə məruz qalan, təhsildən kənarlaşdırılan qadınların müdafiə mexanizminə də kölgə vurur, daha da dəhşətlisi isə “travmalı qadın” statusu altında statistika genişləndirmək üçün gənc qızların intiharına səbəb olur.
Düşünürəm ki, DTX bu xətti nəzarətə götürməlidir. Çünki həyatımız elektronlaşdıqca, elektron məkanda gənclərin idarə və təbliğ olunması nəzarətdən çıxır. Hansı təşkilatlar və ya hansı gizli qüvvələr yeniyetmə dövründə psixoloji müdaxilə ilə gəncləri ələ alır və onların nə tip maraqları var, araşdırılmalıdır! Bəlkə gizli agentlər, bəlkə məqsədli terrorçulardır? Kim bilir? İntihar hadisələrinin ənənəvi və adi hala keçməsinə izin vermək olmaz, həyəcan təbili çalınacaq durum yaranıb. Kimlər nəyin və hansı təşkilatların qurbanına çevrilib, bəlli deyil!”
V.Ağabəylinin qeyd etdiyinə görə, xeyli müddətdir ki, elmi işilə əlaqədar olaraq gender tədqiqatlarını araşdırır. Onun sözlərinə görə, hazırda Qərbin və dünyanın gender tədqiqatları istiqamətində mənzərəsi fərqlidir. “Gender tədqiqatlarının qayəsini demokratiyaya çağırış təşkil edir. Qadınların kişilərə üsyanı deyil, cəmiyyətdə hüquqları tapdanmış, əzilmiş insanların hüquqlarının qorunması və maarifləndirilməsi. Yəni gender tədqiqatları cinsin bioloji aspektindən fərqlənərək, onun digər xüsusiyyətlərini önəmsəyir. Davranış modelini, fəaliyyət növlərini, qadın və kişinin peşəsinin sosial-mədəni münasibətlərini üstün tutur. Düzdür, gender tədqiqatları feminist nəzəriyyələr və hərəkatlar əsasında yaranıb, radikal və liberal feministlərdən başqa, psixoanalitik, eko, sosialist, postmodernist və s. feminist qruplaşmaları var ki, bəzən onların öz aralarında da mübahisələri düşür, bir-birini qəbul etmirlər.
Lakin məsələ ondadır ki, bizdə feminizm adı altında qruplaşanların, demək olar ki, heç birinin feminist nəzəriyyələrindən xəbəri yoxdur. Feminizmin yeganə şüarı qadının fizioloji quruluşu deyil.
Bu gün deyə bilmərik ki, Azərbaycanda qadın problemi yoxdur. Var, çoxdur. Lakin feministlərin mənasız şüarları və yalançı hay-küyləri həmin problemlərin həllinə istiqamətlənməyib, əksinə, daha da kölgə salır qadın problemlərinə. Feministlər yalnız LGBT-dən ibarət deyil və feminizmin məqsədi də əxlaqsızlığı təbliğ etmək deyil.
Yenə də qeyd edirəm, bəli, qadın problemləri var, təəssüf ki, müvafiq qurumlar da bu problemlərə səthi yanaşırlar. Erkən evlilik, qadına şiddət, zorakılıq, cinsi istismar halları var, qadın əri, atası, qardaşı tərəfindən döyüləndə və ya öldürüləndə ilkin olaraq cəmiyyətin çox hissəsi qadını günahlandırır. Bu məsələlər hələ də həll olunmaz qalır. Lakin cəmiyyətdə kişi problemi də azdır ki? Əzilən, hüquqları tapdalanan kişi, işsiz, ailəsini dolandıra bilməyən, cəmiyyətdən sıxışdırılmış kişi azdır ki? Ona görə də məsələ cəmiyyətdir, insandır, genderdir. Qadın və kişi arasında fərqlər axtarıb onları bir-birinə qarşı qoymaq deyil məsələ. Cinsindən, sosial statusundan asılı olmadan ayrıseçkiliyin aparılmaması, savadlı və peşəkar qadınların da yüksək vəzifələrdə təmsil olunması, qadının fizioloji xüsusiyyətlərinin deyil, ağlı və savadının önəmsənilməsi, qızların erkən nikahdan yayındırılıb təhsilə yönəldilməsi, hüquqlarının öyrədilməsi bu problemlərin həlli istiqamətində atılan addımlardır.
Lakin təəssüf hissi ilə qeyd edim ki, bu gün dırnaqarası feminist adı ilə aksiyalar təşkil edənlərin məqsədi mənə şübhəli olaraq qalır. Sanki məqsəd yeniyetmələri milli-mənəvi dəyərlərə qarşı qoymaq, əxlaqsızlığı, şüvənliyi təbliğ edərək Azərbaycan qadınını gözdən salmaq, intiharların statistikasını artırmaqdır. Onların könüllü təbliğatçıları müxtəlif ailələrə, yeniyetmələrə yol aça bilib, psixoloji təsir və manipulyasiya ilə öncədən planlaşdırdıqları ssenarilər üzrə Azərbaycan ailələrini, qadınlarını, gənc qızlarını məhv edirlər.
Axmaq şüarlarla özünə diqqət çəkməyə çalışanların məqsədi nə ola bilər axı? Onlar kimə və hansı təşkilata xidmət edirlər, kim onları istiqamətləndirir və ya maliyyələşdirir, bunlar qaranlıq məqamlardır” - deyə V.Ağabəyli qeyd etdi.
İradə SARIYEVA