Ermənistan prezidenti Armen Sarkisyan keçirdiyi son toplantılardan birində ölkəsi ilə bağlı olduqca bədbin notlarda danışıb. Maraqlıdır ki, Sarkisyan ölkəsinin rəzil duruma düşməsinin əsl səbəbləri barədə geniş məlumat verməyib. Daha doğrusu, ölkəsinin işğalçılığını qınamaq əvəzinə, itirilən mövqelərə görə təəssüfləndiyini bildirib. Bütün bunların fonunda maraqlı bir açıqlama da verib ki, “hələ müharibə tam bitməyib”.
Maraqlıdır ki, Ermənistan prezidenti bir tərəfdən ölkəsinin dizüstə çökdüyünü deyir, digər tərəfdən müharibənin hələ bitmədiyinə dair yalnış rəy yaratmağa çalışır. Bu ziddiyyəti nə ilə izah etmək olar?
“Bütün bunlar publikaya hesablanmış əsası olmayan fikirlərdi”
Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə fikirlərin hamısı Ermənistanın daxili auditoriyası üçün hesablanıb: “Ermənistan dərin psixoloji böhran içindədir. Onlar postmüharibə dönəminin ağırlığını daşıya bilmirlər. Prezidentin çıxışını mən tam izlədim. Açıq etiraf edir ki, ölkə həm iqtisadi, həm psixoloji, həm də hərbi cəhətdən məhv olur. Sarkisyanın elə həmin çıxışındakı ordu ilə bağlı səsləndirdiyi fikirlərə diqqət edək: “26 il bundan əvvəl bizim güclü ordumuz var idi. Bu dövr ərzində Azərbaycan bu istiqamətdə böyük güc sərf edib, müasir texnologiyalar tətbiq edib, Ermənistan isə arzusunu reallıq kimi qəbul edib. Ermənistan deyir güclü ordusu var, amma reallıqda isə bu yoxdur”.
Bu etirafdan sonra müharibənin hələ bitmədiyini demək ziddiyyətdən başqa nəsə deyil. Görünür, prezident bunu deməklə, gələcəkdə qisas planlarının da olduğunu bildirmək istəyir. Zatən biz bilirik ki, ermənilər kinli və məkrli millətdir, bütün mövcudluqları boyu bizimlə düşmənçilik aparıblar və aparacaqlar. Ancaq yaxın bir neçə 10 illiklər ərzində onların ayaqda dura bilməsi belə sual altındadır, nəinki yenidən müharibə etməsi. Sarkisyan hakimiyyəti ələ keçirmək istədiyi üçün belə açıqlamalar verir ki, güya Paşinyanın buraxdığı səhvləri düzəltəməyi düşünür. Bütün bunlar publikaya hesablanmış əsası olmayan fikirlərdi. Müharibədən dərhal sonra biz nəyin şahidi olduq? Erməni yüksək rəsmiləri açıq etiraf edirdilər ki, əsgər və zabitləri döyüşə göndərə bilməyiblər. Orduda fərarilik, tabesizlik baş alıb gedir. Erməni cəmiyyəti də bu acı məğlubiyyətdən sonra müharibəni qəti istəmir”.
Ekspertin sözlərinə görə, ermənilər bir millət kimi tam məhv olmaq yolunu tuturlarsa, bir daha müharibə etmək fikrinə düşsünlər: “Bir faktı da deyim ki, əgər ermənilər üzərlərinə götürdükləri öhdəlikləri lazımi şəkildə yerinə yetirməyəcəklərsə, müharibə onlar üçün doğrudan da bitməyəcək”.
Məhəmmədəli QƏRİBLİ