Ermənistan Prezidenti Armen Sarkisyan mətbuatda onun “Bakıya səfəri” barədə yayılan məlumatları rəsmən təkzib etmək məcburiyyətində qalıb. Belə ki, “İravnuk” qəzeti Makedoniyanın Ermənistandakı fəxri konsulu vəzifəsini daşıyan Araik Sarkisyana istinadla Ermənistan Prezidenti Armen Sarkisyanın ötən il noyabrın 17-də, yəni müharibənin bitməsindən bir həftə sonra Bakıya gizli səfər etdiyini yazıb. Fəxri konsul deyib: “Prezidentdən soruşun ki, noyabrın 17-də Bakıda nə edirdi?”
Bu iddia Ermənistanda böyük səs-küyə səbəb olduğundan Prezident Administrasiyası rəsmi bəyanatla çıxış etməli olub. Bəyanatda deyilir ki, Prezidentin Bakıya səfəri barədə deyilənlər yalan və dezinformasiyadır: “Prezident nə həmin gün, nə də hansısa başqa bir gün Bakıda olmayıb. Bu, açıq yalan və dezinformasiyadır”.
Bəyanatda əlavə olaraq qeyd edilir ki, noyabrın 17-də, Ermənistan Prezidenti Kanadanın bu ölkədəki yeni səfirinin etimadnaməsini qəbul edib.
Təbiidir ki, bu məlumat sırf dezinformasiyadır. Çünki belə bir səfərin baş tutaması mümkün deyil. Maraqlı olan budur ki, Ermənistan cəmiyyəti və ictimai rəyi həmin ölkənin Azərbaycana reallaşa biləcək səfərlərini böyük aqresiya ilə qarşılayırlar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanması ilə müharibə bitib: “Sonrakı proseslər də qısa müddətli narahatlıqları nəzərə almasaq plan üzrə davam edir və iştriakçı tərəflər - Rusiya, Azərbaycan bütün öhdəliklərini yerinə yetirir. Ermənistan isə müəyyən sobataj və təxribatlara əl atmaq istəsə də, öhdəliklərini həyata keçirməyə məcbur edilir. Yəni, Ermənistan prezidentinin Bakıya gizli səfər etməsini zəruri edən heç bir hadisə baş verməyib. Hətta Ermənistan Prezidenti Armen Sarkisyan “Bakıya səfəri” baş tutmuş olsa idi belə, bu, gizli qala bilməzdi. Diqqət çəkən məqam budur ki, erməni cəmiyyəti bu halı böyük aqresiya ilə qarşılayır. Bu, həmin cəmiyyətin revanşist hisslərindən xəbər verir. Məsələ ondadır ki, hərbi əməliyyatların dayandırılması üzrə bəyanatın müddəalarından biri regionun nəqliyyat kommunikasiya xətlərinin blokdan çıxarılması, nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyaları şəbəkələrinin yaradılması prosesi aktiv davam edir və bu proseslərin müzakirəsində Ermənistan rəsmilərinin iştirakı da qaçılmazdır.
Amma bu mövzuların kompromat, ittiham səviyyəsində istifadə olunması ölkədə siyasi gərginlik daha da artmasına xidmət edir və siyasi qruplar bu kimi məqamları bir- birinə qarşı siyasi alət olaraq istifadə edirlər”.
Politoloqun sözlərinə görə, Ermənistanda belə faktları məhz hakim fraksiyadakı siyasi qrupların bir-birinə qarşı kompromat kimi istifadə etməsi hazırkı vəziyyətdə mövqelərin möhkəmləndirilməsi və ya rəqib mövqelərin zəiflədilməsinə xidmət edir: “Bu gün ölkədəki siyasi proseslərə təsir edən, hakimiyyətdə iki sima - prezident Sarkisyan və baş nazir Nikol Paşınyan mövcuddur. Bu simaların mənsub olduqları qruplar bir -birinin zəifləməsi üçün əlindən gələni edir. Bugünlərdə səslənən bu kompromatın nəticəsini dünən Ermənistan Prezidenti Armen Sarkisyanın qəbul etdiyi qərarlarda özünü biruzə verdi. Yekun olaraq onu qeyd edim ki, Ermənistan tərəfinin praqmatik yanaşması mövcud olacağı, razılaşmalara əməl edəcəyi, dayanaqlı sülhün mövcud olacağı halda, iki ölkənin müxtəlif ranqlı rəsmilərinin görüşləri intensivləşəcək və buna normal yanaşmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