Məlum olduğu kimi, 44 günlük şanlı Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi. Dağlıq Qarabağla bağlı illərdir mövcud olan status-kvoya son qoyuldu.
Təmas xətti aradan qaldırıldı. 44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Lakin İrəvanda unudurdular ki, artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilən, dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb.
Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə zəif Ermənistan ordusu cəmi bir neçə günün içərisində ağır zərbələrə məruz qaldı. Müharibəni davam etdirə bilməyəcəyini anladı və təslim oldu.
Ermənilər bu dəfə yanıldılar
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanıldılar. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub oldu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində antiterror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.
Məğlubiyyətə baxmayaraq, diversiya cəhdləri edirlər
Ermənistan ordusunun ciddi məğlubiyyətə uğramasına baxmayaraq, son vaxtlar Qarabağda atəşkəsin pozulmasına və diversiyaların törədilməsinə cəhdlər edilir. Dekabrın 27-də Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Ermənilərin hücumu nəticəsində 1 nəfər hərbi qulluqçumuz şəhid olub, 1 nəfər isə yaralanıb. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin 6 üzvü məhv edilib. Müdafiə Nazirliyi bəyan edib ki, bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.
Hansısa qüvvələr həll olunmuş münaqişəni yenidən alovlandırmaq istəyirlər
Məlumat üçün qeyd edək ki, bundan əvvəl də ermənilər bu hərəkəti etdilər. 10 noyabr atəşkəs razılaşmasından sonra noyabrın 26-da ermənilərin törətdikləri təxribat nəticəsində 3 nəfər hərbi qulluqçumuz şəhid edildi. Nəticədə xüsusi təyinatlı əsgərlərimizin Hadrut və Xocavənd ətrafında keçirdikləri əməliyyatlar nəticəsində çoxsaylı erməni diversantı zərərsizləşdirildi. Onların içərisində əsgərlərimizin əsir alınması zamanı onlara qarşı işgəncə verənlər təsbit olunub, Azərbaycan məhkəmə orqanları tərəfindən saxlandılar. Üstəlik, burada bir nüans da var. Erməni diversantlarını əsir götürən zaman onların əksəriyyətinin videoları əsgərlərimiz tərəfindən çəkilib, sosial mediada yayıldı. Diqqətçəkən məqam odur ki, diversantların geyimləri yeni idi, saç-saqqalları kir-pas içində deyildi. Bu isə onu deməyə əsas verir ki, onlar hərbi əməliyyatlar zamanından aylarla meşələrdə qalan əzilmiş, üzgün erməni əsgərlərinə bənzəmirlər. Onlar əraziyə yenicə sızmış, xüsusi plan üzrə göndərilmiş diversantlar idilər. Bu isə belə versiyalar irəli sürməyə əsas verir ki, hansısa qüvvələr həll olunmuş münaqişəni yenidən alovlandırmaq istəyirlər. Məsələ ondadır ki, 10 noyabrda tərəflər arasında razılaşma əldə edilib. Razılaşma nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarılıb. Tərəflər razılaşmadan sonra əsirləri dəyişiblər. Belə olan halda, bu cür təxribatların haradan qaynaqlanması maraq doğurur. Yeri gəlmişkən, rəsmi İrəvanı təmsil edənlər açıqlama verdilər ki, o silahlıların Ermənistan ordusuna dəxli yoxdur.
