Çox maraqlıdır ki, yeni ABŞ prezidentinin inauqurasiyasına cəmi 10 gün qalsa da, demokratlar Trampın impiçmentinə ciddi cəhd göstərirlər. Mənasız cəhdlərdi, siyasi motivlidir və təbii ki, səbəbləri var.
Bu sözləri özünün Facebook sosial hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Fikrini isə o, belə əsaslandırır:
- Əvvəla, impiçmentin baş tutması üçün Senat da səs verməlidir. Lakin respublikaçı çoxluğu Senatı yanvarın 19-dək məzuniyyətə göndərib. Həm də məqsədli şəkildə....
İkinci, impiçmentin nə əsasla edilə biləcəyi də perspektivsizdir. Deyə bilməyəcəklər ki, seçkinin nəticələri ilə razılaşmadığı üçün impiçment edilir.
Üçüncü, konstitusiyaya əlavənin 25-ci maddəsi də, çətin ki, işləsin. ABŞ tarixində cəmi bir dəfə -1963-cü ildə Kennedi öldürüləndə bu maddə tətbiq edilərək hakimiyyət vitse-prezidentə verildi. İndiki halda Trampa qarşı 25-ci maddəyə uyğun olaraq hansı əsasla "prezidentlik qabiliyyətində deyil" ittihamının irəli sürüləcəyi də qeyri-ciddi görsənir.
Demokratların onu sonadək əzmək cəhdlərinin səbəbinə gəldikdə isə, bu qətiyyətlə belədir - cəmi 4 ildən sonrakı seçkidə Trampın yenidən böyük maneəyə çevrilə bilməsinin qarşısını indidən kəsmək istəyirlər... Boş yerə...Tramp böyük populyarlığa malikdir, cəmiyyət isə faktiki iki yerə bölünüb... Bu siyasi konfiqurasiya 2024-cü ilədək dəyişməyə bilər...