Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirib. Müşavirədə Dağlıq Qarabağda və Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə məsələlər müzakirə edilib.
Bildirilir ki, müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Serdey Narışkin iştirak edib. Çox maraqlıdır ki, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı müzakirələr ölkəmizin nümayəndəsi olmadan keçirilib. Belə bir müzakirədə Azərbaycandan kiminsə iştirakı maraqlı olmazdımı?
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Dağlıq Qarabağla bağlı xüsusi fəallığı diqqətdən yayınmır: “Rusiyanın bu yöndə apardığı müzakirənin mediada tirajlamasının özü də maraq doğurur. Çünki adətən belə formatda keçirilən görüşlərlə bağlı mediaya məlumatlar verilmir. Son müzakirə ilə bağlı məlumatın mediaya ötürülməsi bir daha göstərir ki, Rusiya bu məsələni özünün prioriteti sayır və kiminləsə bölüşmək istəmir. Bir daha təsdiq edilir ki, Rusiya öz sərhədlərinə yaxın ərazilərdə olan münaqişələri və onların həllini də öz işi sayır. Bunu da təhlükəsizlik maraqları üçün vacib element hesab edir. Fikir verirsinizsə, bu məlumatla paralel olaraq, Putinin Minsk Qrupunun digər həmsədri Fransa prezidenti ilə də müzakirəsi barədə məlumat tirajlanır. Bir növ bununla Rusiya Moskvada gözlənilən İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutacaq görüşlə bağlı ilkin zəmini formalaşdırır və özünün oradakı rolunu qabartmaq istəyir. Ancaq bütün bunlara baxmayaraq, Azərbayacanın bu məsələ ilə bağlı mövqeyi tam bəllidir. Onu da bugünlərdə keçirilən videokfrans formatındakı müşavirədə cənab Prezident açıq ifadə etdi. Birmənalı şəkildə deyildi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz. Hətta Rusiya prezidenti Vladimir Putinin özü də dəfələrlə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu vurğulayıb. Azərbaycan cəmiyyətində Rusiyanın son fəaliyyətləri ilə bağlı nigarançılıq var. Bunun da əsası əsirlər boyu Azərbaycan ərazilərinin itirilməsinə bağlı olan məsələdir. Ancaq hazırda Rusiyanın öz imicini daha da yaxşı etmək üçün şansı var. Bunu da o, xüsusilə sülhməramlıların fəaliyyətində nəzərdən keçirməlidir. Çünki həmin missiyanın fəaliyyəti heç də qənaətbəxş sayılmır”.
Ekspertin sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurası formatında keçirilən müşavirədə Azərbaycandan hansısa rəsmi şəxsin müzakirəyə qoşulması bir qədər uyğunsuzluq olardı: “Azərbaycan öz sözünü lazım olan foramtlarda hər zaman deyib və deməyə də davam edəcək”.
Məhəmmədəli QƏRİBLİ