Rusiya MN-in məlumatında atəşkəsin kim tərəfindən pozulması ilə bağlı konkretlik yoxdur
Bu arada Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda yerləşən Rusiya sülhməramlılarının Hadrutdakı atışma ilə bağlı məlumatları yoxlayacağı barədə bəyanatla çıxış edib. Bununla yanaşı, Rusiya hərbi idarəsinin məlumatına görə, bütün təmas xəttində atəşkəs rejiminə əməl edilir. Maraqlıdır ki, Rusiya MN-in məlumatında atəşkəsin kim tərəfindən pozulması ilə bağlı konkretlik yoxdur. Qurum ümumi ifadələrlə kifayətlənərək məsələnin araşdırılacağını bəyan edib. Başqa bir diqqətçəkən məqam odur ki, bu bəyanat Azərbaycan Müdafiə Nazirliyinin altı erməni hərbçisindən ibarət qrupun məhv edildiyini açıqlamasından 10 saat sonra yayılıb. Azərbaycan tərəfi açıqlama yayandan dərhal sonra sosial şəbəkələrdə ermənilərin Dağlıq Qarabağda partizan müharibəsinə başlaması ilə bağlı müzakirələr başladı. Həqiqətən, axı bu, azad edilmiş ərazilərdə Azərbaycan hərbçilərinə ilk hücum hadisəsi deyil. Azərbaycan hərbçiləri Qarabağ meşələrində gizlənmiş erməni yaraqlılarını əvvəllər də dəfələrlə məhv edib, əsir götürüblər.
Ermənilərin Qarabağda partizan müharibəsi aparmaq imkanı yoxdur
Lakin Qarabağın dağlıq hissəsində partizan müharibəsinin başlanması ehtimalı çox azdır. Ona görə ki, adətən, partizan müharibəsi olduqca böyük ərazilərdə aparılır. Hansı ki, dövlətin həmin ərazilərə tam nəzarət etmək imkanı olmur. Qarabağda isə partizan müharibəsi üçün bu şərait yoxdur. Çünki coğrafi baxımdan ərazi kiçikdir. Üstəlik, hər tərəfdən Azərbaycan Ordusu tərəfindən əhatəyə alınıb. Başqa bir tərəfdən, partizan müqaviməti yalnız yerli əhalinin dəstəyilə yaranır və inkişaf edir. Mülki əhali isə azad edilmiş əraziləri tərk edərək Ermənistana köçüb. Bununla yanaşı, erməni separatçılarının, elə Ermənistanın özünün indiki fəlakətli sosial-iqtisadi vəziyyətini nəzərə alsaq, ikinci müharibədə hərbi məğlubiyyət fonunda yeni müqavimət ocaqlarının yaranmasından danışmaq, hər halda, yaxın aylarda mümkün deyil. Çünki sözügedən müharibədə Ermənistan ordusuna məxsus olan döyüş texnikasının böyük hissəsi məhv edilib. Həmçinin, düşmənin çoxsaylı canlı qüvvəsi sıradan çıxarılıb. O cümlədən, məğlubiyyət nəticəsində Ermənistan cəmiyyətində, ordusunda dərin mənəvi böhran yaranıb. O baxımdan, Ermənistanın buna yetərincə resursu yoxdur.
Erməni tör-töküntüləri bu təxribatı törədə bilər
Belə məlumatlar da var ki, dekabrın 27-də məhv edilən bir qrup yaraqlı, həmçinin, əvvəllər əsir götürülmüş silahlı şəxslər Azərbaycan Ordusunun hücumu zamanı mühasirədən çıxa bilməyən erməni hərbçilərinin ayrı-ayrı qruplarıdır. Bu qruplar Qarabağ meşələrində və Azərbaycan qoşunlarının işğaldan azad etdiyi yaşayış məntəqələrində gizləniblər və bu gün də gizlənirlər. Azərbaycan Ordusu sürətlə irəliləyirdi və əsas qüvvələrdən qopan bir qrup erməni əsgəri əsas qoşun qruplarına qoşulmağa macal tapmayıb. Bundan başqa, Ağdam cəbhəsi istiqamətində qruplardan biri tamamilə təcrid olunmuş vəziyyətdə qalıb ki, bu da onun mühasirəyə düşməsi və tamamilə məhv edilməsi təhlükəsi yaradırdı. Vəziyyətin çıxılmaz olduğunu anlayan erməni təxribatçı qruplarının bir hissəsi tərk edilmiş evlərdə, eləcə də meşə və dağlarda inşa edilmiş yeraltı qazıntılarda gizləniblər. Güman edilir ki, həmin yaraqlılar Azərbaycan hərbçilərinə hücum etməyə çalışırlar. Azərbaycan tərəfinin bu yaraqlıların tərksilah olması ilə bağlı çoxsaylı təklifini, sadəcə, nəzərə almırlar. Bunu Ermənistan tərəfinin bəzi mənbələri də təsdiq edirlər. Deyirlər ki, mühasirədən çıxa bilməyən erməni əsgərləri belə halların baş verməsinə şərait yaradır. Beləliklə, ermənilərin Dağlıq Qarabağda partizan müharibəsinə başlaması ilə bağlı bütün söhbətlər tam əsassızdır. Gizlənən ayrı-ayrı erməni əsgər qruplarına gəldikdə isə, onların taleyi aydındır: ya əsir düşəcək, ya da növbəti antiterror əməliyyatı zamanı məhv ediləcəklər. Qarabağın dağlıq hissəsindəki özünümüdafiə qüvvələrinin acınacaqlı durumu yeganə alternativsiz həll yolunu tələb edir. Yəni Dağlıq Qarabağda nə qədər silahlı erməni qüvvəsi varsa, onlar oranı tərk etməlidirlər. Vacib həll yolu bundan keçir.
