Prezident YAP-ın qurultayında belə bir məqama diqqəti yönəltdi ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bununla belə, ölkə başçısı qeyd edib ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu saziş imzalamağa hazırlaşır və sənədin 90 faizi hazırdır.
Eyni zamanda, Prezident sözügedən sazişlə bağlı qeyd edib ki, biz Aİ ilə sıx əlaqələr qurmuşuq: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Hazırda heç kim haqda danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq Tərəfdaşlığı” ölkələrindən hansı Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Heç biri. Onlar assosiativ saziş imzalayıblar. Mən bu sazişi görmüşəm. Bu, faktiki olaraq, saziş deyil, təlimatdır, sadəcə, təlimat. Bu ölkələrə təlimatlar verilir: bunu belə etmək lazımdır, ya başqa cür. Mən isə bundan imtina etdim. Dedim ki, bizə belə bir təlimat lazım deyil. Biz özümüz bilirik ki, nə etmək lazımdır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu şərtlərlə qurur. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə də biz bu sahədə də uğurlar əldə etmişik, çünki bizim başqa ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir”.
Görünən odur ki, Azərbaycan müstəqil ölkə olaraq yalnız bərabərhüquqlu tərəfdaşlıqda maraqlıdır, hansısa təlimat xarakterli tövsiyələri yerinə yetirməkdə yox. O baxımdan, ölkə başçısının sözügedən məsələdə ortaya qoyduğu siyasəti ekspertlər necə dəyərləndirirlər?
“Assosiativ sazişlərin təlimat xarakterli olması, bir növ, həmin ölkələrə təzyiq göstərilməsini özündə ehtiva edir”
Məsələyə münasibət bildirən politoloq Elşən Manafovun fikrincə, Prezidentin assosiativ sazişlə bağlı sərgilədiyi mövqe tamamilə əsaslıdır: “Ölkə başçısının məlum məsələyə münasibəti beynəlxalq hüquq normaları baxımından tamamilə izahedilən və anlaşılandır. O halda ki, dövlətlər bir-birinin daxili işlərinə qarışmamalıdırlar və tərəflər suveren hüquqlara hörmət etməlidirlər. Bugünkü dünyanın reallıqlarından biri ondan ibarətdir ki, dünyanın müqəddəratını həll etmək iqtidarında olan güclü dövlətlər müxtəlif bölgələrdə öz geosiyasi və geopolitik maraqlarını təmin etmək üçün müxtəlif vasitələrə əl atırlar. Yəni fərqli siyasət yeridən dövlətlərlə münasibətləri onların hüquqlarına hörmət zəminində deyil, öz maraqları kontekstində qururlar. Bir həftə əvvəl ABŞ-ın dövlət katibi bəyan etdi ki, artıq Birləşmiş Ştatların həyati mənafeyi olan ölkələrdə avtoritar rejimləri müharibə və hərbi çevrilişlə deyil, tamamilə başqa üsullarla devirəcəyik. Bu o deməkdir ki, ABŞ suveren və legitim hakimiyyətləri öz maraqlarına cavab verməyəndə zor gücü ilə devirir. Bax, dünyada bu kimi ədalətsizliklər mövcuddur. Reallıq onu göstərir ki, Aİ-nin bir sıra ölkələrlə imzaladığı assosiativ sazişdə əksini tapan tövsiyələr təlimat xarakterlidir. Bu isə, bir növ, həmin ölkələrə təzyiq göstərilməsini özündə ehtiva edir. Nəticədə bir sıra ölkələr Aİ qarşısında müəyyən öhdəliklər götürürlər. O cümlədən, dövlətlər arasında münasibətlər bərabərhüquqlu müstəvi üzərində qurulmur. Bu da dövlətlərarası münasibətlərin üfüqi deyil, şaquli istiqamətdə qurulması ilə bağlı məsələlərin yaranmasına gətirib çıxarır. Əlbəttə ki, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan suveren və müstəqil dövlətdir. Özünün xarici siyasətini çoxvektorlu əsaslar üzərində qurub. Belə olan halda, hansısa qurum ölkəmizlə diqtə dilində danışa bilməz”.
Politoloq hesab edir ki, Azərbaycan hər zaman olduğu kimi, müstəqil siyasətə önəm verməlidir.
Vidadi ORDAHALLI