Mətbuatın yaydığı məlumata görə, Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, regionda sülhə və əməkdaşlığa hazırlaşmağın zamanıdır. “Gördüklərim mənə onu hiss etdirdi ki, artıq sülhün və bağışlamağın zamanıdır. Düşünürəm ki, biz buna hazırlaşmalıyıq. Hökumətlərin, məktəblərin, ailələrin, valideynlərin bununla bağlı məsuliyyəti var. Onlar öz övladlarına elə təhsil verməlidirlər ki, onlar daha bir-birini düşmən kimi yox, tərəfdaş kimi görsünlər, bütün bunlar regional əməkdaşlıq üçün vacibdir”.
Ekspertlərə görə, Fransanın ölkəmizdəki səfirinin çağırışının əsas ünvanı Azərbaycan yox, Ermənistan olmalıdır, çünki bütün bəlaların, problemlərin, bölgədə sülhün yaranması üçün təhlükə mənbəyi bu ölkədir. Ekspertlər deyirlər ki, Azərbaycanda dövlət başçısı səviyyəsində əlaqələrin bərpasından, kommunikasiyanın açılmasından danışılır, Ermənistan isə revanşizmə rəvac verir, yeni işğal planlarından danışır, Azərbaycan torpaqlarına qarşı yeni təcavüz iddialarında bulunur. Bununla yanaşı, Ermənistanın bütün ali və orta məktəblər üçün dərslik vasitələrində, kitablarda, istərsə də uşaq bağçaları üçün bütün vəsaitlərdə Azərbaycana qarşı nifrət, islamofobiya təbliğ edilir, uşaqlarda nifrət hissi formalaşdırılır.
Azərbaycanın həmişə humanist mövqe tutduğunu deyən ekspertlər hesab edirlər ki, Fransanın ölkəmizdəki səfirinin tövsiyə etdiyi sülhə hazırlıq prosesi Ermənistanda başlamalıdır.
“...daha çox Azərbaycana qarşı qızışdırıcı, təhrikedici mövqe tuturlar”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Fransanın Azərbaycandakı səfirinin sülhə hazırlaşmaq tövsiyəsi daha çox Ermənistana ünvanlanmalıdır: “Qross iddia edirsə ki, burada tərəfdaşlıq olmalı, sülhə hazırlıq prosesi getməli, tərəflər bir-birini bağışlamalıdır və sair, sülhə, humanizmə tərəf ilk addım atan həmişə Azərbaycan olub, amma sülhə zidd davranan, öz hərəkətləri ilə sülhə hazırlığa zərbə vuran, aqressiya göstərən, işğalçı rolunda çıxış edən isə Ermənistan olub. Eyni zamanda, Ermənistanın arxasında dayanan bir çox güclər, o cümlədən də Fransanın da aid olduğu bəzi Qərb dövlətləri konkret olaraq Ermənistana sülhə hazırlıqla bağlı tövsiyələr vermək əvəzinə, daha çox Azərbaycana qarşı qızışdırıcı, təhrikedici mövqe tuturlar. Yəni Azərbaycan müharibədən əvvəl də, müharibə zamanı da, müharibədən sonra da insanlığa yönəlik, bəşəri humanizmə xidmət edən bütün addımları atdı. Müharibədən əvvəl də Ermənistana dəfələrlə xəbərdarlıq etdi ki, Azərbaycan torpaqlarını boşaltsın, işğalçılıq niyyətlərinə son qoysun. Ermənistanın bu işğalçılıq niyyətləri həm də təkcə Azərbaycana qarşı deyildi, Ermənistan hökumətinin, ermənilərin eyni şəkildə Türkiyəyə və hətta Gürcüstana qarşı idi ərazi iddiaları və işğalçılıq niyyətləri heç kəsə gizlin deyildi”.
