“Sizin qətiyyətli və düşünülmüş rəhbərliyiniz sayəsində yola saldığımız 2020-ci il Azərbaycan xalqının tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazıldı.
Qarabağ Azərbaycandır! - həqiqətini Ali Baş Komandan kimi məhz Siz gerçəkliyə çevirdiniz və xalqımızın əsl Milli Qəhrəmanı oldunuz. Bu tarixi Qələbə münasibətilə Sizi bir daha şəxsən öz adımdan və Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti adından ürəkdən təbrik edirəm.
Azərbaycanın zəngin musiqi irsi özündə qədim tariximizi, milli kimliyimizi yaşadır. Xalqımızın musiqi istedadına yaxşı bələd olan Ulu Öndərimizin 20 il öncə imzaladığı Sərəncama əsasən Milli Konservatoriyamız fəaliyyət göstərir. Heydər Əliyevin yadigarı olan bu sənət ocağının yubileyi münasibətilə Konservatoriyamızın professor-müəllim heyətinin Azərbaycan Respublikasının orden və medalları, yüksək fəxri adlarla, o cümlədən mənim də “Şərəf" ordeni ilə təltif olunmağıma görə kollektivimiz və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm.
Bu, bizə göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Bundan sonra da öz sənətimiz və əməyimizlə xalqımıza sidq-ürəkdən xidmət göstərməyə davam edəcəyik. İnanırıq ki, yeni 2021-ci il Sizin rəhbərliyiniz ilə Azərbaycanın tərəqqi və inkişafında parlaq nailiyyətlərlə əlamətdar və zəngin olacaq.
Sizə bu yolda yeni-yeni uğurlar arzulayırıq. Qoy ulu Tanrı hər zaman yar və yardımçınız olsun!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Bakı şəhərindən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi qeyd edib.
Baki-xeber.com