Beyrutda yerləşən Kilikiya katolikosluğu son dövrlər yenidən fəallaşmağa başlayıb. I Aramın başçılığı ilə fəaliyyət göstərən Kilikiya katolikosluğu Ermənistanın daxili və xarici siyasətini yönləndirən, istədiyi vaxt prosesə müdaxilə edən bir təsisat kimi özünü göstərməkdədir. Belə ki, Kilikiya katolikosluğu əvvəlki hakimiyyətlərin dövründə olduğu kimi, Paşinyan hökuməti dönəmində də bütün işlərə müdaxilə edir, xaricdəki erməni lobbisinə, diasporuna yön verir, onları istiqamətləndirir.
Yanvarın 11-də Rusiyanın təşəbbüsü ilə Moskvada Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin görüşü keçirilib.
Görüş barədə xəbər dünya mediasına çıxar-çıxmaz, Kilikiya katolikosluğu N.Paşinyana qarşı hədələyici mövqe sərgiləyib. Mətbuatın yazdığına görə, Kilikiya erməni katolikosluğu Nikol Paşinyana xəbərdarlıq edib ki, erməni baş nazir Moskvada keçirilən görüşdə hər hansı bir müqaviləyə imza atmamalıdır. “Bu müqavilə Ermənistanın müstəqilliyinin sual altına düşməsi ilə nəticələnə bilər” - deyə Kilikiya katolikosluğunun xəbərdarlığında bildirilir.
I Aramın başçılığı ilə Beyrutda fəaliyyət göstərən Kilikiya erməni katolikosluğunun Ermənistanın dövlət siyasətinə müdaxilə etməsi, hökumətin işinə qarışması, onu yönləndirməsi onu göstərir ki, həqiqətən də Ermənistanı diaspor idarə edir, diasporun, xaricdəki məlum qüvvələrin rəyi olmadan hökumət heç bir addım ata bilməz.
“Kilikiyadakı erməni katolikosluğunun yaydığı bəyanat da bunu deməyə əsas verir və idarəçilik məsələsində həqiqətləri üzə çıxarır”
BDU-nun Tarix fakültəsi erməni araşdırmaları ETL-nın böyük elmi işçisi İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan dövləti siyasi hakimiyyət tərəfindən deyil, xaricdəki erməni diasporu və Kilikiya katolikosluğu tərəfindən idarə olunub. İ.Tanrıverdinin sözlərinə görə, əvvəlki hakimiyyətlərdən fərqli olaraq, Paşinyan hökuməti nə diasporun, nə də Kilikiyanın erməni katolikosluğunun sözünə baxmaq istəyir, amma buna baxmayaraq, yenə də bu qüvvələr Ermənistanı yönəltməkdə davam edirlər: “Kilikiya katolikosu I Aram yenidən bir bəyanat verib ki, Moskvada Paşinyanın imzalayacağı sənədlər etibarsız sayılsın. Kilikiya katolikosu Beyrutda oturub xaricdən Ermənistanı idarə etməyə çalışır. Hətta bilirsiniz ki, bir müddət əvvəl I Aram Paşinyanı istefa verməyə çağırıb. Ümumiyyətlə, Ermənistanı bir dövlət olaraq xaricdəki erməni diasporunun idarə etdiyi gizlin deyil, Kilikiyadakı erməni katolikosluğunun yaydığı bəyanat da bunu deməyə əsas verir və idarəçilik məsələsində həqiqəti üzə çıxarır. Amma hələ ki, Paşinyan onların sözünə baxmaq istəmir, bu tələbləri yerinə yetirmir. Moskva görüşündən sonra məlum olacaq ki, Paşinyan katolikosun tələblərini yerinə yetirəcək, yoxsa özü müstəqil addım atacaq?”
İ.Tanrıverdi qeyd etdi ki, keçirilən məlum görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edilib və toplantıda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər: “Nikol Paşinyanın görüşdən yayınma ehtimalını və təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, onun Moskvaya gəlməsi üşün xüsusi təyyarə Rusiya tərəfindən təmin edilib. İrəvanda isə Nikol Paşinyanın Moskvaya getməsinin qarşısını almaq üçün keçmiş “Arabo” erməni könüllülər dəstəsinin komandiri M. Yeqizaryan və “Vətən” partiyasının aktiv üzvü Arsen Babayan xüsusi dəstələr hazırlamışlar. Onlar “Zvartnots” hava limanına gələrək Paşinyanın Moskvaya uçmasına icazə verməyəcəklərini elan etmişlər. Lakin Paşinyanın Moskvaya getməsi üçün bütün təhlükəsizlik tədbirləri Rusiya tərəfindən həyata keçirilib, o, Rusiyanın təyyarəsindən istifadə edib.
Bir məsələni qeyd edim, Paşinyan demişdi ki, görüşdə Mehri dəhlizi məsələsi müzakirə edilməyəcək, ümumiyyətlə, o, bu məsələyə razılıq verməyib. Amma erməni politoloqlar Paşinyanın dediklərini yalan adlandırırlar. Moskva görüşündə Paşinyanın aqibəti bəlli olacaq. Çünki ona həm daxildən, həm də xaricdəki diaspor tərəfindən ciddi təzyiqlər var”.
İradə SARIYEVA