Bütün bunların fonunda maraqlıdır, Qarabağda baş verən təxribatlar Ermənistan tərəfdən idarə olunan diversiyadır, yoxsa nəzarətdın kənarda qalan hərbçilərin özfəaliyyəti?
Törədilən təxribatlar əvvəlki klan tərəfindən idarə olunur
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, bu daha çox idarə olunan diversiyaya bənzəyir: “Hesab edirəm ki, bunun kökü Ermənistandakı revanşist qüvvələrə və onları himayə edən xarici dairələrə gedib çıxır. Hansı ki, onlar heç cürə Ermənistanın məğlub olmasını həzm edə bilmirlər. Qisas almaqdan ötrü müxtəlif provokasiya xarakterli təxribatlara əl atırlar. Burada söhbət əsasən “Qarabağ klanı” tərəfdarlarından və radikal millətçi qüvvələrdən gedir. Məsələ ondadır ki, Paşinyan əvvəlki klana yaxın olanları ordudan uzaqlaşdırsa da, onların təsir imkanını tam aradan qaldıra bilməyib. “Qarabağ klanı”nın Ermənistan ordusuna təsir imkanları daha çoxdur. Məlum məğlubiyyətdən sonra onların bu yöndə imkanları bir qədər də artıb. Çünki Paşinyan məğlubiyyətdən sonra elə bir acınacaqlı durumdadır ki, bununla bağlı hər hansı təsirli tədbirlər görmək iqtidarında deyil. O baxımdan çox güman ki, Azərbaycan Ordusuna qarşı törədilən təxribatlar əvvəlki klan tərəfindən idarə olunur. Nəzərə almaq lazımdır ki, sözügedən klan Qarabağ müharibəsi dalğasında 1998-ci ildə Ermənistanda hakimiyyəti ələ keçirdi. Onların uğur qazanmasının səbəbi Qarabağın işğalına nail ola bilmələri idi. Bu “qəhrəmanlar” məhz bu amildən siyasi kapital kimi məharətlə istifadə edib Levon Ter-Petrosyanı devirdilər. Bir məqamı unutmaq olmaz ki, Ermənistanda bu qüvvələri xaricdən himayə edən dairələr var. Bu, əvvəl də belə idi, indi də belədir. Sadəcə, “Qarabağ klanı”nı təmsil edən qüvvələrin Ermənistan cəmiyyətində nüfuzu çox aşağıdır. Çünki onların hakimiyyəti Ermənistana yoxsulluq, korrupsiya, yerlibazlıq, kriminal problemlər gətirib. O üzdən, erməni cəmiyyəti onlara stavka etmir. Buna baxmayaraq, onlar bu kimi təxribatlara getməklə yenidən nüfuz qazanmaq istəyirlər”.
Siyasi ekspert hesab edir ki, revanşist qüvvələr bununla nəyəsə nail ola bilməyəcəklər. Ən azından ona görə ki, indiki vəziyyət, 90-cı illərdəki vəziyyət deyil.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.