“...Aydın şəkildə sezilir ki, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionumuzda yaranmış yeni reallıq bir çox siyasi dairələri narahat edir və onlar bununla barışa bilmirlər. Təəssüf doğuran bir haldır ki, UNESCO da ya məqsədli şəkildə, ya da bilməyərəkdən bu proseslərə cəlb olunub. UNESCO rəhbərliyi bu siyasətdən əl çəkməlidir. UNESCO hökumətlərarası bir təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv və qərəzsiz surətdə həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini irəlilətməklə məşğul olmamalıdırlar. UNESCO hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır”.
Bu fikirləri “AzərTAC”a müsahibəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, UNESCO rəsmiləri ayrı-ayrı dövlətlərin əlində alət olmamalı, vətəndaşı olduqları ölkələrin mənafeyindən çıxış etməməlidirlər.
Belə təhlükə nə qədər realdır?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmələri doktoru Vaqif Abışov hesab edir ki, UNESCO-nun Azərbaycana qarşı ayrıseçkilik göstərməsi faktdır. V.Abışovun sözlərinə görə, UNESCO heç zaman Azərbaycana münasibətdə obyektiv olmayıb və bu quruma hər zaman bəzi dövlətlər təsir göstərirlər. “Çox təəssüflər olsun ki, başqa beynəlxalq təşkilatlar kimi UNESCO tərəfindən də uzun illərdir Azərbaycana münasibətdə ayrıseçkiliyə yol verilib. Baxmayaraq ki, 27-30 il ərzində Azərbaycan UNESCO-ya ermənilərin ərazilərimizdə saysız vandalizm aktı törətmələri ilə bağlı rəsmi məlumatlar verib, bu faktın araşdırılması, qiymətləndirilməsi üçün müraciətlər edib. Lakin bu qurumda təmsil olunan ayrı-ayrı ölkələrin nümayəndələri, anti-Azərbaycan qüvvələri UNESCO-nun Azərbaycana obyektiv yanaşmasına əngəl olublar. UNESCO üzərində bəzi dövlətlərin, o cümlədən də həmişə ermənpərəst mövqeyi ilə seçilən Fransa hökumətinin təsirləri var, erməni lobbisinin də bu qurumun işinə müdaxilə etməsi aşkar görünür. UNESCO-da başqa dövlətlərin maraqlarına xidmət edən, hansısa qüvvələrin əlində alətə çevrilən məmurlar olmasaydı, bu təşkilat Azərbaycana qarşı ikili standartlar, yanaşmalar sərgiləməzdi. Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlar kimi, UNESCO-nun da məmurlarının, rəsmi şəxslərinin ayrı-ayrı dövlətlərin, eləcə də öz ölkələrinin mövqeyindən çıxış etdiyi gizlin deyil. Sözsüz ki, bəzi UNESCO məmurları, vəzifəli şəxsləri xaricəki erməni lobbisinin təsiri altındadırlar. Belə olmasaydı, indiyə qədər bu qurum ölkəmizin müraciətlərinə laqeyd yanaşmazdı. Heç bir beynəlxalq təşkilat, xüsusən də UNESCO kimi bəşəriyyətin maddi-mədəni irsini qorumağa məsul olan qurum başqa ölkələrin, bəzi qaraniyyətli qüvvələrin əlində alətə çevrilməməlidir. UNESCO imkan yaratmamalıdır ki, təmsilçiləri, məmurları kimlərinsə, hansı ölkələrinsə təsiri altına düşsün, onların əlində alətə çevrilsinlər. Əgər bu qurumun hansısa bir məmuru yanlış addım atırsa, ona qarşı tədbirlər görülməlidir”.
V.Abışov hesab edir ki, Azərbaycan rəsmilərinin UNESCO-ya yönəlik fikirləri tamamilə həqiqəti əks etdirir. Ekspertin sözlərinə görə, bəlkə bundan sonra UNESCO indiyə qədər Azərbaycanla bağlı atdığı xoşagəlməz addımları dayandıra və obyektivlik nümayiş etdirə: “UNESCO barədə Azərbaycan rəsmilərinin səsləndirdiyi fikirlər şübhəsiz ki, həqiqəti əks etdirir və bu qurumun daxilindəki münasibəti üzə çıxarır. Bilirsiniz ki, cənab Prezident Zəngilana səfəri zamanı dağıdılmış Zəngilan məscidinin qarşısından beynəlxalq təşkilatlara, o cümlədən də UNESCO-ya müraciət edib dedi ki, görün, ermənilər Azərbaycan məscidlərini nə kökə salıb, onlar bizim dini inanc yerlərimizi dağıdıb, təhqir edib, abidələrimizə qarşı vandalizm törədiblər. Cənab Prezident bu fikri söyləməklə beynəlxalq təşkilatların ikiüzlü siyasət yürütdüyünü ortaya qoydu. Hikmət Hacıyevin də fikirləri tamamilə reallığı əks etdirir. Düşünürəm ki, UNESCO artıq özünün uzun illərdir sərgilədiyi ermənipərəst mövqeyi nəhayət anlayacaq. Dağıdılan Azərbaycan irsidir, kəndləri, şəhərləridir, dağıdan isə Ermənistandır, faşist ermənilərdir. Bəlkə indən sonra UNESCO bunları görüb qiymətləndirə bildi. Amma inanmıram. Nə qədər ki, UNESCO-nun daxilində ermənipərəst qruplar var, nə qədər bu qurumdan öz məkrli məqsədləri üçün istifadə edən dövlətlər var, nə qədər onun məmurları kimlərinsə əlində alət olacaq, UNESCO obyektivlik göstərə bilməyəcək” - deyə V.Abışov qeyd etdi.
Ekspert onu da bildirdi ki, Azərbaycanın həyata keçirdiyi davamlı xarici siyasət nəticəsində ölkəmizə qarşı təzyiq göstərən qüvvələr tədricən sıradan çıxmağa başlayır. O hesab edir ki, yaxın gələcəkdə Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində UNESCO-dakı anti-Azərbaycan qüvvələrini də neytrallaşdırmaq mümkün olacaq, hələlik isə bu qurumun tərkibində belə şəxslər var.
İradə SARIYEVA