Ermənistanda davam edən siyasi böhran fonunda ölkə müxalifəti əsas dayaqlarından birini itirmək üzrədir. Bu barədə danışmazdan öncə xatırladaq ki, Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın və digər yüksək rütbəli hərbçilərin baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra siyasi fəallığını xeyli artırmışdı. Müxalifət Onik Qasparyanı özünün əsas dayaqlarından biri hesab edirdi.
Lakin hadisələrin real gedişi müxalifətin Onik Qasparyanın dəstəyindən məhrum olduğunu göstərir. Belə ki, mövcud Ermənistan qanunvericiliyinə əsasən, Paşinyan Qasparyanı vəzifədən uzaqlaşdırmaq imkanı qazanıb. Xatırladaq ki, Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Baş nazir bunu “çevrilişə cəhd” adlandırıb və Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb. Sarkisyan Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.O, martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmənin 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib. Konstitusiya Məhkəməsi martın 12-dək müvafiq cavab verməlidir. Ancaq burada “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirilməsi Konstitusiya Məhkəməsində araşdırma predmetidir. Elə bu səbəbdən erməni mediası yazır ki, Konstitusiya Məhkəməsi bilavasitə Qasparyanın istefaya göndərilməsi məsələsini dəyərləndirmir. Bu səbəbdən martın 12-də Paşinyanın Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı avtomatik olaraq qüvvəyə minəcək. Artıq Paşinyan Qasparyanı əvəz edəcək namizədi də müəyyən edib. Lakin onun kimliyini hələlik gizli saxlayır. Qasparyanın vəzifədən getməsi isə müxalifətin mühüm dayaqlarından birinin itirilməsi, Paşinyanın mövqeyinin güclənməsi deməkdir.
“Vətənin xilası uğrunda hərəkat”ın koordinatoru İşxan Saqatelyan isə qeyd edir ki, müxalifət Qasparyanın səlahiyyət müddəti bitdikdən sonra mübarizənin yeni strategiyasını təqdim edəcək. Onun sözlərinə görə, müxalifətin vəziyyətdən asılı olaraq hazır ssenariləri var. Bu fonda Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan erməni gəncləri hakimiyyətə qarşı qiyama çağırıb. O, gənclərin Nikol Paşinyana qarşı kifayət qədər aqressiv olmamasından narazılığını bildirib: “Biz çox dözümlü xalqıq. İspaniyada musiqiçinin həbsinə görə 100 min nəfər gənc küçələrə axışaraq “Molotov kokteyli” ilə maşınları yandırdılar. Biz isə vətənimizin bir hissəsini itirmişik və heç nə, sakit aksiyalar gedir”. Lakin erməni cəmiyyətində müxalifətə yetərincə dəstək olmadığından Paşinyana qarşı qiyam hələ də mümkün sayılmır. Müxalifətin hərbçilər tərəfindən dövlət çevrilişi edib Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağına dair gözləntilər də özünü doğrultmur.
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da indiki halda hərbi çevrilişə cəhdi təhlükəli hal sayır: “Bəzi qüvvələrin konstitusiyaya zidd hərəkətlərə təhrik etmək çağırışlarına cavab olaraq ordunun təmkinli davranışını alqışlamaq istəyirəm. Bu cür davranışı ordu rəhbərliyinin dövlət zehniyyətinin nümunəvi təzahürü, ölkəni dağıdıcı zərbələrdən uzaq tutmaq üçün dürüst bir səy kimi qəbul edirəm ki, bu da bütün millətimizin səmimi təşəkkürünə layiqdir”. Petrosyan vurğulayıb ki, bəzi siyasətçilər məsuliyyətsiz açıqlamaları ilə Cənubi Koreya, Misir kimi dövlətlərdəki hərbi çevrilişi nümunə kimi gündəmə gətirməklə böyük səhvə yol verirlər: “Hərbi çevrilişi dövlətin gücləndirilməsi üçün çıxış yolu kimi göstərənlər son dərəcə təhlükəli mövqe sərgiləyirlər. Əlbəttə, bu kimi nümunələr var, ancaq çevrilişlərin dövri hala keçməsi, sözün əsl mənasında dövlətin məhvinə səbəb olar. Biz oxşar nümunələr gətirə bilərik: Məsələn, Əfqanıstan, Sudan, Nikaraqua, Haiti, Dominik Respublikası, İraq, Liviya, Somali kimi dövlətlərdə hərbi çevriliş mütəmadi hal aldığından bu ölkələrdə dövlətçilik institutu məhv edilib. Buna görə hesab edirəm ki, bütün ermənilərin vəzifəsi Ermənistanı adıçəkilən dövlətlərin siyahısına daxil etməmək olmalıdır”. Hazırda orduya Paşinyanı devirmək üçün çağırış edən əsas tərəf “Vətənin xilası uğrunda hərəkat”, xüsusən də sabiq prezident Robert Köçəryandır.
Ermənistanın "Alternativ Layihələr Qrupu" ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan isə qeyd edirki, hərbçilər tərəfindən çevriliş edilməsi artıq gündəmdən çıxır. Bu da müxalifətin çevrilişə cəhd ümidinin puç olması deməkdir: “Hazırda ölkənin qarşısında sadəcə bir sual durur: Ermənistanı saxlayacağıq, ya yox? Keçmiş prezidentlər bunu bilirsə, fikir ayrılıqlarını kəskin və açıq şəkildə həll etməli və dərhal ölkənin Nikoldan xilasını qətiyyətlə elan etməlidirlər. Baş Qərargah və Ermənistan ordusu da bunu dərk edirsə, dərhal "aristokrat" əhvalından çıxmalı və hər hansı bir dövlətin ordusunun dövlətin 100% dağılma təhlükəsi altında atmalı olduğu addımları atmalıdır. Lakin bunu ordu etmir. Deməli, Paşinyanı hərbçilər də devirməyəcək”. Ovannisyan bu fonda Türkiyə və Azərbaycandan qorxusunu gizlətməyib: “Sünikdən (Zəngəzur) keçəcək dəhlizlə Ermənistanın türkləşdirilməsi başlayacaq, Bunun ardınca türk bankları və müəssisələri gələcək. Çox miqdarda daşınmaz əmlak və torpaq sahəsi əldə edəcəklər. Sizi qanunları dəyişdirməyə məcbur edəcəklər. Hökumət hələ də Türkiyə və Azərbaycan ilə layiqli münasibətlər qurmaq lazım olduğunu düşünə bilmir”. Sünikin keçmiş vilayət rəisi Vahe Hakobyan da ölkəsi üçün nikbin proqnoz səsləndirimir: “Fəaliyyətdə olan hakimiyyət Qarabağın, eləcə də Sünikin səhifəsini bağlanmış hesab edir”. Onun sözlərinə görə, guya Azərbaycan üçüncü ölkələrin şirkətlərinin adı ilə Sünik torpaqlarını satın alır, ermənilərin qovulmasını həyata keçirir. Lakin qeyd edək ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu fonda Ermənistanla da əməkdaşlığı mümkün sayır.
Tahir TAĞIYEV