Ermənistan daxilində baş verən hadisələrin təhlili burada revanşist qüvvələrin bir daha cəmiyyət tərəfindən qəti şəkildə dəstəklənmədiyini qabarıq surətdə nümayiş etdirir. Bura ilk növbədə “Qarabağ klanı” aid olunur. Erməni cəmiyyəti bu klanın əsas nümayəndələri olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana, eləcə də müxalifətin digər təmsilçiləri olan sabiq baş nazir Vazgen Manukyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyana dəstək vermir.
Bir daha xatırladaq ki, adları çəkilənlər Qarabağ məsələsinə dair revanşist mövq sərgiləyir. Amma cəmiyyət onlara hansısa dəstək ifadə etmir. Bunu Ermənistanda Beynəlxalq Respublika İnstitutunun keçirdiyi son rəy sorğusunun nəticələri də təsdiq edir. “Növbədənkənar parlament seçkisi ən yaxın bazar günü keçirilsəydi, hansı partiyaya səs verərdiniz” sualına rəyi soruşulanların 33 faizi Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyasının, 3 faizi isə müxalif “Çiçəklənən Ermənistan” partiyasının adını çəkib. Rəy sorğusunda iştirak edənlərin cəmi 2 faizi keçmiş prezident Robert Köçəryana səs verəcəyini deyib. Respondentlərin 1 faizi keçmiş hakim Respublika Partiyasını dəstəklədiyini bildirib. Sorğunun nəticələrinə görə “Daşnaksütyun”, “Sasna Tsrer” və “Vətənin xilası uğrunda hərəkat” 1 faizdən də az səs toplayıblar. Respondentlərin 42 faizi heç bir siyasi qüvvəni dəstəkləmədiyini deyib. Rəqəmlər bir daha Paşinyanın reytinqinin revanşist qüvvələrlə müqayisədə kifayət qədər yüksək olduğunu nümayiş etdirir.
“Sputnik Armeniya”nın “Sizin fikirinizcə, Ermənistanı indiki böhrandan kim çıxara bilər?” sualı əsasında keçirdiyi interaktiv rəy sorğusu da revanşistlərə dəstəyin olmadığını təsdiq edir. Sorğunun nəticəsi aşağıdakı kimidir: Nikol Paşinyan 47,6 faiz, Robert Köçəryan 22 faiz, Serj Sarkisyan 0,6 faiz, Vazgen Manukyan 1,2 faiz, Karen Karapetyan 3,3 faiz, Levon Ter-Petrosyan 3 faiz, Edmon Manukyan 0,4 faiz, heç biri 13,9 faiz, başqa variant 8 faiz. Bu, bir daha göstərir ki, Ermənistan ictimaiyyətinin fəal hissəsi daha çox Paşinyanın tərəfindədir.
Digər tərəfdən Ermənistanda revanşizm barədə qeyd edilənlər heç xaricdən, o cümlədən Rusiya tərəfindən də dəstəklənmir. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun son açıqlamaları da bunun təsdiqidir. Onun sözlərinə görə, Rusiya Ermənistandakı proseslərə müdaxilə etmir, tərəflərdən heç birini dəstəkləmir və baş verənləri ölkənin daxili işi sayır: “Rusiya vəziyyətin tezliklə normallaşmasını istəyirik. Bunun hamıya, o cümlədən Dağlıq Qarabağ ətrafında tənzimlənməyə səmərəsi olacaq”. “Ermənistandakı daxili böhran Qarabağda yeni gərginliyə səbəb ola bilərmi” sualına cavabında nazir müavini deyib: “Biz ümid edirik ki, vəziyyət o səviyyəyə çatmayacaq. Bu heç kimə, ilk növbədə Ermənistan lazım deyil. Biz vəziyyətə belə neqativ yöndən baxmırıq”. Onun sözlərinə görə, Rusiya Ermənistan tərəfi ilə səfirlik və başqa kanallar vasitəsi ilə daim təmas saxlayır. Qeyd edək ki, ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşdə rəsmi Vaşinqtonun ölkədəki demokratik təsisatları və prosesləri dəstəklədiyini bildirib. Bundan bir müddət əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Nikol Paşinyan arasında telefon danışığı olmuşdu. Hər iki hadisə Paşinyan hökumətinin ABŞ tərəfindən də dəstəkləndiyini ehtimal etməyə əsas verir.
Erməni əsilli rusiyalı kinorejissor, “Mosfilm” kinokonserninin baş direktoru Karen Şahnəzərovun da Ermənistanda revanşist qüvvələrlə bağlı səsləndiridiyi fikirlər olduqca maraqlıdır. O, revanşizmdən daha çox indi Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsini vacib sayır: “Ermənistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edərlərsə, onda gec-tez, yəqin ki, tez zamanda ümumi dil tapacaqlar. Birgə yaşayışın başqa yolu sadəcə yoxdur. Revanş xəyalları isə tamamilə boş məşğuliyyətdir”. O, “caliber.az” portalına müsahibəsində Azərbaycan rəhbərliyinin mövqeyini təqdir etdiyini də xüsusi vurğulayıb: “Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu başadüşüləndir. Ancaq buna dözmək lazımdır... Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır. Yəni gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meylli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır. Ümumilikdə bunu bəyanatı (10 noyabr) imzalayan Azərbaycan prezidenti İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”.
Beləliklə, qeyd edilənlər Ermənistanda revanşist qüvvələrə hansısa ciddi dəstək olmadığını bir daha nümayiş etdirir. Elə bu səbəbdən ordu da Nikol Paşinyanı hakimiyyətdən devirə bilmədi. Halbuki, Silahlı Qüvvələrdə də Nikol Paşinyan qarşı olan çox sayda yüksək rütbəli və vəzifəli zabitlər var. Onların başında Baş Qərargahın artıq keçmiş rəisi general-polkovnik Onik Qasparyan durur. Bu fonda daha öncə Robert Köçəryan hərbçiləri çeviriliş etməkdən çəkinməməyə, qorxmamağa çağırıb. Bildirib ki, Cənubi Koreya hərbçilərin sayəsində indiki səviyyəyə yüksəlib. Bu, onu göstərir ki, müxalifət sayılan revanşistlər Ermənistan Silahlı Qüvvələrindən Paşinyanın istefası, yaxud onun devrilməsi üçün alət olaraq yararlanmaq istəyir. Ancaq revanşistlərə cəmiyyətdə dəstək olmaması ordunun da çevrilişdə iştirakının qarşısını alıb.
Tahir TAĞIYEV