Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə minalanmış ərazilərlə bağlı vacib məqamlara diqqəti yönəltdi.
Ölkə başçısının sözlərinə görə, mənfur düşmən hər tərəfi minalayıb və Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, xəritələri vermir: “İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın”.
Tərəflər arasında döyüşün dayandırılması ilə bağlı razılaşmaya rəğmən, Ermənistan minalanmış ərazilərin xəritəsini vermir. Ermənistanın nümayişkaranə şəkildə minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi bu ölkə üçün hansısa beynəlxalq məsuliyyət yaradırmı? Yaradırsa, bunun mahiyyəti nədən ibarətdir və bundan Ermənistana qarşı necə istifadə etmək olar?
“Minalanmış ərazilərin xəritəsini verməmək insanlığa qarşı cinayətdir”
Məsələyə münasibət bildirən hüquqşünas Vamiq Şükürovun sözlərinə görə, Ermənistan tərəflər arasında yekun süh sazişinin imzalanmadığını bəhanə edərək minalanmış ərazilərin xəritəsini verməkdən yayınır: “Deyirlər ki, 10 noyabr razılaşması tərəflər arasında sülhlə bağlı şərtləri tam ehtiva etmir. Onlar hesab edirlər ki, yekun sülh sazişi imzalanandan sonra xəritələri verə bilərlər. Ancaq ermənilərin məsələyə bu cür yanaşması doğru deyil. Məsələ ondadır ki, burada söhbət insan həyatından gedir. Tərəflərin qarşılıqlı sülh sazişi imzalamaq niyyəti olduğu halda, minalanmış ərazilərin xəritəsini verməmək insanlığa qarşı cinayətdir. Sülh niyyətinin ortada olduğu bir vaxtda gərək dövlətlər bir-birilə əməkdaşlıq etsinlər. İrəli gələn öhdəlikləri yerinə yetirməlidirlər. Minalanmış ərazilərlə bağlı məlumatları Ermənistan Azərbaycana təqdim etməlidir. Çünki, faktiki olaraq, tərəflər arasında müharibə dayandırılıb. Ermənistan buna əməl etmirsə, o zaman buna görə BMT-nin Təhlükəsizlik Şurası qarşı tərəfə sanksiyalar tətbiq edə bilər. Bunun üçün isə TŞ-nin bütün daimi üzvlərinin razılığı lazımdır. Fikrimcə, Azərbaycan tərəfi bu yöndə fəaliyyətini müxtəlif formada artırmalıdır. Həmçinin, minadan zərər çəkən şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə ehtiyac var”.
Hüquqşünas hesab edir ki, Avropa Məhkəməsinə bununla bağlı müraciət bu yöndə atılan ən doğru addımlardan biri ola bilər.
Vidadi ORDAHALLI