Qarabağın dövlət bərpa konsepsiyasının hazırlanması üzərində iş başlayıb

Rasim Həsənov: “Qarabağın bərpasına daha çox dünyada tanınan xarici şirkətlər dəvət edilə bilər”

img

İşğaldan azad edilmiş Qarabağ bölgəsi vaxtilə Azərbaycan iqtisadiyyatında xüsusi çəkiyə malik olub. Bəllidir ki, işğalın davam etdiyi 28 il ərzində həm sosial-iqtisadi, həm də ekoloji baxımdan çox ciddi ziyanlar müşahidə edilib.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov media nümayəndələrinə açıqlamasında qeyd edib ki, Qarabağda 600-dən çox sənaye və kənd təsərrüfatı müəssisəsi tamamilə dağıdılıb, həmçinin, bölgənin zəngin təbii ehtiyatları səmərəsiz formada istismar edilib: “Hazırda nazirlik Qarabağın bərpası üzrə xüsusi konsepsiya hazırlayır. Sənəddə işğaldan azad edilmiş ərazilərin mərhələli şəkildə, ixtisaslaşma aparmaqla və vahid yanaşma tətbiq etməklə bərpası öz əksini tapacaq. Kənd təsərrüfatı və sənayenin inkişafına imkan verən aqrar sənaye komplekslərinin yaradılmasına, turizm obyektlərinin inşasına, təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsinə başlanacaq”.

  • ...nüanslar çoxdur”

Qarabağın bərpası üzrə hazırlanacaq konsepsiyanın əhəmiyyəti haqqında danışan iqtisad elmləri doktoru, professor Rasim Həsənov bildirdi ki, Qarabağın işğaldan azad edilən hissəsinin bərpa-yenidənqurulması və iqtisadi fəaliyyətin təmin edilməsi məsələsində nüanslar çoxdur: "Qarabağın yenidən dirçəldilməsi məsələsinə 2 aspektdən yanaşmaq lazımdır. Birincisi, əhalinin məskunlaşması və infrastrukturun qurulması məsələləridir. Bunu Azərbaycan dövləti etməlidir və bu məsələlərin həllində dövlət güzəştli kreditlər və s. hesabına vəsait cəlb edə bilər. İkinci vacib məsələ iqtisadi fəaliyyətin təmin olunmasıdır. İqtisadi fəaliyyətin təmin olunması ərazidə güzəştli iqtisadi rejim yaradaraq investorları cəlb etməklə həll edilməlidir. Mən tərəfdarıyam ki, Qarabağın bərpasına daha çox dünyada tanınan xarici şirkətlər dəvət edilsinlər. Qarabağın müəyyən hissəsində məqsədli zonalar, inkişaf mərkəzləri, yəni texnoparklar, sənaye parkları kimi mərkəzlər yaratmaq yolu ilə xarici şirkətlərin investisiyalarını cəlb etmək lazımdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövlətinin özünün iqtisadi resursları da güclüdür və yəqin ki, Qarabağın dirçəldilməsində həmin resurslardan da istifadə ediləcək. R.Həsənov əmindir ki, iqtisadi dirçəliş məsələsi nə qədər ağır məsələ olsa da, dövlətin qətiyyəti, xalqın birliyi sayəsində qısa müddətdə həll olunacaq.

Günel CƏLİLOVA

Son xəbərlər