Ermənistanı keçmiş baş nazir Qrant Baqratyan Facebook səhifəsində Qazaxın hələ erməni işğalında olan 7 kəndinin Azərbaycana qaytarılmasına hazırlığın aparıldığı ilə bağlı paylaşım edib.
O, səhifəsində Azərbaycan hərbçilərinin "elə indi, bu saatlarda" Bərxudarlı kəndinin (işğal edilmiş kəndlərdən biri) yaxınlığında, Azatamut kəndi ətrafında ölçmə işləri apardıqlarını yazıb: "Artıq sakinlərə yaxınlaşıblar və çox "nəzakətlə" deyiblər: öz evlərinizi və çardaqlarınızı çayın o tərəfinə keçirin”. Ermənistan Müdafiə Nazirliyi çox keçmədən bu məlumatı təkzib edib, bildirib ki, Azərbaycanla sərhədin Tavuş vilayətindən keçən hissəsində heç nə baş vermir, heç kim ölçmə işləri aparmır və sərhəd adi rejimdə qorunur.
Lakin daha sonra Azatamut kəndinin icma rəhbəri Artur Beqinyan bildirib ki, Rusiya sülhməramlıları həqiqətən kəndə gəliblər: "Mənə bu haqda hərbçilər dedilər, amma hansı məqsədlə gəliblər, heç kim bilmir. Mən şəxsən görməmişəm, biri deyir hərbi hissəyə gəliblər, digəri deyir gəldilər və sərhədə tərəf getdilər. Müxtəlif şaiyələr gəzir, amma rəsmi heç nə yoxdur. Deyirlər ki, Rusiya sülhməramlıları bir neçə "pikap"larda gəlmişdilər və Noyemberyana tərəf getdilər. Azərbaycanlılar isə gəlməyiblər, öz bayraqlarını yerləşdirməyiblər, belə şey yoxdur".
Şaiyələr isə bununla da bitməyib, sosial şəbəkələrin erməni seqmentində və telegram-kanallarda daha sonra Azərbaycan qoşunlarının Tavuş vilayəti istiqamətində cəmləşdiyi, atəş səsləri eşidildiyi haqda xəbərlər yayılıb. Ermənistan Müdafiə Nazirliyi növbəti bəyanatla çıxış etməli olub və bildirib ki, Azərbaycanın Tavuş istiqamətində, İcevan və Şəmsəddin tərəfdə böyük qüvvə, o cümlədən ağır hərbi texnika cəmləşdirdiyi, Ermənistan ordusunun 3-cü korpusunda həyacan siqnalı verildiyi haqda yayılanlar dezinformasiyadır. Qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Qazax rayonunun 7 kəndi-Sofulu, Bərxudarlı, Bağanıs Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. 10 noyabr üçtərəfli razılaşmasından sonra həmin kəndlərin də Azərbaycana qaytarılacağı haqda söz-söhbətlər dolaşmağa başlayıb. Yaxın zamanlarda Qazaxın erməni işğalı altında olan kəndlərinin Azərbaycana qaytarılması nə dərəcədə real görünə bilər?
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin ərazilər mütləq mənada Azərbaycana qaytarılmalıdır: “Burada heç bir şübhə ola bilməz. Əldə olunan üçtərəfli razılaşmada da bu bənd var. Bundan ermənilər yox, biz narahatlıq keçiririk ki, niyə bizim işğal altında qalan kəndlərimiz hələ də azad olunmayıb? Boşaldılması zəruri olan ərazilərdən biri həmin 7 kənd olmalıydı. Yəqin ki, bu istiqamətdə müəyyən proseslər gedir. Erməni mediasını izləyirik. Orada biri bunu təsdiqləyir, digəri təkzib edir. Ermənilərin bundan narahatlıq keçirməsi çox gülməli görünür. Ermənistanın bir narahatlığı da həmin kəndlərin yolu ilə bağlıdır. Çünki Qazaxın məlum 7 kəndi erməni kəndlərinin əhatəsində, anklav şəraitində olub. Oranın azad edilməsi mütləq baş tutacaq. Ora aparan yolun necə çəkiləcəyi sual altındadır. Ermənilər ehtiyat edir ki, bunu onların kəndlərinin ərazisi hesabına edə bilərlər. İstənilən halda, bu , baş tutacaq. Gədəbəyin Şınıx zonasında bəzi ərazilərin ermənilərə verilə biləcəyilə bağlı səslənən fikirlərin əsası yoxdur. Söhbət Başkənddən gedir. Ermənilər bu adla kifayət qədər manipulyasiyalar edirlər. Amma bilməlidirlər ki, həmin ərazi birmənalı olaraq Azərbaycana aiddir. Sadəcə, SSRİ zamanında ermənilərə yaylaq üçün verilib. Həmin vaxt bəzi erməniıər ev tikərək, həmin ərazidə yaşayıblar. Sərhədin müəyyənləşməsi prosesi köhnə SSRİ xəritəsi əsasında aparılır. Biz Zəngəzur istiqamətində də bunu gördük. Keçmiş SSRİ xəritəsində isə Gədəbəyin Başkəndi Azərbaycan ərazisi kimi göstərilir”.
Məhəmmədəli QƏRİBLİ