Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq əsirlərin dəyişdirilməsi ilə bağlı məsələdə Azərbaycanı üçtərəfli bəyanatı və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib. Qurum noyabrın 26-dan sonra saxlanan 62 nəfər Ermənistan hərbçisinin "hərbi əsir" olduğunu iddia edir.
Bəyanatda qeyd edilir ki, guya Azərbaycan rəhbərliyinin bu hərəkətləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və s.
Ermənistan XİN-in məlum bəyanatı bu ölkənin açıq-aşkar növbəti həyasızlığıdır. Bunlar anlamaq istəmirlər ki, sözügedən terrorçular 10 noyabr razılaşmasından sonra saxlanıb. Çünki saxlananların hamısı Şirak vilayətindən Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçmək üçün çağırılıb və Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə, mülki əhalisinə qarşı diversiya, terror aktları törətmək məqsədilə yeridilib. İstintaq zamanı müəyyən edilib ki, onlar 26 noyabr 2020-ci il tarixində, yəni üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər. Qeyd olunan qrup tərəfindən Azərbaycan hərbçilərinə, mülki şəxslərinə qarşı terror aktları törədilib. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər arasında həlak olanlar və yaralananlar olub. Ona görə də bəhs edilənlər atəşkəsin əldə edilməsindən sonrakı dövrdə diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün, bu şəxslər beynəlxalq humanitar hüquqa uyğun hərbi əsir hesab edilmirlər. Azərbaycanın cinayət qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
Bütün bunlar Ermənistanın növbəti riyakarlığının göstəricisidir. Erməni tərəfi bu kimi yalan bəyanatlar yayaraq beynəlxalq ictimaiyyəti aldatmaq istəyir.
“Razılaşma əldə ediləndən sonra diversiya fəaliyyəti ilə məşğul olanlar hərbi əsir yox, terrorçu hesab olunurlar”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, belə görünür ki, Ermənistan XİN beynəlxalq hüquq normalarının mahiyyətindən xəbərsizdir: “Sözügedən qurumun rəsmiləri gərək bir sıra sənədlərlə tanış olsunlar. Onda başa düşəcəklər ki, Cenevrə Konvensiyası nədən ibarətdir, hərbi əsirlər kimlər hesab olunur. O cümlədən, münaqişə zamanı əsir götürülənlər kimlərdir. Razılaşma əldə ediləndən sonra diversiya fəaliyyəti ilə məşğul olanlar hərbi əsir yox, terrorçu hesab olunurlar. Əgər Ermənistan XİN rəsmilərinin bundan xəbəri yoxdursa, bu onların öz problemidir. Yəni bu o demək deyil ki, Ermənistan XİN-in verdiyi bəyanat reallığı əks etdirir. Qətiyyən bu belə deyil. Ermənistan tərəfi bu cür bəyanatlar verməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir. Ancaq onlar buna nail ola bilməyəcəklər. Azərbaycan tərəfi bütün hərbi əsirləri qaytarıb. Həmçinin, biz özümüz təşəbbüskar olmuşuq ki, bütün əsirlər dəyişdirilsin. Ermənistan bundan sonra yenə diversiya qrupları göndərsə, layiqli cavabını alacaq. Azərbaycan daha sərt addımlar atacaq. Yəni onlar yerindəcə məhv ediləcək”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan tərəfi bütün bunlardan ciddi nəticə çıxarmalıdır.
Vidadi ORDAHALLI