Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra azad olunmuş Qarabağda, Şuşada dövlət səviyyəsində müxtəlif mədəniyyət tədbirləri keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq, bu il Şuşada “Vaqif” poeziya günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Hər iki yüksək səviyyəli tədbirin keçirilməsi üçün Mədəniyyət Nazirliyində işçi qrupu da yaradılıb, işçi qrupu hazırda sözügedən tədbirlərin layihəsi üzərində işləyir.
Ölkə başçısının tapşırığına əsasən, “Xarı bülbül” festivalının və “Vaqif” poeziya günlərinin 2021-ci ildə Şuşada keçirilməsinə hazırlıq prosesi erməniləri deyəsən möhkəm qıcıqlandırıb. Ermənistan tərəfindən Xankəndidə onlayn “Artsax” (“Ronald”) film festivalı keçiriləcəyi elan edilib. Azərbaycan Prezidentinin dəmir yumruğu ilə “Artsax”ın cəhənnəmə vasil olduğu faktı ilə barışmayan Ermənistan ölü diriltmək eşqinə düşüb. Halbuki, ölü dirilməz, çıxan can geri gəlməz.
Öz aləmlərində “Xarı bülbül” və “Vaqif” poeziya günlərinə “alternativ” seçdikləri “Artsax” film festivalı ilə Ermənistan növbəti təxribatını ortaya qoyub.
Erməni mətbuatının yazdığına görə, Ermənistanın “Rolan Bıkov” Fondunun prezidenti Nune Manukyan məlumat verib ki, belə bir festival keçirəcəklər:
“Tanınmış şərtlər üzündən bu il festival onlayn keçirilir, lakin başa çatdıqdan sonra ən yaxşı filmlərin nümayişi ilə “Artsax”ı (Qarabağı – red.) ziyarət etməyi planlaşdırırıq. Mütləq ora gedəcəyik, uşaqlarla birbaşa əlaqə qurmaq üçün əlimizdən gələni edəcəyik. On illərdir “Artsax” uşaqları ilə bu cür birbaşa görüşlərimiz olub və bu il də belə olacaq”.
“Konkret.az”ın məlumatına görə isə ermənilər proqramı bu cür açıqlayıblar: “XVI Beynəlxalq Uşaq və Gənclər Kinosu “Roland” Film Festivalı yanvarın 11-də onlayn başlayacaq və 20 yanvaradək davam edəcək. Festivalda onlayn film premyeraları, xüsusi nümayişlər, veb seminarlar, sərgi və yarışmalar keçiriləcək. 29 ölkədən 180 film üçün müraciət gəlib. Onlardan 15 ölkədən 62 film festival proqramına daxil edilib. Onlardan 46-sı isə nümayiş olunacaq”.
Əli İsa Cabbarov: “...onların bu cəhdləri alınmayacaq”
Azərbaycan Kinematoqraflar İttifaqının katibi, tanınmış kinorejissor, ssenarist Əli İsa Cabbarov hesab edir ki, Ermənistanın bu festivalı qanunsuzdur. “Bunu yalnız neqativ qiymətləndirmək olar. Birincisi, Azərbaycan coğrafiyasına aid olan adın istifadəsinə onların hüquqları yoxdur. Ona görə də onlar indi bu qondarma festivalı onlayn keçirirlər. Bizim qəhrəman sərhədçilərimiz sərhəddə dayanıblar və onları heç vaxt Qarabağa buraxmazlar ki, gəlib orada hansısa bir tədbir, görüş keçirsinlər. Ümumiyyətlə, indi düşmənin nə bayram, nə başqa tədbir keçirməyə halı var. Bu film festivalı məsələsi çox gülünc və mənasız bir cəhddir, onların bu cəhdləri alınmayacaq. Bu festivala müraciət edən ölkələrin məsələdən xəbərləri yoxdur, sadəcə, onlar görürlər ki, onlayn festival keçirilir və müraciət edirlər. Ermənistanın belə bir film festivalı keçirməsi, festivalsonrası kimlərinsə Qarabağa gəlib burada görüşlər keçirməsi mümkün deyil” - deyə Ə.İ.Cabbarov qeyd etdi.
Qiymət Məhərrəmli: “İddia edirlər ki, separatizmə, dünyanı aldatmağa xidmət edən bu qondarma festivalı keçirməklə onu “Xarı bülbül” və “Vaqif” poeziya günlərinə alternativ edə bilərlər, amma yanılırlar”
Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, Ermənistan tərəfin bu cəhdləri uğursuzluğa düçar olacaq: “Bilirsiniz ki, Ermənistan tərəfi torpaqlarımız azad edilənə qədər bu cür qanunsuz festivallar, tədbirlər keçirib, hətta müəyyən xarici kino şirkətlərini də bu festivallara cəlb edə bilib. Bu gün isə torpaqlarımız işğaldan azad edilib, qondarma “Artsax” məhv edilib. Qarabağ Azərbaycan ərazisidir və burada erməni separatizminə yer yoxdur. “Artsax” film festivalının özü də qondarmadır. Onlar bu festivalı keçirəcəklərini elan etməklə öz əzəli əsassız iddialarını davam etdirirlər. Bu qondarma festival heç vaxt özünü doğrulda bilməz.
Onlar iddia edirlər ki, separatizmə, dünyanı aldatmağa xidmət edən bu qondarma festivalı keçirməklə onu “Xarı bülbül” və “Vaqif” poeziya günlərinə alternativ edə bilərlər, amma yanılırlar. Bu yanlış düşüncədir. Ermənistanın əli hər şeydən üzülüb, bilmir nə etsin. Məğlub və acından ölən bir ölkənin belə bir festival keçirmək niyyətini açıqlaması gülüncdür. Yəqin xaricdəki erməni diasporu, lobbisi məğlubiyyəti həzm edə bilmir, ona görə də bu əməllərə əl atırlar. Bütün bu cəhdlər uğursuz alınacaq.
Bir məsələni də qeyd edim ki, “Xarı bülbül” və “Vaqif” poeziya günləri tarixi ənənələr üzərində qurulan tədbirlərdir və bu, Azərbaycan dövləti tərəfindən rəsmən keçiriləcək. Necə ki, əvvəlki dövrlərdə keçirilib. Odur ki, Ermənistanın növbəti təxribatı da alınmayacaq. Hələ bir bunların fikirlərinə baxın ki, Qarabağa gəlib burada erməni uşaqları ilə görüşmək istəyirlər. Onları Qarabağa kim buraxacaq ki, onlar da gələcəklər? Bu mümkün deyil. Qarabağ Azərbaycan torpağıdır və bura Azərbaycan dövlətindən izacəsiz kiminsə gəlməsi, yaxud gəlməyə cəhd etməsi cinayətdir”.
İradə SARIYEVA