Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranan yeni reallıq təkcə Azərbaycan yox, bundan sonra bütün Qafqazda hadisələrin inkişaf axarında yeni bir mərhələ yaradıb. Münaqişənin həlli və Azərbaycanın bu istiqamətdə nailiyyətləri dünya miqyasında ölkəmizə, eləcə də regionun bundan sonrakı inkişaf mənzərəsinə tamam yeni bir baxış yaradıb. Azərbaycanın regionun əsas güc mərkəzi kimi mövqeyi daha güclü hala gəlib.
Ermənistanda revanşist qüvvələrin təxribat cəhdləri nəticəsiz qalıb
Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə etdiyi tarixi qələbə indi erməni cəmiyyətində belə böyük əksəriyyət tərəfindən qəbul edilir. Bu səbəbdən Moskvada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlara da erməni cəmiyyətində hansısa sərt reaksiya nümayiş etdirilmir. Bu danışıqların nəticəsi olaraq isə Azərbaycanın diqtə etdiyi şərtlər əsasında ölkəmizin ərazisində erməni separatçılığının tam ləğvi istiqamətində yeni mühüm nailiyyətlərə imza atılır. Hazırda bütün bunları yalnız Ermənistanda müəyyən revanşist qüvvələr əngəlləməyə çalışır. Söhbət Ermənistanda 16 müxalifət partiyası tərəfindən yaradılan “Vətənin qurtuluşu üzrə hərəkat”dan gedir. Bu qüvvələrə “Qarabağ klanı” tərəfindən də ciddi dəstək verilir. Onların əsas məqsədi Ermənistanın Qarabağ məsələsində məğlubiyyətini əsas götürərək Nikol Paşinyan iqtidarının istefasına nail olmaqdır. "Daşnaksütyun" partiyasının təmsilçisi İşxan Saqatelyan bu xüsusda bildirir ki, hakimiyyət mütləq istefa verməlidir: “Bu gün Nikol Paşinyana dəstək olmaq da satqınlıqdır. Qonşularınıza, qohumlarınıza və dostlarınıza izah edin ki, Ermənistanın qurtuluş yolu yalnız bu satqının istefasıdır. Onsuz nə təhlükəsizlik, nə də rifah olacaq”.
Bu fonda qeyd edək ki, müxalifət Nikol Paşinyanın təyyarə ilə Moskvaya uçmasına yol verməmək üçün “Zvartnos” hava limanında etiraz aksiyası da təşkil edib. Amma ciddi dəstək qazanmayıb. Müxalifətin digər təmsilçisi Arsen Babayan qeyd edib ki, Nikol Paşinyanın Ermənistanın maraqlarına zidd olan istənilən qərarı erməni xalqı tərəfindən rədd ediləcək, ratifikasiya olunmayacaq və hakimiyyətin dəyişilməsindən sonra ləğv ediləcək: “Moskva görüşünün nəticəsi 10 noyabr kapitulyasiyasının davamı ola bilər”. O iddia edib ki, Paşinyan Ermənistanı təmsil etmir və baş nazirin buna səlahiyyəti yoxdur: “Vətəndaşları ölkənin müdafiəsinə qalxmağa və satqınlığa yol verməməyə çağırıram. Faciəli prosesi dayandırmağın yeganə üsulu satqını hakimiyyətdən kənarlaşdırmaqdır və biz bu istiqamətdə var qüvvəmizlə çalışacağıq”. Amma yuxarıda qeyd edildiyi kimi, müxaliflərin çağırışı erməni cəmiyyətində ciddi dəstək qazanmayıb. Elə bu da Qarabağ məsələsindən istifadə edib Ermənistanda yeni hakimiyyət çevrilişinə cəhd edənlərin iflası sayılır. Elə Rusiyanın tanınmış hərbi eksperti İqor Korotçenko da məsələyə bu prizmadan yanaşır. O qeyd edir ki, erməni müxalifətinin ölkədə hakimiyyəti dəyişdirmək üçün xalqı toplamaq cəhdləri nəticəsiz qalıb: “Belə görünür ki, erməni müxalifəti havaya sovrulub. İrəvanda antipaşinyan mitinqləri mövcud hökuməti zorla yıxmağa hazır kritik həddə narazı kütlə toplaya bilmədi”. Ekspertin sözlərinə görə, bu, erməni xalqının əksəriyyətinin İkinci Qarabağ müharibəsinin nəticələrini son reallıq kimi qəbul etdiyini və daha çox sarsıntı istəmədiyini göstərir: “Artıq heç vaxt “Böyük Ermənistan” olmayacaq, heç vaxt, amma beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ermənistan var. Müxalifət yaradıcılıq əməyinə sahibdirsə, qoy onu inkişaf etdirsin. Amma çətin ki, nəsə əldə edə bilsin”. İndilikdə isə reallıq bundan ibarətdir ki, proseslər Azərbaycanın istədiyi məcrada inkişaf edir və Bakı Dağlıq Qarabağ üzrə istədiyinə tam nail olur.
