Məlum olduğu kimi, Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın Prezidenti Vladimir Putinin imzaladıqları bəyanata əsasən, üç ölkənin rəsmiləri arasında işçi qrupun yaradılması dəstəklənib.
Bəyanata əsasən, 2020-ci il 10 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Prezidenti V.Putinin Azərbaycanın, Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyilə üçtərəfli işçi qrupu yaradılması barədə təklifi dəstəklənir. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin, bundan sonra tərəflər adlanacaq Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcək.
Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə işçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan və Ermənistan ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin, Azərbaycan və Ermənistan tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycanın və Ermənistanın ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Ümumilikdə, vitse-premyerlərin sədrlik etdiyi üçtərəfli komissiyanın işini ekspertlər necə qiymətləndirirlər? Bu, regiona, Qarabağ tənzimləməsinə nə verəcək?
“Komissiya çərçivəsində atılan addımlar, görülən işlər regionda sülhə və təhlükəsizliyə xidmət edəcək”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov buna bir neçə aspektdən yanaşdı: “Moskva görüşündə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 3 ölkə arasında birgə işçi qrupunun yaradılmsı təklif olundu. Putin 10 noyabr bəyanatının 9-cu bəndindən çıxış edərək, Azərbaycanla Ermənistan arasında bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı işçi qrupu yaradılması təklifi ilə çıxış etdi. Məlum olduğu kimi, sözügedən təklifi bütün tərəflər qəbul edib. İşci qrupu Azərbaycanın, Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyilə fəaliyyət göstərəcək. Onların işi bərpa olunacaq nəqliyyat-iqtisadi əlaqələrin istiqamətlərini müəyyən etmək olacaq. Bu istiqamətlərin siyahıları tərtib ediləcək. Çünki iqtisadi-nəqliyyat ifadəsi ümumi xarakter daşıyır. Bunun detallarını yaradılan üçtərəfli komissiya müəyyən edəcək. Bununla əlaqədar müxtəlif istiqamətlər üzrə ekspert qruplarına ehtiyac var. Bu da üçtərəfli işçi qrupu tərəfindən tənzimlənəcək. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın hərb cəbhəsində qazandığı qələbənin məntiqi davamıdır. Yəni diplomatik və iqtisadi baxımdan. Eyni zamanda, sözügedən proses Azərbaycanın milli maraqlarına uyğundur. Komissiya çərçivəsində atılan addımlar, görülən işlər regionda sülhə və təhlükəsizliyə xidmət edəcək. Bununla belə, Qarabağ tənzimlənməsinə ümumən müsbət təkan verəcək”.
Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq regionuna çevrilməsi üçün bütün addımları atır.
Vidadi ORDAHALLI