44 günlük Vətən savaşı xalqımızın ürəyində böyük coşğu, yüksək əlval-ruhiyyə yaradıb. Əvvəllər Rusiyanın köçürmə siyasəti, sonra da rus-erməni qoşunlarının Qarabağı işğal etməsi nəticəsində yurd-yuvalarına həsrət qalan soydaşlarımız indi oraya getmək üçün can atırlar. Azad olunan ev-eşiklərini səbrsizliklə gözləyirlər. İşğaldan azad olunan Qarabağ torpaqlarına tək qarabağlılar deyil, başqa bölgələrin sakinləri də getmək, orada yaşamaq istəyirlər.
Təbii ki, həmin ərazilərdə təhlükəsizlik təmin edildikdən sonra infrastruktur bərpa ediləcək. Daha sonra Qarabağa böyük qayıdış başlayacaq.
Qeyd edək ki, Qarabağa qayıdışın könüllülük prinsipi əsasında aparılacağı bildirilmişdi. Maraqlıdır, belə olan halda, Qarabağ sakini olmayan Azərbaycan vətəndaşlarının da həm iqtisadiyyatı dirçəltmək, həm də Bakının yükünü azaltmaq üçün oraya köçürülməsi mümkündürmü?
“Torpaqların azadlığı uğrunda döyüşən əsgərlər, qazilər və şəhid ailələri həmin ərazilərdə yaşaya bilərlər”
Məsələ ilə bağlı fikir bildirən sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, bu, təkcə dövlətin görəcəyi bir iş deyil, vətəndaşların da razılığı olmalıdır: “Hökumət nə məcburi köçkünləri, nə də digər vətəndaşlarımızı oraya köçməyə məcbur edə bilər. Bu, insan hüquqlarının pozulması olar. Amma stimullaşdırıcı addımlar atıla bilər. Məsələn, Qarabağda onlara ev verə bilərlər, həmçinin, orada çalışanların əməkhaqqı çox ola bilər. Dünya praktikasında bu var. Təhlükəli zonada işləyən əhalini evlə təmin edirlər, maaşları da digərlərinin maaşından 30-40 faiz çox olur. Hökumət bu üsulları tətbiq edərək əhalinin işğaldan azad olunan ərazilərdə məskunlaşmasını rahatlıqla təmin edə bilər”.
Həmsöhbətimiz hesab edir ki, torpaqların azadlığı uğrunda döyüşən əsgərlər, qazilər və şəhid ailələri həmin ərazilərdə yaşaya bilərlər: “Onlar orada döyüşüblər, yaxın dostlarını itiriblər. Döyüş yoldaşı mənəvi baxımdan hətta övladdan da yaxındır. Çünki əsgər həmin an düşünür ki, ölsə, döyüş yoldaşı onu oradan çıxaracaq. Qarabağda əhalinin yaşayışı üçün hər bir şərait hazır olandan sonra o torpaqlarda döyüşənlərə və şəhid ailələrinə də torpaq, mənzil verilməlidir. Həmçinin, həmin ailələrə də güzəştlər təbiq edilməlidir ki, rahat yaşaya bilsinlər”.
Ekspertin sözlərinə görə, Qarabağda tək qarabağlılar deyil, başqa bölgələrdən olan vətəndaşlar da yaşaya bilərlər. Onların həmin ərazidə yaşaması və iş qurması üçün dövlət tərəfindən müəyyən dəstək göstəriləcək.
Günel CƏLİLOVA