Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
Azərbaycan ordusunun anti-terror əməliyyatlarının icrası ilə bağlı geniş miqyaslı hücumlara başlaması nədən xəbər verir?
Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ordusunun məhz bu istiqaməti əsas götürərək, hərbi təlimlərə başlaması məhz real şəraitə uyğundur: “Bu, Azərbaycan ordusunun zəfər qazandığından sonra keçirəcəyi ilk irimiqyaslı təlimdir. Hesab edirəm ki, bu addım həm hərbi , həm də geniş mənada siyasi mahiyyət daşıyır. Ordumuz ərazilərimizi işğaldan azad edib. Ancaq bu da sirr deyil ki, ermənilərin kompakt yaşadıqları ərazilərdə terrorçu mahiyyətli silahlı qruplaşmalar qalır. Ordumuz əldə etdiyi müharibə təcrübəsini, kiçik qrupların məhv edilməsi istiqaməti üzrə necə tətbiq etməyi paylaşacaq. Sihalı qüvvələrimizin müəyyən bölmələri arasında belə əlaqələrin qurulması çox vacibdir. Əslində, bölgənin qanunsuz silahlı birləşmələrdən təmizləmək tərəflər arasında razılaşdırılıb. Bu missiyanı rus sülhməramlıları yerinə yetirməlidir. Təəssüf ki, biz onların bu istiqamətdəki fəaliyyətlərində müəyyən passivlik görürük. Azərbaycan ordusu necə ərazi bütövlüyümüzü təmin edibsə, revanşist hisslərlə yaşayan kiçik terrorçu qrupların da axırına çıxmağı bacaracaq”.
Ekspertin sözlərinə görə, belə təlimlərin yeni hədəfə çatmaq baxımından olduqca böyük önəmi var.
Məhəmmədəli QƏRİBLİ