F.Ələkbərli hesab edir ki, Ermənistanda işğalçılıq artıq bir ideoloji məsələdir və mütəmadi olaraq qonşu dövlətləri işğalçılıq planları ilə təhdid edir, bu ölkə uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Ermənilərin 1918-ci ildə qurduğu Ararat Respublikası və bu gün onun davamı olan Ermənistan Respublikasının da məhz Azərbaycan ərazilərinin hesabına yaradıldığını, qurulduğunu deyən F.Ələkbərlinin sözlərinə görə, bunu ermənilər özləri yaxşı bilirlər: “Buna baxmayaraq, onlar işğalçılıq niyyətlərini davam etdirərək Azərbaycan, Türkiyə, Gürcüstan torpaqları hesabına öz ərazilərini daha da genişləndirmək istəyirlər. “Böyük Ermənistan” arzusu ilə bu mənfur, faşist ideyalarını genişləndirmək yolu tutublar ki, bu bir gerçəklikdir. Fransa isə çox təəssüflər olsun ki, həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibə sonrası Ermənistanı revanşizmdən, işğalçılıq niyyətlərindən əl çəkdirmək, onu sülhə hazırlmaq əvəzinə, tamam əks mövqe tutub. Qrossun sülhə hazırlıqla bağlı verdiyi tövsiyə birbaşa Ermənistanın işğalçılıq siyasətinə, revanşizminə qarşı yönəlməli, ünvan bu ölkə olmalıdır, nəinki sülhsevər, humanist, ədalətli mövqe tutan, siyasət yürüdən Azərbaycan. Onsuz da Azərbaycan hər zaman dünyada özünün ədalətli, humanist və sülhsevər mövqeyini ortaya qoyub. Ancaq, təbii ki, bunun gerçəkləşmədiyi təqdirdə də öz haqlı mübarizəsini, davasını, mücadiləsini müharibə meydanında, cəbhədə də aparıb və qələbəni böyük ölçüdə əldə edib. Yəni ona görə də bugünkü şəraitdə də görürük ki, Ermənistan hökuməti, erməni xalqı bundan nəticə çıxarmaq əvəzinə, hansısa revanşist qüvvələri ortaya çıxarır və revanşist qüvvələrin də meydana çıxması təsadüfi ola bilməz. Fransa bu məsələyə diqqət yetirməlidir ki, nədən məhz yenidən Ermənistanda müharibə tərəfdarları güclənir və onlar yeni bir müharibəyə hazırlaşdıqlarını bəyan edirlər. Fransa dövləti, hökuməti, o cümlədən də səfir Qross bu məsələlərə diqqət yönəltməlidir. Azərbaycan əleyhdarlığı, türk, islam əleyhdarlığı çox təəssüf ki, Ermənistanda olduğu kimi, eyni şəkildə Fransada da mövcuddur. Biz bunu dəfələrlə görmüşük. Hətta 19, 20-ci əsrlərdə, 21-ci əsrin əvvəllərində fransızların siyasətində hələ də məhz bu hiss olunur. Ermənistanın, əslində, Türkiyə, Azərbaycan əleyhdarlığı islamafob və türkfob bəzi Qərb dövlətlərindən, eləcə antiislam, antitürk təşkilatlardan qaynaqlanır, onlar bunlardan “ruh alırlar”. Bundan “ruhlanaraq” torpaqlarımıza qarşı işğalçılıq siyasəti yürütmüşlər və indi də onu davam etdirmək istəyirlər. Qross üzünü yanlış yerə çevirir, onun müraciət edəcəyi, tövsiyə verəcəyi ölkə həm Fransa, həm də Ermənistandır. Qross, əslində, Fransanın mövqeyini ifadə edirsə, biz o mövqeyi çox yaxşı bilirik ki, fransızlar müharibədən əvvəl, müharibə dövründə və müharibədən sonra hansı mövqe ortaya qoyublar. Mənə elə gəlir ki, Fransa dövləti özü də Ermənistana qarşı həm müəyyən mənada öz siyasətini dəyişməlidir, həm də ona təzyiq göstərməlidir ki, artıq bəsdir, əgər bu cür davam edəcəksə, sizin bölgədə heç zaman sülh və əmin-amanlıqdan söhbət gedə bilməz. Bir sözlə, Qrossun üzünü tutub sülhə hazırlıqla bağlı məsləhət verməli olduğu ölkə Azərbaycan yox, Ermənistan olmalıdır, çünki bu məsələdə də məsuliyyəti bu ölkə daşıyır” - deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA