Bu gün Azərbaycan regionda qalıcı sülh üçün Ermənistanla nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpasını təklif edir. Elə liderlərin Moskva görüşündə də bu məsələ əsas diqqət mərkəzində yer alıb. Real vəziyyətin təhlili də göstərir ki, əslində, Ermənistanın xilası məhz Azərbaycanla əlaqələrdən asılıdr.
İndilikdə isə Ermənistan iqtisadiyyatı sürətli çöküş yaşayır. Dünya Bankının məlumatına görə, Ermənistan 2020-ci ili 8 faiz iqtisadi çöküşlə bağlayıb. Ermənistan Mərkəzi Bankının keçmiş sədri, iqtisadçı ekspert Baqrat Asatryan qeyd edib ki, bu il və gələn illə bağlı qeyri-müəyyənlik çox böyükdür: “Hər halda, səbəb və yer görmürəm ki, ümumiyyətlə iqtisadi artım baş verəcək. Biz kifayət qədər böyük problemlərə rast gəlmişik və bənzər göstəricini təmin etmək iqtidarında olub-olmadığımız hələ məlum deyil”. Asatryanın sözlərinə görə, Ermənistanın iqtisadiyyatı qeyri-müəyyən, ağır vəziyyətdədir: “Nəticələri bu il görəcəyik”. Ermənistanın Siyasi İqtisadiyyat İnstitutunun rəhbəri Andronik Tevonyan da eyni mövqedədir. O bildirib ki, mövcud hakimiyyətin siyasəti Ermənistan dövlətçiliyinə və iqtisadiyyatına böyük zərbə vurub: “Nikol hakimiyyətə gəldikdən sonra nəinki yaxşı heç nə olmadı, əksinə, Ermənistan dövlətçiliyi təhlükə altına düşdü. İndi Nikolu dəstəkləyən adamlardan soruşmaq lazımdır ki, haradadır həyat vədləri? Ermənistanda hər şey, o cümlədən iqtisadiyyat uçuruma gedir”.
Son araşdırmalar isə göstərir ki, Ermənistanda koronavirus və hərbi əməliyyatlar səbəbindən əhalinin maddi durumu sürətlə pisləşir. Hətta kommunal xərclərin ödənilməsi də ciddi problemdir. Məsələn, “Qazprom Armenia” bildirir ki, 2019-cu ilin noyabr ayının nəticələrinə görə, ev təsərrüfatlarının ödənilməmiş qaz borcu bütün hesabların 0,6% hissəsini təşkil edirdi. İndi 2020-ci ilin noyabr ayının nəticələrinə görə, artıq 6,6-% hissəsi ödənilməyib. Ermənistanda qeydə alınmış iş yerlərinin sayının azalması da ciddi problem sayılır. Ermənistanın Dövlət Gəlirləri Komitəsi qeyd edir ki, 2020-ci ilin oktyabr ayında rəsmi olaraq qeydiyyata alınan işlərin sayı təxminən 10 min azalaraq 622 minə qədər geriləyib. Üstəlik, ölkə miqyasında orta əmək haqqı azalıb. Avqustla müqayisədə oktyabr ayında 187 mindən təqribən 182 min drama qədər geriləyib. Ermənistanın ixracının şaxələndirilməsi səviyyəsi də aşağıdır. Cənubi Qafqazın ümumi ixracında Ermənistanın payı cəmi 14 faiz olmaqla ən azdır. Ermənistanın ixrac əməliyyatlarının aşağı olması onun qonşu ölkələrlə münaqişə səbəbindən əhəmiyyətli nəqliyyat və logistik imkanlardan kənarda qalması ilə nəticələnib. Türkiyə və Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq layihələrdən kənarda qalması Ermənistanın iqtisadi artım və inkişaf potensialını daima aşağı səviyyədə saxlayır. Bu baxımdan, ərazi iddiaları siyasəti ilə vidalaşacağı təqdirdə, Ermənistanda iqtisadi aktivliyi yenidən bərpa etmək mümkündür.
Müharibə ilə yanaşı, davam edən pandemiya Ermənistan iqtisadiyyatının çöküşü prosesinin katalizatoru kimi çıxış edir. Kiçik və orta biznes məhv olmaq mərhələsini yaşayır, sahibkarlıq subyektləri iflasa uğrayıb. Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağın və işğal etdikləri digər rayonların ərazisindən qanunsuz qazandıqları vəsaitlərdən də məhrum olub. Halbuki, Dağlıq Qarabağda bir çox ölkələrlə birgə qurulan şirkətlər, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi Ermənistan büdcəsinə müsbət təsir edirdi. Artıq onlar Kəlbəcərdəki qızıl yatağı, turizm məkanları və digər bu kimi qazanc mənbələrindən məhrum olublar. Xatırladaq ki, bu ölkənin ümumi daxili məhsulunda kənd təsərrüfatının payı nisbətən yüksəkdir və son məlumata görə 16,7 faiz olub. Bu nisbət daha çox Dağlıq Qarabağ ərazisindəki torpaqlardan istifadənin nəticəsidir. İndi kənd təsərrüfatından gələn gəlirlərin aşağı düşməsi, turizmin ciddi enişi labüddür.
Müharibədə böyük məğlubiyyət yaşayan, pandemiyanın cənginə aldığı bu ölkəyə heç bir xarici investorun sərmayə qoymayacağı da artıq gün kimi aydın həqiqətdir. Erməni lobbi və diasporunun məğlub Nikol Paşinyan rejimindən üz çevirdikləri də sirr deyil. Bu səbəbdən xarici ianələrin artıq Ermənistana axını da dayanıb. Bunlar fonunda Ermənistanda demoqrafik böhran daha da dərinləşib, minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq. Hesab edilir ki, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Ciddi geriləmə nəticəsində 2021-ci ildə Ermənistan iqtisadiyyatının bərpa ehtimalının aşağı olması bu ölkədə ÜDM-in ən azı 20 faiz azalacağını proqnozlaşdırmağa əsas verir. Bundan xilas olmağın yeganə yolu isə Azərbaycanla əlaqələrin bərpasından keçir. Bakı artıq təkliflərini verib...
Nahid SALAYEV