Hər bir xalqın həyatında, dövlətçilik ənənələrinin formalaşmasında zəngin və qədim tarixə malik olan mədəniyyət çox mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan xalqının minillər boyu yaratdığı böyük və qədim mədəniyyət dövlətçilik tariximizin inkişafında, ictimai fikrimizin təşəkkülündə əvəzsiz rol oynayıb.
Mədəniyyətimizin böyüklüyünü əks etdirən mədəniyyət tədbirlərinin yaradılması və ənənəvi olaraq qeyd edilməsi bizim öz milli soykökümüzə, tariximizə nə qədər bağlı olduğumuzun göstəricisidir.
Azərbaycanın elə şəhərləri var ki, onlar dövlətçilik və mədəniyyət tariximizdə əhəmiyyətli rola malikdir.
“Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri...”
Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa belə şəhərlərimizdəndir. Şuşada vaxtilə dövlət dəstəyilə bir sıra ənənəvi bayramlar keçirilib. Onlardan “Vaqif” poeziya günlərinin, “Xarı bülbül” beynəlxalq musiqi festivalının adlarını qeyd edə bilərik. Təəssüf ki, Şuşa 28 il düşmən tapdağında olduğu üçün biz bu bayramları Şuşada qeyd edə bilmirdik. Ancaq Şuşa Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə qalib ordumuz tərəfindən 2020-ci ilin 8 noyabr tarixində azad edilib.
Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirmişdi ki, Şuşada “Vaqif” poeziya günləri və “Xarı bülbül” musiqi festivalı bərpa olunmalıdır: “Şuşada “Vaqif” poeziya günləri bərpa edilməlidir. “Vaqif” poeziya günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə “Vaqif” poeziya günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? ...Bir daha deyirəm, Şuşada “Vaqif” poeziya günləri bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir - “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri”.
Qeyd edək ki, bu il hər iki tədbirin Şuşada qeyd edilməsi üçün artıq Mədəniyyət Nazirliyində müvafiq işçi qrupu yaradılıb.
“Vaqif irsinə ən böyük dəyəri ulu öndər verib və “Vaqif” poeziya günlərinin əsası da Heydər Əliyevin rəhbərliyilə qoyulub”
Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyilə mədəniyyət tariximizdə xüsusi izləri olan “Vaqif” poeziya günlərinin və “Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpa edilməsi böyük tarixi əhəmiyyət daşıyır.
Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, ədəbiyyat, mədəniyyət, elm xadimlərinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Molla Pənah Vaqif irsinə də böyük tarixi qiymətin Heydər Əliyev tərəfindən verildiyini deyən Q.Məhərrəmlinin sözlərinə görə, bu gün mədəni irsimizə qayğı siyasəti İlham Əliyev tərəfindən davam etdirilir.
1968-ci ildə Molla Pənah Vaqifin 250 illik yubileyinin geniş miqyasda keçirildiyini vurğulayan alimin sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Sovetinin 1970-ci il 30 yanvar tarixli, 29 nömrəli qərarına əsasən, Qazax rayonunda M.P.Vaqifin xatirə muzeyi yaradılıb və 2002-ci ildə isə həmin muzey “Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi” adlandırılıb. O qeyd etdi ki, ulu öndər Heydər Əliyev klassik ədəbiyyatı qiymətləndirən şəxsiyyət olub, o, ədəbi irsin qorunmasına qayğı göstərərək Azərbaycan klassik şair və ədiblərinin ev-muzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi üçün işlər görüb. Ekspertin sözlərinə görə, Azərbaycanda üç nəhəng şairin, mütəfəkkirin - Nizami Gəncəvi, Molla Pənah Vaqif, Hüseyn Cavidin məzarları üzərində məqbərə tikilib.
Q.Məhərrəmli vurğuladı ki, 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyib, lakin məzarı tapa bilməyib. “Məlumatıma görə, Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı tapılıb və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət edib. O, nitqlərinin birində gördüyü bu məzarın Vaqifə layiq olmadığını deyib. Sonralar Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-1981-ci illərdə abidə və türbə tikilib. 1982-ci ilin yanvar ayında Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Təəssüf ki, 1992-ci ilin may ayının 8-də bu məqbərə erməni işğalçıları tərəfindən dağıdılıb.
