Bu gün Ermənistanda ciddi narazılıq predmetinə çevrilən əsas məsələlərdən biri də bu ölkənin İranla münasibətlərində passiv vəziyyətin yaranmasıdır. Ermənistan mediası yazır ki, ümumiyyətlə, son illər ərzində İran üçün İrəvanla müqayisədə Bakı daha ön planda yer alır. Elə bu səbəbdən İran Ermənistanla əlaqələrin inkişafına daha əvvəlki kimi xüsusi maraq göstərmir.
Məsələ ilə bağlı “tert.am” portalı qeyd edir ki, Azərbaycanın əraziləri azad etməsindən sonra vəziyyət Ermənistanın mənafeləri baxımından daha da pisləşib. Portal yazır ki, İran Qarabağda və Arazboyu ərazilərdə də Azərbaycanla əməkdaşlığa indi xüsusi maraq göstərir. Bu fonda İran və Azərbaycan arasında əməkdaşlıq genişləndiyi halda Tehran-İrəvan münasibətlərində əks vəziyyət müşahidə edilir. Qeyd edək ki, həqiqətən də İran işğaldan azad edilmiş ərazilərin bərpası prosesində Azərbaycanla işbirliyinə xüsusi diqqət yetirir. Bunu İranın Azərbaycandakı səfiri seyid Abbas Müsəvi də xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, İran 15 ölkə ilə qonşu və həmsərhəddir. Lakin bu ölkələrin arasında Azərbaycanın İran üçün xüsusi yeri var. O bildirib ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni reallıqların yaranmasına səbəb olub: “Bu reallıqlar ondan ibarətdir ki, azad olunan rayonlar İranla sərhəddə yerləşir. Bu rayonların bərpasından sonra iki qonşu və dost ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkan yaranıb. İran şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyirlər. Bərpa olunacaq rayonların İranla sərhəddə yerləşməsi tikinti materiallarının, digər ləvazimatların tez çatdırılmasına imkan verəcək və nəqliyyat xərci də çox az olacaq”. Səfir nəzərə çatdırıb ki, İranın Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində iştirak edə bilər. Diplomat qeyd edib ki, İran ilə Azərbaycan Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” su anbarlarının tikintisinin davam etdirilməsi haqqında razılığa gəliblər: “Bu anbarlar hər iki tərəf üçün faydalıdır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatının su problemi həll olunur. Eyni zamanda, Astaraçay üzərində yeni körpünün inşası barədə də razılıq var. Bu körpü İran ilə Azərbaycanın birgə iştirak etdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında böyük rol oynayacaq”.
İran İslam Şurası Məclisinin beynəlxalq siyasət və milli təhlükəsizlik üzrə komitəsinin rəhbəri Müctəba Zünnuri də qeyd edir ki, Tehran Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini daha da dərinləşdirməkdə maraqlıdır. O bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır: “Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət iki qonşu və dost dövlətin iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsinə imkan yaradıb və bu imkandan istifadə etmək lazımdır. İqtisadi sahədə əməkdaşlıq tərəflərin xalqlarının mənafeyinə uyğundur. İşğaldan azad olunan Qarabağın bərpasında İran şirkətləri iştirak etməyə hazırdır. Buradakı məscidlərin, tarixi və dini abidələrin bərpası üçün İran şirkətləri böyük təcrübəyə malikdir”. Bununla yanaşı məlumdur ki, Azərbaycan və İran birgə sənaye şəhərciyi yaratmağa hazırlaşır. Söhbət ilk növbədə Ərdəbildə belə şəhərin yaradılmasından gedir. Ərdəbil vilayətinin valisi Əkbər Bəhnəmcu qeyd edir ki, Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye şəhərciyi yaratması hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin artmasına imkan yaradacaq. O bildirib ki, yeni sənaye şəhərciyi dəmir yolunun yaxın ərazisində inşa ediləcək, bu da Ərdəbil vilayətinin Qafqaz respublikaları ilə idxal-ixrac əməliyyatlarının artmasına şərait yaradacaq: “Şəhərcikdə istehsal olunan ixracyönümlü məhsullar Azərbaycana və Azərbaycan üzərindən isə tranzit olaraq Zaqafqaziya, Mərkəzi Asiya, Rusiya və digər ölkələrə ixrac olunacaq”.
İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni də birgə sənaye şəhərciyinin yaradılmasını yüksək qiymətləndirir: “Ərdəbil vilayətində İran ilə Azərbaycanın birgə sənaye şəhərciyi yaratması iki qonşu və dost ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Sənaye şəhərciyi həm iki ölkənin iqtisadi əlaqələrini artıracaq, həm də ayrılıqda ölkələrdə sosial vəziyyətin inkişafına təkan verəcək. Şəhərciyə müştərək sərmayələrin yatırılması da nəzərə tutulub ki, bunun da nəticəsində zavod və fabriklər inşa ediləcək. Burada istehsal olunan məhsullar ixrac edilməklə yanaşı, daxili bazarların tələbatını da ödəyəcək”. O qeyd edib ki, sənaye şəhərciyinin Ərdəbilin Parsabad qəsəbəsi yaxınlığına tikilməsi təsadüfən seçilməyib: “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas seqmentindən olan dəmir yolu xətti məhz buradan keçəcək ki, bu da istehsal olunan malların ixracı üçün əlverişlidir. Sənaye şəhərciyinin salınması və birgə sərmayənin yatırılması üçün İran və Azərbaycan böyük iqtisadi potensialı var”. Bunu dəyərləndirən Almaniyanın Zigen Universitetinin professoru Müslüm İbrahimov bildirir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur. Azərbaycan və İran arasında birgə sənaye şəhərciyinin yaradlması da belə maraq nöqtələrindən biridir: “İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.
Ramil QULİYEV