Ermənistanın 44 günlük müharibədə uğradığı ağır məğlubiyyət hələ də bu toplumun ağlını başına gətirməyib, onlar bundan nəticə çıxarmayıblar. Düşmən ölkənin siyasi rəhbərliyi məğlubiyyətini etiraf edərək üçtərəfli bəyanata qol çəksə də, kapitulyasiya aktını imzalasa da, erməni separatizminin başında duranlar yenə də dinc durmaq istəmir, yeni təxribatçı bəyanat və çağırışlarla məşğul olurlar.
Ermənistan katolikosu Qareginin hələ səsi çıxmasa da, onun əvəzinə Kilikiya katolikosu 1-ci Aram din xadiminə yaraşmayan davranışlara, çağırışlara başlayıb.
Erməni mətbuatının yazdığına görə, 1-ci Aram məsuliyyətsiz açıqlamalar verir, erməniləri Azərbaycan torpaqlarını yenidən işğal etmək üçün səfərbər olmağa çağırır. Bu azmış kimi, 2021-ci ili dünya erməniləri üçün “Artsax ili” “elan edib”.
“Xam xəyala düşən 1-cı Aram hələ anlamaq istəmir ki, qondarma, mifik “Artsax” yoxdur”
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin erməni araşdırmaları elmi-tədqiqat və tədris mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 1-ci Aramın Kilikiyada oturub erməni separatizmini alovlandırması, bütün beynəlxalq konvensiyalara, başlıcası isə sülhə zidd bəyanatlar verməsi qəbuledilməzdir. 1-ci Aramın zaman-zaman Ermənistanın dövlət siyasətinə müdaxilə etdiyini deyən İ.Tanrıverdinin sözlərinə görə, hətta o, Ermənistan prezidentlərinə, siyasi rəhbərlərinə də göstərişlər verir. “1-ci Aramın Kilikiyadan bu cür çağırışlar etməsi, erməniləri yenidən toparlanmağa, Azərbaycan torpaqlarını işğal etməyə çağırması həm din xadiminə yaraşmayan hərəkətdir, həm də separatizmə açıq dəstək verilməsidir. 1-ci Aram dünyanın gözü qarşısında separatçı çıxışlar edir, Ermənistan hökumətini, erməni xalqını yenidən silahlanmağa çağırır, bununla kifayətlənməyən üzdəniraq dini lider ermənilərə “təsəlli olsun” deyə, 2021-ci ili dünya ermənilər üçün “Artsax ili” “elan edir”. Xam xəyala düşən 1-cı Aram hələ anlamaq istəmir ki, qondarma, mifik “Artsax” yoxdur, məhv edilib, Qarabağ problemi həll olunub. 1-ci Aramın bu hərəkəti qudurğanlıqdır, həddini aşmaqdır, bütün qanunları, beynəlxalq konvensiyaları çeynəyib tapdamaqdır. Kilikiyada oturub Ermənistan rəhbərliyinə, ermənilərə göstəriş verir, onları separatçılığı dayandırmamağa təhrik edir. Livanda yerləşən Kilikiya kilsəsində oturur və başqa bir ölkənin xalqını öz qonşularının torpaqlarını işğal etmək üçün səfərbər olmağa çağıran bir “dini lider”dən və onun çağırışına cavab verən toplumdan nə gözləmək olar? Ancaq məkr, separatizm, işğalçılıq.
Bu, ilk növbədə, ermənilərin günahıdır ki, zamanında özlərinə düzgün dini lider seçə bilməyiblər. Həmin o üzdəniraq dini liderlər də onları istədiyi kimi yönəldir, onlara istədiyi yanlış hərəkəti etdirir.
Ermənistanda, ümumiyyətlə, kilsə hər şeyə qarışır, hətta kimin prezident, kimin baş nazir olacağını da kilsə müəyyən edir.1-ci Aram həmişə Ermənistanda dövlət siyasətinə qarışıb, onu yönləndirib. O utanmadan, qızarmadan, heç bir məsuliyyət hiss etmədən 2021-ci ili “Artsax ili” elan edib. Bu nə deməkdir? Hesab edirəm ki, xristian aləmi də bu məsələyə biganə yanaşmamalıdır. Bu çağırışın mənasını hər kəs bilir, ona görə də dərin izaha ehtiyac yoxdur”.
Bir müddət əvvəl dünyadakı erməni qriqoryan kilsəsinin iki əsas mərkəzindən biri - Livanda yerləşən və 1-ci Aramın rəhbərlik etdiyi Kilikiya kilsəsinin Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırdığını xatırladan İ.Tanrıverdi qeyd etdi ki, ancaq Paşinyan hakimiyyətə gəldiyi ilk dövrlərdə onun başına “sığal çəkən”lərdən biri 1-ci Aram olub. “1-ci Aram Sarkisyanın prezidentliyi dövründə Ermənistana gəlmişdi və həmin səfəri zamanı Sarkisyanı ciddi şəkildə tənqid etmişdi. Sarkisyan deyirdi ki, 40 il sonra Ermənistandakı ermənilərin sayı 4 milyona çatacaq. 1-ci Aram da ona cavab vermişdi ki, sən 40 il sonra yaşayacaqsan, belə sərsəm fikirlər bildirirsən? Paşinyan hakimiyyətə gələndə 1-ci Aram onu möhkəm dəstəkləyirdi. Amma 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinə görə 1-ci Aram Paşinyandan da üz döndərdi. Kilikiya katolikosu 1-ci Aram Paşinyanın istefa verməsi və parlamentin müvəqqəti baş nazir seçməsi tələbi ilə müraciət yaydı. Deyim ki, Livanın paytaxtı Beyrut şəhərində yerləşən və Ermənistan ərazisindəki Eçmiədzin (Üçkilsə) kilsəsindən sonra 2-ci ən böyük dini mərkəz hesab edilən Kilikiya kilsəsinə 20-dən çox kilsə tabedir.
Hazırda Ermənistanın məğlubiyyəti ilə kilsə heç cür razılaşmır və bu cür separatçı yanaşmalar ortaya qoyulur” - deyə İ.Tanrıverdi qeyd etdi.
İradə SARIYEVA