Q.Məhərrəmli qeyd etdi ki, 1982-ci ildə Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda, Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən “Vaqif” poeziya günlərində iştirak edib: “Vaqif irsinə ən böyük dəyəri ulu öndər verib və “Vaqif” poeziya günlərinin əsası da Heydər Əliyevin adı ilə bağlıdır. Əgər Heydər Əliyev Vaqiflə maraqlanmasaydı, onun məzarını tapdırıb üstündə böyük məqbərə ucaltdırmasaydı, biz bu gün Vaqifdən belə geniş səviyyədə danışa bilməzdik”.
Bu bayramların bərpası milli-mədəni ənənələrimizin yenidən doğulması və inkişaf etdirilməsidir”
Həmin tarixdən etibarən işğala qədər hər il avqust ayında “Vaqif” poeziya günlərinin keçirildiyini deyən Q.Məhərrəmlinin sözlərinə görə, artıq bu ildən Prezident İlham Əliyevin göstərişinə əsasən, bu ənənə də bərpa edilib, özünə yeni həyat qazanıb.
Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Şəkidə Türksoy Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olunması barədə qərar qəbul olunub. 2016–2017-ci illərdə UNESCO-nun yubileylər proqramı çərçivəsində “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib. 12 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb və yubiley böyük təntənə ilə qeyd edilib. “Hazırda Şuşa azad edilib. İnanıram ki, çox tezliklə Vaqifin məqbərəsi bərpa ediləcək və “Vaqif” poeziya günlərində iştirak edən yerli və xarici qonaqlar dahi şairimizin, dövlət xadimimizin məqbərəsini ziyarət edə biləcəklər. Prezident İlham Əliyevin həm “Vaqif” poeziya günlərinin, həm də “Xarı bülbül” beynəlxalq musiqi festivalının bərpası ilə bağlı atdığı addım təqdirəlayiqdir. Bu bayramların bərpası milli-mədəni ənənələrimizin yenidən doğulması və inkişaf etdirilməsidir”.
Tədiqiqatçıların yazdıqlarına görə, Şuşanın musiqi və incəsənət məktəbləri, mədəni-maarif və musiqi texnikumları XX əsrin II yarısında yüksək inkişaf taparaq nəinki Qarabağın, hətta Qarabağətrafı rayonların ixtisaslı musiqiçilərinə olan ehtiyacını ödəyib. Bunlarla yanaşı, Şuşada ənənə şəklini almış “mahnı bayramları” yayın gəlişi ilə Şuşaya təşrif gətirən respublika əhalisinin gur vaxtına təsadüf edirdi. “Mahnı bayramı” mədəniyət evlərindən, klublardan, teatr səhnələrindən başlayaraq, Cıdır düzündə yekunlaşardı. Şuşanın kəndləri və şəhərdə fəaliyyət göstərən musiqi məktəblərinin şagird və müəllimləri, özfəaliyyət kollektivləri və Şuşadan kənarda yaşayan tanınmış şuşalı musiqiçilər, şairlər, teatr xadimləri, pəhləvanlar və hətta məzhəkəçilər Cıdır düzünə toplaşardılar. Şənlik axşama qədər davam edər və axşam gəzintisi ilə başa çatardı. Məlum olduğu kimi, 1989-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Cıdır düzündə bitən xarı bülbül çiçəyinin rəmzi adı ilə bağlı I “Xarı bülbül” beynəlxalq musiqi festivalı keçirildi. Bu festivala 15-dən çox xarici ölkə xalqlarının folklor musiqi kollektivləri dəvət olunur. 1990-cı ildə 2-ci “Xarı bülbül” beynəlxalq festivalı ermənilərin Şuşa şəhərini daim atəşə tutması ilə əlaqədar olaraq Bərdə və Ağdam şəhərlərində keçirildi. Lakin ənənə halını almış bu festival bədxah qonşuların Qarabağa edilən təcavüzü nəticəsində sonralar keçirilməyib. İndi isə artıq Şuşa azaddır və burada “Xarı bülbül” beynəlxalq musiqi festivalı və “Vaqif” poeziya günləri keçiriləcək.
“Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı kimi ənənəvi mədəni tədbirlərin keçirilməsi həm də o deməkdir ki...”
“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlının məsələyə münasibəti belədir: “...Cənab Prezidentin dediyi kimi, haqlı davamızda qazanılan zəfərlə Azərbaycan yeni həyata qədəm qoydu. Qədim mədəniyyət beşiyi Şuşa işğaldan azad olan kimi, dirçəliş prosesi oraya dərhal yol çəkilməsi ilə başlandı. Bundan sonra bütün Qarabağda böyük quruculuq-bərpa işləri başlayacaq. Bölgəyə həyatın qayıtması, erməni faşizminin tamamilə dağıtdığı sosial-mədəni infrastrukturun canlandırılması Azərbaycana olan bəzi qərəzli münasibətləri də dəyişdirəcəyinə əminəm.
Cənab Prezident yeni Mədəniyyət naziri təyin edərkən və tapşırıqlar verərkən də məhz zəngin ənənələrimiz üzərində yeni düşüncəyə yol açdığını bir daha göstərdi, Şuşanı ölkəmizin mədəniyyət paytaxtı elan etdi. “Vaqif” poeziya günlərinin və “Xarı bülbül” festivalının bu ildən başlayaraq keçirilməsinə start verilməsi isə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dönəmində yaradılan milli ənənələrimizin statusunun qaytarılmasıdır. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarlarını yüksək dəyərləndirirəm. Bu ənənəvi bayram tədbirlərinin keçirilməsi ilə paralel aparılacaq quruculuq işləri dünyaya mədəni irsimizin qorunmasında israrlılığı və humanizm prinsiplərinə, tariximizə, torpağımıza qədirbilən münasibəti sərgiləyən mühüm bir mesajdır. Bərpa-quruculuq proseslərində, Vətən müharibəsində olduğu kimi, hər bir vətəndaş, o cümlədən, ziyalılar, yazıçılar və digər sənət adamları, ictimai qurumların nümayəndələri həmrəylik göstərməli, töhfə verməlidirlər. “Vaqif” poeziya günləri və “Xarı bülbül” festivalı kimi ənənəvi mədəni tədbirlərin keçirilməsi həm də o deməkdir ki, dünya dövlətlərindən gələn tanınmış yazıçı və şairlərin, sənətçilərin düşüncəsində erməni vandalizmi ilə yanaşı, Azərbaycanın keşmiş tarixi özəllikləri və indiki inkişaf görsəlləri doğru yer alacaq. Mən inanıram ki, lap yaxın zamanlarda Şuşa bütün Türk dünyasının mədəniyyət paytaxtına çevriləcək və bölgədə yeni beynəlxalq səviyyəli mədəni tədbirlərin keçirilməsi də reallaşacaq”.
Şuşada keçiriləcək “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günləri bütün dünyaya səs salacaq...
Ekspertlər qeyd edirlər ki, Azərbaycanın tarixi şəxsiyyətlərinə, onların irsinə böyük qayğı və sayğı ilə yanaşan Prezident İlham Əliyev hər iki ənənəvi bayramı bərpa etməklə milli mədəniyyət tariximizə böyük töhfələr verib. Ekspertlər deyirlər ki, dövlətçilik ənənələrinin qorunması, inkişaf etdirilməsi, onun beynəlxalq miqyasda tanınması və təbliğ olunması üçün ölkə başçısının atdığı addımlar, qəbul etdiyi qərarlar mühüm rol oynayır. Şuşada keçiriləcək “Xarı bülbül” festivalı və “Vaqif” poeziya günlərinin bütün dünyaya səs salacağını deyən ekspertlər hesab edirlər ki, bu tədbirlərin bu ildən başlayaraq yenidən qeyd edilməsi bütün dünyanın diqqətini tarixi Azərbaycan torpağına - qədim mədəniyyətimizin beşiklərindən olan Qarabağa cəlb edəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.