Azərbaycan qalıcı sülh prosesində maraqlıdır
Ərazi bötövlüyünün bərpası istıqamətində mühüm uğurlar əldə edən Azərbaycan üçün indi əsas prioritetlərdən biri regionda möhkəm və davamlı sülhün əldə edilməsidir. Bu məsələdə regionda maraqlı qüvvələr, o cümlədən Rusiya da maraqlı tərəf qismində çıxış edir. Hazırda buna qarşı olanlar isə Ermənistanda müəyyən revanşist qüvvələr, o cümlədən “Qarabağ klanı”nın təmsilçiləridir. Belə qüvvələrin neytrallaşdırılması yuxarıda qeyd edilənlər əsasında Rusiyanın da maraqlarına cavab verir. Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov da məsələyə məhz bu prizmadan yanaşır. O hesab edir ki, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə Moskvada keçirilən danışıqlar Qarabağ münaqişəsinin yekun həlli və gələcəkdə regionun sülh, rifah əldə etməsinin ilk əlamətidir. Ekspertin fikrincə, buna mane olan istənilən qüvvəyə qarşı Rusiya da çıxacaq. Çünki Kreml burada nüfuzunun da mübahisə mövzusu ola biləcəyini yaxşı başa düşür: “Fikrimcə, Moskva prosesin irəli getməsində indi daha maraqlıdır. Buna əngəl olmaq istəyənlərə də imkan verməyəcək. Digər tərəfdən, istənilən danışıqlar heç nə etməməklə müqayisədə daha yaxşıdır. Lakin burada da bu və ya digər yığılmış problemlərin qəti qərarlarla həllinə tələsmək lazım deyil. Güman edirəm ki, ilk növbədə, kənara çıxılması mümkün olmayan əsas parametrlər qurulmalıdır”. Onun sözlərinə görə, belə bir görüş sayəsində rəsmi Moskva hərbi əməliyyatların dayandırılmasına dair bir müqavilənin imzalanmasına töhfə verən və sülhməramlıları bölgəyə gətirən bir ölkə olaraq nizamlanmada lider rolunu qoruyur: “Fikrimcə, Rusiya bölgədəki təsirinin artdığını görməkdə maraqlıdır. Eyni zamanda, Kreml dərk edir ki, maraqların tam bir konsensusu üçün bölgənin inkişafında birbaşa maraqlı olan ölkələrin – Türkiyə və İranın fikirlərini nəzərə almaq lazımdır. Rusiya prezidenti Vladimir Putin təcrübəli liderdir. O, hazırda Ermənistanın kifayət qədər zəif olduğunu və bölgənin xaosa sürüklənməsində maraqlı olan qüvvələrin təsirinə məruz qaldığı üçün regionda çox təhlükəli olduğunu başa düşərək, mövcud danışıqlarda tələsik nəticələrə yol vermir. Prosesə əngəl olanları da neytrallaşdırmağın yolunu yaxşı bilir”. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın istədiyi qalıcı sülhün mövcudluğunda böyük qüvvələr də maraqlıdır və regionun təhlükəsiz inkişafı bundan keçir.
Şərtləri yenə Bakı diqtə edir...
Hesab edilir ki, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin Moskva görüşü Qarabağ məsələsinə dair yekun razılaşmada yeni bir mərhələ açacaq. Özü də bu mərhələdə şərtləri diqtə edən əsas tərəf yenə Azərbaycan olacaq. Bunu şərtələndirən ümdə səbəblərdən biri də məlum 44 günlük müharibənin nəticələridir. MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri Aleksandr Markarov da prosesləri bu prizmadan şərh edir: “Səbəblər çox sadədir. Ermənistanın baş naziri Nikol Paşinyanın "postmüharibə" dövründə manevr imkanları məhduddur. Müharibədən sonrakı dövrdə imzaladığı sənədin məzmununa görə və Ermənistan-Azərbaycan sərhədlərinin noyabrın 9-dan sonra düşdüyü real vəziyyətdən sonra Paşinyanın manevr etmək imkanı kifayət qədər məhduddur". Onun sözlərinə görə, erməni nazir bu dar imkanlar çərçivəsində fəaliyyət göstərməyə məhkumdur: " Paşinyanın faktiki olaraq inhisara aldığı hakim dairə bu məsuliyyəti yaranmış situasiyada regional infrastruktur imkanlarının inkişafı baxımından minimal da olsa hansısa dividendlər əldə etmək imkanı kimi təsvir edirsə, müxalifət olanları neqativ məcrada görür. Baş nazirə qarşı olan qüvvələr ölkənin qarşısında suverenitetin qorunması, müxtəlif təhlükəsizlik elementləri baxımından şərh edir. Amma məsələ həm də bundadır ki, müxaifət də lazımı resursa malik deyil. Yəni Ermənistan bütün cəbhələrdə Azərbaycana uduzur".
Ölkəmizin düşmən qarşısında bu üstünlükləri isə səbəbsiz deyil. Azərbaycanın bu siyasi qələbənin qazanılmasında hərbi uğurları müstəsna rol oynayır. Eyni zamanda, Azərbaycan regionun iqtisadi güc mərkəzi qismində də çıxış edir. Azərbaycanın təşəbbüsləri təkcə onun özünün maraqlarını təmin etmir, bir çox ölkələrin də iqtisadi istəyini təmin edir, o cümlədən region ölkələrinin inkişafına mühüm təsir göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində və Qarabağ məsələsində daha sıx dəstək qazanmasında vacib rol oynayır.
Digər tərəfdən onu da xatırlamaq zəruridir ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan indiki qələbəsinə nail oldu. Bu gün məhz əvvəldən qurulan etibarlı zəmin Azərbaycana Qarabağ məsələsində öz şərtlərini diqtə etməyə imkan verir. Bütün bunlar o deməkdir ki, Azərbaycanın qələbəsi davamlı xarakter daşıyır və Bakı ərazi bütövlüyü məsələsində istəyinə nail olur. Bu, qarşıdakı dövr ərzində Azərbaycanın regionda mövqeyinin də daha güclü hala gəlməsinə lazımı şərait yaradan mühüm faktorlardan sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.