Rusiya müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Arutunyan arasında telefon söhbəti olub. Rəsmi məlumatda söhbətin ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası ətrafında getdiyi bildirilib.
Lakin erməni mediası dialoqun olduqca sərt şəkildə keçdiyini, S.Şoyqunun V.Arutunyanı danladığını bildirib. Bununla bağlı “past.am” saytında maraqlı məlumat yayılıb. Belə ki, S.Şoyqu Ermənistan silahlı qüvvələri ətrafında gedən situasiyanı diqqətlə izlədiklərini Arutunyanın diqqətinə çatdırıb. Rusiya müdafiə naziri Ermənistan ordusunun dağılmasına yol verməyəcəklərini də vurğulayıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın silahlı qüvvələrə qəsdi, əslində, Qərbin sifarişidir. Ermənistan müdafiə naziri rusiyalı həmkarını sakitləşdirməyə çalışaraq, problemin orduda deyil, konkret olaraq baş qərargah rəisi Onik Qasparyan və onun ölkə rəhbərliyinə qarşı çıxışını dəstəkləyən hərbçilərdə olduğunu söyləyib. S.Şoyqu isə onunla razılaşmayıb, habelə bildirib ki, Ermənistan-Rusiya hərbi əməkdaşlığı bölgədə strateji əhəmiyyət daşıyır.
Maraqlıdır, bütün bu iddiaları ekspertlər necə dəyərləndirirlər?
“Ermənistan ordusu ətrafında yaşananlar həm də KTMT-nin imicinə zərbədir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Şoyqunun Arutunyana irad bildirməsi və onu, bir növ, danlaması real görünür: “Məsələ ondadır ki, Paşinyan həm xarakter, həm də mahiyyət etibarilə Rusiyameylli adam sayılmır. Baxmayaraq ki, Ermənistanın taleyində Rusiya strateji əhəmiyyət daşıyır və böyük rol oynayır. Moskva bütün bunların fərqindədir. Paşinyanın kabinetində təmsil olunanların bir çoxu Sorosun yetirmələridir. Onların hərəkətləri və fəaliyyəti birbaşa Rusiyaya qarşı yönəlib. Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə rus bayrağı İrəvanın mərkəzində yandırılıb. Dəfələrlə Rusiya ordusunun ölkədən çıxarılması ilə bağlı çağırışlar səslənib. Paşinyan görür ki, ordu Ermənistanda Rusiyanın əsas dayağıdır. Ona görə də hadisələri dramatikləşdirir ki, Rusiyanın təsir imkanları zəifləsin. Ancaq Kreml ordu məsələsinə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontekstində yanaşır. Çünki Ermənistan ordusu ətrafında yaşananlar həm də KTMT-nin imicinə zərbədir. Şoyqunun səbrini daşıran məhz bu amillərdir. Bir tərəfdən Paşinyan “İsgəndər” raketləri barədə dünya ictimaiyyətində mənfi rəy yaradır, o biri tərəfdən ordunun üzərinə gedir. Düzdür, 44 günlük müharibədən sonra Ermənistanın Rusiyaya qarşı manevr imkanları məlum səbəblərdən məhdudlaşıb. Ancaq bu heç də o demək deyil ki, Paşinyan Moskvadan zamanla uzaqlaşmaq siyasətindən tamamilə əl çəkib. Qətiyyən belə düşünmək olmaz. Onun əsas məqsədi indiki məqamda ordu üzərində nəzarət imkanlarını artırmaqdır. Çünki ordunu öz hakimiyyətinə qarşı potensial təhdid mənbəyi hesab edir”.
Hərbi ekspert onu da qeyd etdi ki, Ermənistan ordusu daxilində baş verən proseslərin yaxın perspektivdə sona çatacağı real görünmür.
Vidadi ORDAHALLI